YAP-çı namizəd Vüqar İskəndərovun suallarla dolu keçmişinə daha bir nəzər

Ötən həftə Aktualinfo.org-un 113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Yapon oğlu İskəndərovun tərcümeyi-halında bir sıra ciddi çatışmazlıqların olduğu barədə araşdırma məqaləsindən sonra redaksiyamıza əlavə məlumatlar daxil olub. Məlumatlarda qeyd edilir ki, deputatlığa namizədin tərcümeyi-halındakı çatışmamazlıqları bütün Şəki sakinləri bilməsə bu şəxsi yaxından tanıyanlar onun həyatını və fəaliyyətini çox yaxşı bilirlər. Yəni, hər şey heç də Vüqar İskəndərovun öz arzu istəyi ilə yazdığı bioqrafiyasında göstərdiyi kimi deyil,əksinədir. Məlumatlara görə reallıqlar tam başqa şeylər deyir.

Məsələn,  Vüqar İskəndərov bioqrafiyasında qeyd etdiyinə görə orta məktəbi bitirdikdən sonra 1991-1992 ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub. Amma qonşuları  ona yaxın olanlar qeyd edirlər ki, Vüqar İskəndərov ümumiyyətlə heç bir ordu ( Sovet ya Azərbaycan) sıralarında xidmət etməyib. Bu məlumatın nə dərəcədə həqiqət olduğunu biz deyə bilmərik, Amma Azərbaycan ordusunda xidmət etmədiyi onun öz bioqrafiyasında qeyd edilib. Yəni, orduda xidmət etmiş olsaydı digər xırda detallar  kimi Vüqar İskəndərov onu da önə çəkmiş olardı. Hətta bir az da qabağa gedərək Qarabağ döyüşlərində iştirak etməsi ilə öyünərdi də. Amma bunun əksinə olaraq Vüqar İskəndərovun tərcümeyi-halında 1993-cü ilin 1 iyunundan 1995 ci ilə qədər Şəkidə, “Məsulİdman Cəmiyyətində karate-do üzrə məşqçi işlədiyi göstərilib. Ötən yazıda qeyd etmişdik, bir daha qeyd edirik. Azərbaycanin ərazi bütövlüyü təhlükə altında olduğu bir vaxtda, deputatlığa namizəd YAP-çının tay– tuşları torpaq uğrunda ordu sıralarında savaşdıqları günlərdə Vüqar İskəndərovun Şəkidə məşqçiliyi kimə lazım olub? 

 Ötən yazıda da qeyd etdiyimiz kimi, Vüqar İskəndərovun tərcümeyi-halındakı uydurduğu ikinci məsələ isə onun təhsili ilə bağlıdır. Vikipediada göstərilən tərcümeyi-hala görə Vüqar İskəndərov1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 

Bu məsələ ilə bağlı rəyini öyrəndiyimiz xaricdə təhsil üzrə ekspert qeyd edir ki, Gürcüstan Respublikasının Laqodexi Elmi Tədris İnstitutunda hüquq ixtisası üzrə 5 il müddətində diplom verilir. Lakin Gürcüstan Respublikası ərazisində yerləşən bütün Ali təhsil ocaqları boloniya sistemi ilə təhsil verir. Bu o deməkdir ki, bu ölkədə qiyabi təhsil yoxdur. Belə olan halda təbii sual yaranır. Cənab Vüqar İskəndərov Şəkidən Laqodexiyə qədər olan 157 km məsafəni hər gün gedib gəlməklə necə təhsil alıb? Çox istərdik Təhsil Nazirliyini bu məsələyə aydınlıq gətirsin. Dövlət Gömrük Komitəsi isə Vüqar İskəndərovun 1996-2001-ci illər ərzində Azərbaycan-Gürcüstan sərhədd keçid məntəqəsini 5 il ərzində neçə dəfə keçməsi barədə məlumat versin. Biz əminliklə deyə bilərik ki, onun diplomu Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsi tərəfindən tanınmayıb və şəhadətnamə verilməyib. Qeyd edək ki,verilən məlumatlara görə sözügedən institutun diplomu bu gün Şimal-Qərb zonasında minlərlə insanda var. Yəni həmin dövrdə heç bir təhsil almadan bu diplomu hər kəsə ala bilirmiş.  Digər tərəfdən özünün də qeyd etdiyi kimi, 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas,  2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın BUX-da hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.    Hətta saxta hüquq diplomunu 2001-ci ilin avqustunda aldığı halda, V.İskəndərov 1999-cu ildən “hüquqşünas” vəzifəsində necə işləmişdir? 

Daha maraqlısı isə Millət Vəkilliyinə namizəd V.İskəndərovun qeyd etdiyi kimi – 1996-cı ildə karate üzrə Dünya üçüncüsü, 2003-cü ildə isə Avropa çempionu olması ətrafındadır. Bu məsələni araşdıranların redaksiyamıza verdiyi məlumata görə faktla bağlı Dünya Karate Federasiyasının təqdim etdiyi siyahıda bu adamın adına rast gəlinməyib.  Məlumatlara görə elə özü də aldığı bu titulları təsdiq edən rəsmi sənədləri hələlik bu günədək heç kimə göstərməyib. 

Redaksiyamıza verilən ən son məlumatlara görə Şəki şəhər 113 saylı  Dairə Seçki Komitəsinin yaxınlığında olan Ziya Bünyadov küçəsindəki lövhədən YAP namizədi olan Vüqar İskəndərovun şəkilləri seçicilər tərəfindən hər gün cırırlmasına baxmayaraq Şəki YAP qərəgahı üzvləri öz namizədlərinin fotoşəkillərini yeniləri ilə əvəzləyirlər. Bu isə o deməkdir ki, şəkililər Vüqar İskəndərovu yaxşı tanıyırlar.Bununla onlar heç nəyi unutmadıqlarını Vüqar İskəndərova dolayısı yollarla başa salmaq istəıyirlər. Lakin Vüqar İskəndərov özünü rəsmi yerlərdə gənc kimi təqdim etməkdə davam edir, Şəkidə gənclər siyasətinin aparıcısı kimi qələmə verir. 1972-ci ildə anadan olmuş, 48 yaşlı gənc kadr rəhbərlik etdiyi Şəki Gənclər və İdman İdarəsinin vasitəsi ilə son illərin dünya və yaxud Avropa idman arenasına hansı şəkilini çıxara bilib? Hələ mükafat demirik,sadəcə idman arenasına çıxarılmasını deyirik. Onun idarəyə rəhbərliyi, Şəkidə gənclərə və idmana göstərdiyi qayğı buradan bəlli olmurmu? Ümumiyyətlə şəkililər bu gün təəccüb içindədirlər. Uzun illərdir Azərbaycan hakimiyyətini təmsil edən Yeni Azərbaycan Partiyası kimi ciddi bir qurum tərəfindən keçmişi suallarla dolu bir şəxsin namizədliyinin irəli sürülməsini şəkililər birmənalı qarşılamırlar. Onlar 200 min əhalisi olan Şəki rayonunda dövlətə və xalqa sədaqətlə xidmət edən minlərlə insan olduğunu bildirirlər. Lakin buna baxmayaraq çeçki günü artıq yaxınlaşmaq üzrədir. Şəkililər 113 saylı dairədən kimi Millət Vəkili seçəcək? Bu da sual altındadır. 

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password