Camal Zeynaloğlu – Övlad itkisi (Elegiya)

 

Övlad itkisi

(Elegiya)

 

İki min iyirminci ilin 20 yanvarı da dostum Kərbəlayi Nobatəli üçün Qara gəldi. Ümumxalq Hüzn günündə hamımız ikinci dəfə kədərlə, faciə ilə üzləşməli olduq. Qara xəbər tez yayılar,- deyiblər. Həmin gün rayondan zəng vurub dedilər ki, Nobatəlinin oğlu Rasif maşın qəzası keçirib… Bu acı xəbəri eşidən kimi dərhal əmim oğlanlarına – Cabir və Ramizə telefon açdım. Onlar: “Camal, hələ bizdə də dəqiq məlumat yoxdur. İndi məhz elə hadisə yerinə, Lənkərana gedirik,” – dedilər…
Dostumun özünə zəng etməyə cürətim çatmırdı. Onunla kəlmə kəsməyə dilim gəlmirdi. Düşünürdüm: “İlahi, görəsən Nobatəli bu qəfil xəbərə dözə bildimi, buna tab gətirə bildimi? Bu xəbəri ona ilk dəfə kim catdırıb, necə çatdırıb…?” Müdriklər bu yerdə deyib: “Bəd xəbəri sən yox, qoy başqası sahibinə çatdırsın…” Necə də dəqiq hesablanmış, min illərin süzgəcindən süzülüb gəlmiş deyimdir. Bəd xəbərin sahibinə çatdırılması da cəsarət tələb edir. İllah da bəd xəbər övlad barəsində olmuş olsun… Valideyn övladının qəflətən, faciəli şəkildə ölümünə bir müddət inana bilmir, daha doğrusu, inanmaq istəmir… İstər ata olsun, istərsə də ana, həmin xəbərin yalan olduğunu hesab edir…
Çox həyəcanlanmışdım. Hər beş dəqiqədən bir əmim oğlanlarına zəng edib, onların hadisə yerinə çatıb-çatmadıqlarını öyrənməyə çalışırdım. Onlar isə hələ çatmadıqlarını söyləyirdilər. Öz-özümə: ”Nə uzun çəkdi bu yol?!”- düşündüm… Nəhayət, dözmədim. Əllərim əsə-əsə mobil telefonumu götürüb dostuma zəng etmək məcburiyyətində qaldım. Evdəkilər də həyəcanlı, çaşqın halda onun Rasif barəsində mənə verəcəyi xəbəri gözləyirdilər. Telefonu özü açdı. Tez: “Qardaş, de görüm Rasif necədir?” – soruşdum. Cavabında: “Rasif getdi, daha yoxdur! Bağrımın başı kimi, o da yanıb kül oldu! Evim yıxıldı, tar-mar oldu, Camal!” – Nobatəli dedi…
Dostuma daha heç nə deyə bilmədim, çünki özümün də nitqim tutulmuşdu. Bir müddət yerimdə müqəvva kimi hərəkətsiz halda donub qaldım. Evdəkilər bir ağızdan: “Nə oldu, Rasif yaşayırmı? Biz telefonda ağlaşma səsi eşitdik,” – deyə onlar da mənim üstümə düşdülər. Mən evdəkilərə ancaq bunları söyləyə bildim: “Rasif, daha həyatda yoxdur!..”
Tezcə də rayona yola düşdüm. Sürücünü tələsdirirdim ki, sürəti artırsın, dəfnə özümü çatdırmalıydım. Çatdırdım da… Nobatəliylə qol-boyun olduq, hönkürtü vurub ağladıq. Bu nəyi dəyişəcəkdi ki…
Dəfndən sonra həyətə gəldik. Evdə vay-şivən qopmuşdu. Bacısı Türkan, anası Yeganə, bibiləri və digər yaxın qohumlar səs-səsə verib ucadan: “Rasifim lay-lay! Xoşbaxışlı, gülərüzlü, mehriban Rasifim lay-lay!” – ağı deyirdilər.

Bacısı Türkan:

Dağlarda dağım qardaş,
bağlarda bağım qardaş,
sərin yaylağım,
işıqlı yollarım,
qardaşım lay-lay.

Türkan daha sonra:

Bir quş gəlir Ağdaşdan,
Xəbər verir qardaşdan.
Qardaş doysa bacıdan,
Bacı doymaz qardaşdan.

Türkan dil-qəfəsə qoymurdu:

Bu yurdun tacı bağlar,
Meyvəsi acı bağlar,
Ağrısa qardaş başı,
Yenə də bacı bağlar…

Anası Yeganə xanım:

Bu dağlar, ulu dağlar,
Çeşməli, sulu dağlar
Burda bir oğul ölüb
Göy kişnər, bulud ağlar.

