Müəmmalı cinayət (hekayə)
Camal ZEYNALOĞLU
Müəmmalı cinayət
(hekayə)
Siracla İsgəndər ayrı-ayrı ailədə doğulsalar da, hər ikisinin uşaqlıq çağı yetimxanada keçmişdi. Burada böyüyüb boya-başa çatmış, burada tərbiyə almışdılar. Ata-ana üzünə, valideyn nəvazişinə həsrət qalmış bu uşaqları yetimxana həyatı yaxınlaşdırmış, dostlaşdırmış, qardaşlaşdırmışdı. Bu həyat onlar üçün sınaq məktəbinə çevrilmişdi.
Bu ata-analı yetimlər tanışlıqlarının elə ilk günündən bir-birlərinə isnişdilər, bir-birlərinə isti münasibət göstərdilər və günlər keçdikcə də bir- birilərinə arxa, dayaq oldular. Dərd-sərlərini, sevinc və kədərlərini birlikdə bölüşürdülər. Yetimxanada hamı onları doğma qardaş hesab edir, onların bu mehribanlığına həsəd aparırdılar. Həmişə bir yerdə gəzən, yanaşı oturan Siracla İsgəndərin nəinki davranışları, elə özlərinin görünüşləri də oxşar idi. Əkiz qardaşlar kimi. Sanki onları eyni ana dünyaya gətirmişdi…
Dostlar məktəbdə də parta arxasında yanaşı otururdular. Dərslərə də birlikdə hazırlaşırdılar. Hər ikisi yaxşı oxuyurdu. Cavabları ilə müəllimləri razı salırdılar. Çalışqanlığı, işgüzarlığı ilə çoxlarından fərqlənən Siracla İsgəndər məktəbin bütün tədbirlərində fəal iştirak edir, müəllimlərinin sevimlisinə çevrilmişdilər.
Uşaqların hansı ailədə doğulduğundan, valideynlərin kimliyindən, necə və kim tərəfindən buraya gətirildiyindən heç kimin xəbəri yox idi.
Siracla İsgəndər üzdən nə qədər bir-birilərinə oxşasalar da, xasiyyətcə fərqlənirdilər. Məsələn, Sirac mehriban, mülayim, sakit təbiətli idisə, İsgəndər əksinə, bir o qədər dalaşqan, qabağından yeməyən, qaraqabaq, amma, bununla belə, haqq-ədalət tərəfdarı idi. Haqsızlığın qənimiydi İsgəndər.
Yetimxanada müxtəlif xarakterli uşaqlar yaşayırdı. Aralarında tez-tez dava-dalaş salan, zəif uşaqlara qarşı amansız olanlar daha çox idi. İsgəndər də sakit uşaq deyildi. Amma onun başqa dalaşqanlardan fərqi onda idi ki, o, zəiflərə qənim kəsilənlərə qarşı barışmaz olardı. Uşaqları da həmin “xuliqanlar”dan qorumağa çağırırdı. Belə məqamlarda Sirac da dostunun tərəfində durur, onu müdafiə edir, öz diliylə desək, vətəndaş olaraq ədalətin tərəfində olduğunu sübut edirdi…
***
Yetimxana həyatından sonra dostların yolları haçalandı. Belə ki, Sirac ali məktəb tələbəsi adını qazandı, təhsilini uğurla başa vurub, gənc hüquqşünas kimi həyatın burulğanına atıldı. İsgəndərəsə ali təhsil almaq nəsib olmadı. O, on səkkiz yaşında hərbi xidmətə səfərbər olundu və xidməti borcunu Rusiya şəhərlərinin birində yerinə yetirdi. Sonra da bəlli bədnam Qarabağ Müharibəsi başladı. Bu xəbəri eşidən İsgəndər dabanına tüpürərək doğma Azərbaycana gəldi və dərhal da döyüş bölgəsinə yollandı. Döyüş bölgələrinin ən qaynar nöqtələrində – Ağdam, Füzuli, Tərtər və Goranboy kimi bölgələrdə göstərdiyi qəhrəmanlıq dillərdə dastan oldu. Bölük komandiri olan İsgəndərin əsgərləri düşmənə göz dağı çəkdirirdi. Qısa bir müddətdə onlar ermənilərin çoxlu sayda döyüş texnikasını, canlı qüvvəsini məhv etdilər. Goranboy istiqamətində üz-üzə gedən savaşda özü yaralansa da, cəbhə xəttini tərk etmədi, əsgərləri bir az da irəli apardı, düşmən qüvvəsi ilə müqayisədə bu qeyri-bərabər döyüşdə həlak olan dostlarının qisasını birə beş aldı. Bölük komandiri bununla düşmənə nəyə qadir olduğunu bir daha sübuta yetirdi.
