Deputatlığa namizədlər niyə seçkilərdən imtina edir? – Ekspertdən açıqlama

Builki növbədənkənar parlament seçkiləri sakit tərzdə keçir. Yəni qarşıdurma yoxdur və seçki mühiti normaldır. Ancaq əvvəlki teledebatlar, namizədlərin geniş şəkildə seçicilərlə görüşünə çox az təsadüf edilir. Bu, xüsusən də regionlarda çox zəifdir. Hələ seçki kampaniyası davam edir. Buna görə də ola bilsin ki, kampaniyanın yeni dövründə fəallığı hiss edəcəyik.

Bu fikirləri açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı səsləndirib.

Qərargah rəhbəri sözlərinə belə davam edib: “Hazırkı seçki kampaniyasını əvvəlkilərdən fərqləndirən cəhətlər də var. Bunlardan biri də namizədlərin, əsasən, sosial şəbəkələrdən daha çox istifadə etməsidir. Buraya internet televiziyası, elektron mətbuatdan istifadə daxildir. Bildiyimiz kimi, efir vaxtı baha olduğuna görə, namizədlərin çoxu bundan istifadə etmir. Hətta demək olar ki, heç kim istifadə etmir. Pulsuz efir vaxtından isə yalnız Yeni Azərbaycan Partiyasının namizədləri yararlana bilərdi. Ancaq onlar da bundan imtina etdilər. Bu da Azərbaycanda mövcud telekanallardan seçki kimi böyük kampaniyada istifadə olunmamasına gətirib çıxardı. Ona görə də gələcəkdə efir vaxtının qiymətinə yenidən baxılması istisna edilmir. Sosial şəbəkələrdə namizədlərin əksəriyyəti özünü tərifləyir və reklam etmək istəyir. Amma əsas söz seçicinindir. Kim deyirsə ki, mən güclüyəm, qalib gələcəyəm – bu kimi sözlər seçkidə heç bir əhəmiyyətli rol oynamır. Burada əsas olan namizədin apardığı kampaniya və seçiciləri inandırmaqdır”.

M.Zülfüqarlı vətəndaşların seçkiyə münasibətindən də danışıb: “Azərbaycanda 5 milyondan artıq seçici var. Bunların içərisində aktivi də, passivi də, ümumiyyətlə, seçkiyə maraq göstərməyənlər də var. Qeyd etdiyim kimi, seçki kampaniyasının sakitliyi və qarşıdurmanın olmaması sevindirici haldır”.

Rəy sorğularından söz açan qərargah rəhbəri vurğulayıb ki, burada əsas olan etibarlılıq məsələsidir: “Namizədlərin şəxsən sorğu keçirib özünü reklam etməsi düzgün deyil. Hesab edirəm ki, neytral sosial sorğular keçirən təşkilatlara ehtiyac var ki, onların rəyi əsas ola bilər. Çünki hər bir namizədin sorğu keçirib özünü reklam etməsi elə də ciddi səslənmir”.

Məhərrəm Zülfüqarlı namizədliyini geri götürənlərin bu addımı atmasının səbəblərinə isə fərqli prizmadan yanaşıb: “Bəzi namizədlər namizədliyi qeydə alınandan sonra nə etmək barədə fikirləşir. Məncə, onlar əvvəlcədən öz imkanlarını götür-qoy etdikdən sonra namizədliklərini versələr, daha yaxşı olardı. Yəni bir çox namizəd gördü ki, kampaniya apara bilməyəcək. Ona görə də bundan imtina etdi. Bəziləri isə hansısa namizədin xeyrinə geri götürdü. Dünya praktikasında da var ki, daha güclü namizədin xeyrinə namizədliyi geri götürmək müsbət haldır. Onların bir hissəsi ümumiyyətlə kimdənsə nəsə gözləyirdi. Lakin eşitmək istədiyini, yaxud da gözlədiyini ala bilmədiyinə görə namizədliyini geri götürdü. Bu, əsasən əvvəlki seçkilərdə deputat olanlara aiddir. Onlar haradansa müəyyən dəstək gözləyirdi və həmin dəstəyi görmədikləri üçün namizədliklərini geri götürdülər”.(publika.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password