Rasifin dilindən anası Yeganə:

Anam, anam, öz anam,
Köksü dolu köz anam.
Yad ağlar, yalan ağlar,
Qoy ağlasın öz anam…

Röyal həyətdə bir küncə qısılmışdı. “Ay qardaş, qolum-qanadım qardaş! Mən sənsiz nə edəcəyəm? Sən mənə arxa, dayaq, həyan idin! Nə tez tərk edib getdin bizi, ay insafsız! Axı sənin arzuların vardı. Onları həyata keçirmədən niyə getdin? Kiçik qardaşı yarıyolda qoyub gedərlərmı?! Bu qardaş dağına mən indi necə dözəcəyəm?!” – deyib, için-için ağlayırdı…
Dəfn gününün axşamı yata bilmədim. Elə hey Rasifin gülərüz, xoş, mehriban baxışları gözümün önündə canlanırdı. Nobatəlinin övladlarının hamısı gözümün qabağında böyümüşdü. Rasifin yeri isə tamam başqa idi. Hər dəfə onlara gedəndə: “Camal əmi, xoş gəldin!” deyib, qucaqlayardı məni. Sonuncu dəfə onunla bu keçən yayda görüşmüşdük…
Mən, hər şeydən öncə, Nobatəli qardaşımla Yeganə xanımın bu ağır dərdə necə tab gətirəcəyi üçün narahat olur, üzülürəm. Çünki övlad itkisi valideyn üçün bir fəlakətdir. Fəlakət yükünü isə, məlum olduğu kimi, daşımaq çox çətindir. Amma neynəmək olar? Vaxtlı və ya vaxtsız, – ölüm insan üçün qaçılmazdır. Qaçılmaz olanla barışmaq lazımdır…
Vaxtsız övlad itirmək, bəlkə də Allahın bu dünya üçün qoyduğu imtahan qayda-qanununa əsasən baş verir. Quranda bu barədə belə deyilir: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə var. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Bəqərə, 2/155-157)
İnsanın başına gələn ağır müsibətlərdən sonra Allaha asi olmamaq və Oun əmrinə boyun əymək şərti ilə qəmlənmək və ağlamağın eybi yoxdur. Muhəmməd peyğəmbər (s. ə. s.) də öz uşaqları və nəvələri öldüyü vaxt ağlayıb. Bu barədə hədis rəvayətləri də var.
Ənəs ibn Malik nəql edir:
“Rəsulullah (s. ə. s.): “Bu gecə bir oğlum oldu. Ona atam İbrahimin adını qoydum”, – dedi. Sonra Ənəs hədisin qalan hissəsini də rəvayət edib. Ənəs sözlərinə davam edib belə deyir: “Mən bir müddətdən sonra o uşağın peyğəmbərin hüzurunda can verdiyinə şahid oldum. O vaxt peyğəmbərin gözlərindən yaş axdı. Və belə dedi: “Göz yaşarır (ağlayır), könül qəm-qüssə yeyir, ancaq biz Rəbbimizin razı olduğu sözlərdən başqa sözlər demərik. Ey İbrahim, biz sənin ölümünlə həqiqətən, kədərləndik”. ((Buxari, Cənaiz, 43; Müslim, Fəzail, 62;Əbu Davud, Cənaiz, 23-24; İbn Macə, Cənaiz, 53.)).
Mən hüzn gününün 7-sində dostum Kərbəlayi Nobatəlidən ayrılıb Bakıya yola düşəndə, ona təsəlliverici nəsə demək istədim, amma, deyə bilmədim. Nə deyəydim ki? Sadəcə: “Qardaş, Rasif sənin oğlun olduğu qədər, bizim də övladımız idi”- söylədim.
Hamımızı yandıran bir də o oldu ki, Rasif özündən sonra bizlərə üç ciyərpara – 13 yaşında Fatimə, 10 yaşında Həsən və 6 yaşında Mədinə adlı övladları əmanət qoyub getdi…
Rasifin faciəli ölümü Qara Yanvar günü ilə həm ölümsüzlüyə, həm də Ümumxalq Hüznünə qovuşdu…
Taleyin işinə bir baxın. Ötən il mənə dostum Kərbəlayi Nobatəlinin 60 illik yubileyinə “Dost yubileyinə, dost sözü” adlı məqalə yazmaq nəsib olmuşdu. Bu il isə oğlu Rasifin faciəli ölümünə həsr olunmuş “Övlad itkisi” adlı elegiya. “Həyatda kədərlə sevinc qoşa addımlayır” – deyirlər.
Allahın ona verdiyi mal varlığını Allah, imam yolunda sərf edən, hamıya kömək əlini uzadan, xeyirxah əməllər sahibi Rasif balamızın xoş xatirəsi həm kənd camaatın, həm də bütün onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin. Nur içində yatsın. Məkanı cənnət olsun.
Allah heç bir valideyni övlad acısı, övlad itkisi ilə imtahana çəkməsin! Amin!

Böyük üzüntü və sarsıntıyla,
Camal Zeynaloğlu.

26.01.2020

Camal Zeynaloğlu adlı şəxsin şəkli.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password