Fevralın 7-də Heydər Əliyev Sarayında Xalq artisti, müğənni-bəstəkar, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley konserti təşkil olunub.
Tədbirdə tanınmış elm, mədəniyyət incəsənət xadimləri, hökumət və dövlət nümayəndələri, habelə ictimaiyyətin üzvləri iştirak ediblər.
Əvvəlcə tamaşaçılar Polad Bülbüloğlunun ifa etdiyi mahnılardan ibarət videoçarxı izləyiblər.
Tədbirin aparıcısı Emin Musəvi yubilyarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri haqqında məlumat verib. Bildirilib ki, bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə, Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib.
Qeyd edilib ki, onun musiqi mədəniyyətimizə bəxş etdiyi “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Dolalay”, o cümlədən kinofilmlərə yazdığı digər mahnıları, simfonik orkestr əsərləri bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır.
Xalq artistinin ictimai xadim kimi fəaliyyəti haqqında danışan aparıcı söyləyib ki, o, həm Mədəniyyət naziri kimi, həm də səfir kimi Azərbaycanın mədəniyyətinin inkişafı və inteqrasiyasında çox böyük xidmətlər göstərib.
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Polad Bülbüloğlunun yaradıcılığının özəlliyindən söz açan M.Şvıdkoy, onun hələ gənc yaşlarından qeyri-adi istedada malik olduğunu bildirib. O söyləyib ki, Polad Bülbüloğlunun ifasında səslənən bütün mahnılar sevilə-sevilə dinlənilib və bu gün də dinlənilir.
Polad Bülbüloğlunu 75 illiyi münasibətilə bir çox dövlət başçıları və digər yüksəkvəzifəli şəxslərin təbrik etdiyini deyən M.Şvıdkoy, onu bu konsertə Xalq artistinin Rusiyadan olan çoxmilyonlu dinləyici və pərəstişkarının göndərdiyini bildirib. O, Rusiya Prezidenti Vladimir Putinin Polad Bülbüloğlunun xalqlarımızın həyatında çox böyük rol oynaması ilə bağlı fikirlərini diqqətə çatdırıb. Vurğulayıb ki, Vladimir Putin Polad Bülbüloğlunun ifaçılığını hər zaman yüksək qiymətləndirib.
Polad Bülbüloğlu tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək deyib: “Xoşbəxtəm ki, fevralın 3-də cənab Prezident İlham Əliyev məni ölkəmizin ən ali mükafatına layiq gördü. Bu mükafat mənim üçün gözlənilməz oldu. Dövlətimizin başçısı mənə çox xoş sözlər dedi. Fürsətdən istifadə edərək dövlətimizin başçısına bir daha təşəkkürümü bildirirəm. Eyni zamanda, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva da məni təbrik edərək xoş arzularını bildirdi. Ona da dərin təşəkkürümü bildirirəm”.
Sonra konsert proqramı təqdim olunub. Konsert çərçivəsində Polad Bülbüloğlu 60-70-ci illərdə səsləndirdiyi mahnılara yenidən müraciət edib. Bir-birindən parlaq ifalar yubiley gecəsinə rəngarənglik qatıb, anşlaqla keçən konsert proqramı maraqla qarşılanıb.
Konserti Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin bədii rəhbərliyi ilə estrada ansamblı müşayiət edib.