“SATILMAYAN MƏNZİLLƏR DÖVLƏT VƏSAİTİ İLƏ ALINIB” –Kirayə mənzil layihəsi də aztəminatlı insanlara yaramayacaq
İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillərin qiyməti ilə bağlı açıqladığı rəqəmlər cəmiyyətdə narazılıqla qarşılanıb. İqtisadçı ekspertlər də bu layihənin sosial mahiyyət daşımadığını, aşağı gəlirli vətəndaşlar üçün əlçatmaz olduğunu bildirirlər.
Ekspert Rəşad Həsənov qeyd edir ki, Fondun təqdim etdiyi məlumatlardan çıxan nəticəyə görə, aylıq kirayə haqqı aşağıdakı belə olacaq:“Bakı şəhəri – 411 manat, Xırdalan şəhəri – 333 manat, Sumqayıt şəhəri – 297 manat. Bu göstəricilərdən yola çıxaraq hesablama aparsaq, məlum olur ki, Bakı şəhərində mənzilin bir kvadrat metri 2126 manat, Xırdalanda 1708 manat, Sumqayıtda isə 2152 manat olacaq”.
R. Həsənov qiymətlərin əlçatan olmadığını deyir:
“1. Qiymətlər çox yüksəkdir və heç də aztəminatlı ailələrin gəlirlərinə uyğunlaşdırılmayıb.2. Göründüyü kimi, Sumqayıtda qiymət Bakı ilə müqayisədə daha baha qiymətə olacaq. Maraqlıdır, nə üçün və hansı biznesmen dostların sata bilmədikləri bahalı mənzillər dövlət vəsaiti ilə alınıb?
3. Bakı şəhərində sahəsi 180 kv. metrlik mənzil vətəndaşlara təklif olunacaq ki, bu hansı aztəminatlı ailə üçün nəzərədə tutulub?
Qeyd edim ki, ipoteka krediti ilə alınan mənzillərin qiyməti bundan daha ucuz başa gəlir və bu zaman alıcının hüquqları daha üstündür”.
“Görünən odur ki, dövlət büdcəsindən maliyyələşən və vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına hədəflənən digər layihələr kimi, kirayə mənzil layihəsi də aztəminatlı insanlara yaramayacaq. Halbuki böyük gözləntilər var idi”-deyə ekspert vurğulıayıb.
İqtisadçı ekspert Qubad İbadoğlu isə bildirir ki, kirayə evlər konsepsiyası sosial rifah dövlətlərinin təcrübəsində özünü doğruldub.Onun sözlərinə görə, bu təcrübənin Azərbaycana gətirilməsi təqdir olunsa da, tətbiqi ilə əlaqədar hazırlanan mexanizmlər gerçək tələblərlə uzlaşmır və işlək deyil: “Bu konsepsiyanın əsas hədəfi gənclərə qapı açmaq, onları mənzil probleminin həllinə yardım etməkdir. Belə olan halda, təklif olunanmexanizm yalnız elitar əmək haqqı alanların mənzillərə çıxışını təmin etməyə yönəlib. Hesab edirəm ki, kirayə haqqı ölkə üzrə orta aylıq əmək haqqı, yaşayış minimumun dəyəri və ev təsərrüfatlarının ölçüsü əsasında müəyyənləşdirilməlidir. Hazırkı hesablamalarla 2 otaqlı mənzilin kirayəsi üzrə orta aylıq ödənişlər 321 manat (723 – (2x 201)) ətrafında olmalıdır”.
Q.İbadoğlu təklif edir ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin qiymətlərinə yenidən baxsın, onun aşağı salınması ilə əlçatanlığının yüksəldilməsinə nail olsun.(azpolitika)