Növbəti döyüşlərin birində İsgəndərin dəstəsi düşmən tərəfindən pusquya düşdü və komandir ikinci dəfə ağır yaralandı. Əsgərlər onu ölümün pəncəsindən çətinliklə xilas etdilər. Üç aydan çox hərbi hospitalda müalicə alan İsgəndər II qrup əlil kimi hərbi qulluqdan azad edildi.
Arxa cəbhəyə qayıdan müharibə veteranı indi də orta məktəblərin birində çağırışçılara hərbi dərs deyir, gəncləri Vətən uğrunda döyüşlərə hazırlayırdı…
***
Bir gün İsgəndər axşam saat 10 radələrində evə gedərkən, metronun “20 Yanvar” stansiyasının qarşısında – “Azərsu” idarəsi önündə xeyli adam toplaşdığını görüb ayaq saxladı. Yaxınlaşanda gənc bir hərbçinin bıçaqlanmasının şahidi oldu. Yaralının sol böyründən qan axırdı və ora toplaşanların heç biri bu qanı dayandıra bilmirdi. İsgəndər vəziyyəti dərhal götür-qoy etdi. Vaxt itirmədən yaralını çiyninə alıb, yolun sol tərəfində cərgə ilə düzülmüş taksilərdən birinə yaxınlaşdı, oğlanı maşına qoyub, sürücüyə təcili “Semaşkoya sür” işarəsini verdi. İsgəndər həyəcanından yaxınlıqdakı xəstəxananı belə unutdu. Yaralı çoxlu qan itirdiyindən taqətsiz halda başını İsgəndərin çiyninə qoyaraq ondan imdad istəyirdi. İsgəndər hiss etdi ki, bıçaq sol tərəfdən oğlanın ürək nahiyyəsinə sancılıb. Çox çəkmədi ki, yaralını “Semaşko” xəstəxanasına gətirdilər. Həkimlər dərhal yaralıya müdaxilə etməyə başladı. İsgəndər yanılmamışdı. Müayinə nəticəsində bəlli oldu ki, cinayətkar bıçağı oğlanın düz ürəyinə saplayıb. Lakin əynində qalın gödəkcə olduğundan, bıçaq ürəyə tam nüfuz edə bilməyib. Yaralıya III qrup qan lazım oldu. Xoşbəxtlikdən İsgəndərin qan qrupu onunku ilə eyni idi. İsgəndər tərəddüd etmədən, yaralıya öz qanından da verdi…
On dəqiqə keçməmiş xəstəxanaya polislər daxil oldu. Onlar cinayət hadisəsi barədə maraqlanır, cinayətkarın kimliyini öyrənmək istəyirdilər. Ən çox da xəsarət alanın buraya kim tərəfindən gətirildiyi ilə maraqlanırdılar.
Polislər İsgəndəri xeyli sorğu-suala tutdular. İsgəndər də gördüklərini bütün təfərrüatı ilə onlara söylədi. Onun dediklərini protokola yazdılar. Bununla belə, polislər cinayətin İsgəndər tərəfindən törədildiyini söylədilər. Onun öz günahını yumaq üçün xəsarət alanı xəstəxanaya gətirdiyini bildirdilər…
“ Məni nahaqdan cinayətkar hesab edirsiniz, mənim bu cinayətdə heç bir günahım yoxdur, əksinə, mən, yaralıya kömək etmək istədim” – İsgəndər bu sözləri dönə-dönə polislərə dedisə, polislər ona əhəmiyyət vermədi və İsgəndərin əllərini qandalladılar.
“ Yaxşı, yaxşı, gedək bölməyə, orada daha aydın izahat verərsiniz. Onsuz da kimsə etdiyi cinayət əməlini özxoşuna boynuna almır” – polislərin də İsgəndərə cavabı bu oldu.
Bir neçə gündən sonra bəlli oldu ki, cinayəti törədən tanınmış bir məmurun oğlu imiş. O, restoranda yeyib-içəndən sonra sərxoş vəziyyətdə bayıra çıxır və həyətdə sakitcə dayanıb papiros çəkən həmin cavan oğlana sataşır. Oğlan da onun sərxoş olduğunu görüb, birtəhər qırsaqqızı başından eləmək istəyir. Azğınlaşmış məmur oğlu bundan acıqlanırmış kimi cibindən bıçaq çıxararaq, heç bir günahı olmayan oğlanın ürək nahiyəsinə sancır. Özü isə qorxaq dovşan kimi sivişib aradan çıxır.
***
…İzi itirmək üçün İsgəndəri həbs edərək, barəsində istintaq işi başladılar. Düşünürdülər ki, bu, elə bir fürsətdir ələ düşüb; kimsəsi, arayıb-axtaranı yoxdur…
Dost-düşmən qara gündə tanınar, – deyiblər. Bəlkə də bu bir təsadüf idi ki, istintaqın aparılmasını Sirac Əhmədliyə həvalə etmişdilər. Ona tapşırmışdılar ki, cinayət işini gecikdirmədən, tez bir zamanda tamamlayıb məhkəməyə göndərsin. Bacardıqca İsgəndər İsgəndərovun əleyhinə çoxlu dəlil-sübut toplasn.
