Həbs edilən İcra başçısının işində yenilik – Goranboyda da xeyli büdcə vəsaitini ələ keçirib…
Ötən çıxışında İlham Əliyev işsizliyin qarşısını almaq üçün on minlərlə ödənişli ictimai iş yeri yaradılması barədə təşəbbüsündən danışarkən demişdi: “Əfsus ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır”.
Prezidentin dönə-dönə bu məsələnin üzərinə gəlməsi onu deməyə əsas verir ki, həbsdəki icra başçılarının yolu ilə gedən hər kəs dəmir barmaqlıqlar arxasına göndəriləcək.
Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatla Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov həbs olundular. Hazırda həbsdə olan bu məmurlar ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmədə, səhiyyə, təhsil və digər yerli dövlət təsisatlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsini nağdlaşdırmaqda və digər qanunsuzluqlar törətməkdə şübhəli bilinərək həbs alınıblar.
Rəsmi qurumlar həbsdəki icra başçılarının durumu, istintaqın gedişatı ilə bağlı məlumat verməyə tələsmirlər.
Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda o və müavini Ramiz Tatarov, Yevlaxın sabiq başçısı Qoca Səmədovun cinayət əməllərinin araşdırılması davam edir.(qlobal.az)