Bakıda AVRO-2020-yə həsr edilmiş İntellektual Kubok təşkil olunacaq

Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək 3 qrup oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması ilə əlaqədar silsilə tədbirlərin təşkil olunması planlaşdırılır.

Təşkilat Komitəsindən verilən məlumata görə, bunların sırasına AVRO-2020-yə həsr olunmuş “İntellektual Kubok” da daxildir.

Turnirə qatılacaq iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlər ilə bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual Kubok”da 40 komandanın iştirakı nəzərdə tutulur.

Hər komandanın heyətində minimum 4, maksimum 6 oyunçu mübarizə apara bilər.

Qeyd edək ki, turnir “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında keçiriləcək. Oyun zamanı iştirakçılar əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsində sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı – DJ Fatehdir.

Hər kəs bu gündən etibarən euro2020.affa.az/az/intellectualcup linkinə keçid edərək qeydiyyat formasını doldura və komanda şəklində yarışda iştirak edə bilər. “İntellektual Kubok”da iştirak ödənişsizdir.

Son qeydiyyat 12 fevral saat 23:59-dəkdir.

Tədbirin sonunda ilk 3 yerin sahibinə müvafiq olaraq kubok və medallar təqdim olunacaq. Eyni zamanda hər 3 komandaya Bakıda keçiriləcək AVRO-2020 oyunlarından birinə biletlər hədiyyə ediləcək. Bundan əlavə, I yerə 1200 manat, ikinci yerə 900 manat, üçüncü yerə isə 600 manat dəyərində pul mükafatı veriləcək.

“İntellektual Kubok” fevralın 16-sı saat 11:00-da “Bulvar Hotel”də keçiriləcək.

Qeyd edək ki, tədbir Azərbaycan dilində olacaq.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password