Sirac işlə tanış oldu və dərhal İsgəndərlə görüşməyi qərarlaşdırdı.
Beləliklə, müstəntiqlə “cinayətkar” tetatet qarşılaşdılr. İki “yetim”, iki əbədi dost qarşı-qarşıya oturdular.
Başı bərk ağrıdığından halı özündə deyildi İsgəndərin. Bütün gecəni yatmamışdı. Bayaqdan dustaqların həyətə çıxma saatını gözləyirdi ki, polis onu əliqandallı müstəntiqin otağına gətirdi.
Görüş hər iki dost üçün gözlənilməz oldu. Buna heç birinin inanmağı gəlmirdi. Sanki hər ikisi bu olanları yuxusunda görürdü. Bir xeyli sakitcə dayanıb baxışdılar. Araya ani sükut çökdü. Sonra isə bir-birinə sarındılar, qucaqlaşdılar, görüşüb-öpüşdülər. Hər ikisinin gözləri dolmuşdu, hər ikisi kövrəlmişdi…
Handan-hana söhbətə Sirac Əhmədli körpü saldı:
– Əziz qardaşım, cinayətkar adlandırılan şəxsin sənin olmağını bu dəyqələrə qədər özüm də bilmirdim. İşlə yaxından tanışam. Bu qənaətdəyəm ki, sən cinayətkar yox, əslində, zərərçəkənin xilaskarısan; sən onu xəstəxanaya vaxtında çatdırmısaydın o qanaxmadan ölə bilərdi. Üstəlik, əməliyyatqabağı xəstəyə öz qanından verib, onu həyata qaytarmısan.
Sirac azca ara verib sözünə davam elədi:
– Ürəyini buz kimi saxla, əsl cinayətkarı da araşdırıb tapmışam. Bu barədə hələlik açıqlama vermək istəmirəm. Sən özün də o şəxsin kim olduğunu biləndə, təəccüb edəcək və bir daha inanacaqsan ki, nahaq qan yerdə qalmır. Yaxşı bilirsən ki, mən öz peşəmin vurğunuyam, daim haqq və ədalət carçısı olmuşam. Bu işdə də qələbə qazanacağıma əminəm. İnşallah, məhkəmə zalından bəraət qazanıb, üzüağ çıxandan sonra bir yerdə olacağıq, bu qələbəni də birlikdə qeyd edəcəyik…
***
Sirac bütün cidd-cəhdlə bu müəmmalı cinayətin açılması üçün bilik və bacarığını, zəngin təcrübəsini səfərbərliyə aldı, əsl cinayətkarı aşkar etdi. Bununla belə, cinayətkarı üzə çıxardığına görə Siraca qarşı təzyiqlər başladı. Onu fikrindən-əqidəsindən döndərmək üçün müxtəlif vasitələrə əl atdılar, hədə-qorxu gəldilər, ölümlə hədələdilər. Lakin Sirac dediyindən dönmədi, İsgəndərin günahsız olduğunu dəlil və faktlarla, şahid ifadələri ilə sübuta yetirdi. Rəisinin son dəfə acıqla: “yaxşı-yaxşı fikirləş, sən işindən uzaqlaşdırıla bilərsən” – hədə-qorxusuna o belə cavab vermişdi: “İsgəndər kiminsə əvəzində həbsxanada yatmamalıdır! Əsl cinayətkar artıq bəllidir. Hər kəs kimliyindən asılı olmayaraq, törətdiyi cinayət əməlinə görə qanun qarşısında cavab verməlidir. Bizim əsas vəzifəmiz qanunun aliliyini qorumaq, ədaləti bərpa etməkdir. Məni doğru yolumdan kimsə döndərə bilməz! Ataların belə bir məsəli var: Haqq nazilər, amma üzülməz”.
Bu sözlərdən sonra rəis daha çox narahatlıq keçirməyə başlamışdı. Çünki yuxarıdan onu sıxışdırırdılar ki, necə olur-olsun, bu cinayəti İsgəndərin boynuna qoymalısınız. Amma Siracın cinayət hadisəsi barədə topladığı çoxlu dəlil-sübut və faktlar həm rəisi, həm də cinayətkarın havadarlarını çıxılmaz vəziyyətdə qoymuşdu…
Beləliklə, Sirac yetimxana dostunun məhkəmədə bəraət almasına nail oldu və onu haqsız suçlamadan xilas etdi.
Müttəhimlər kürsüsündə isə əsl cinayətkar oturmuşdu…
26.04.2019