AQTA: Koronavirusla mübarizə üzrə “Yol Xəritəsi” hazırlanır

Ümumdünya Heyvan Sağlamlığı təşkilatı (OİE) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni yayılmış “2019 novel koronovirus” (2019-nCoV) virusunun heyvan mənşəli olması qənaətinə gəlib.

Azərbaycan Qida Təhlükəsiliyi Agentliyindən (AQTA) verilən məlumata görə, hazırkı epidemiyanın və əvvəlki illərdə yayılan oxşar MERS (Middle East respiratory syndrome – orta şərq tənəffüs sindromu) və SARS (Severe acute respiratory syndrome – ağır kəskin tənəffüs sindromu) epidemiyalarının yaranmasında heyvanların, heyvan mənşəli məhsulların, o cümlədən balıq və dəniz məhsullarının rolu olduğu artıq öz təsdiqini tapıb.

“Virus ailəsinin adı onun anatomik quruluşu – “tac” fomasında olması ilə əlaqədardır və bu ailəyə daxil olan bir sıra viruslar zoonoz infeksiyaların yaranmasına səbəb olur. Sözügedən virus genetik olaraq bütün digər koronoviruslardan fərqlidir və hazırkı epidemiyanın insanlar arasında daha sürətlə yayılması, xüsusilə diqqəti cəlb etməkdədir.

OİE-nin Elm Komitəsi və Vəhşi heyvanlar üzrə İşçi qrupu birgə tədqiqatlara başlamış və ilkin olaraq, “Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsi”ndə “fövqəladə xəstəliklər” bölməsinin yaradılması və üzv ölkələr tərəfindən “Ümumdünya Heyvan Xəstəliklərinin İnformasiya Sistemi” (WAHIS) vasitəsilə OİE-yə təcili bildiriş təqdim edilməsini tövsiyə edib.

Bununla əlaqədar, artıq ölkəmiz üzv ölkə kimi OİE ilə bu sahədə müzakirələrə başlamış və respublikamızda bu xəstəliyə qarşı aparılan qabaqlayıcı tədbirlər barədə təşkilata mütəmadi məlumatlar veriləcək. OİE və ÜST-ün birgə təşəbbüsü ilə “2019-nCoV” virusunun tədqiq edilməsi və onunla mübarizənin aparılması üçün “Yol Xəritəsi”nin hazırlanmasına başlanıb”, – agentlikdən bildirilib.

Qeyd edək ki, aparılan mübarizə tədbirləri çərçivəsində AQTA tərəfindən infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların (zoopark heyvanları və vəhşi heyvanlar da daxil olmaqla), balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Agentliyin regional bölmələri, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçmişlər. Eyni zamanda, hazırda xüsusi riskli hesab olunan, virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və satış şəbəkələrində nəzarət tədbirlərinin artırılması, köçəri quşların ovlanması və onlardan qida kimi istifadə olunmasına nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qurumlarla birgə tədbirlər həyata keçirilməkdədir.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password