Bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib.
Festival Azərbaycan Respublikası Prezidentinin “2 fevral – Gənclər günü kimi qeyd olunması haqqında” sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.
Açılışdan öncə qonaqlar gənc rəssamların, xalq tətbiqi-dekorativ və tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək bildirib ki, hər il 2 Fevral – Gənclər günü ərəfəsində bütün dövlət müəssisələrində və qeyri-hökumət təşkilatlarında xüsusi tədbirlər keçirilir: “Bu o demək deyil ki, biz yalnız fevralın ikisində gəncləri yada salırıq. Bu tarix ona görə qeyd edilir ki, keçmişə nəzər salaq, problemlər və nailiyyətlərimiz haqqında düşünərək gələcək işlərimizdən bəhs edək”.
Nazir 2020-ci ilin Prezident İlham Əliyevin sərəncamı ilə “Könüllülər ili” elan olunduğunu və könüllülərin böyük əksəriyyətini gənclər təşkil etdiyini vurğulayıb: “Könüllü olmaq şərəfli yol keçmək deməkdir. Könüllülər ilinin elan olunması gənclərə müraciətdir ki, oxuyun və yardıcılıqla məşğul olun. Əminəm ki, gənclər də bu çağırışlara müsbət cavab verəcəklər”.
Daha sonra bir sıra fəal və istedadlı gənclər Mədəniyyət Nazirliyinin Fəxri fəmanı ilə mükafatlandırılıb.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, musiqi məktəblərinin müəllim, tələbə və şagirdlərinin, həmçinin gənc aşıqlardan ibarət konsert proqramı təqdim olunub.
Festival fevralın 5-dək davam edəcək.