Hamıya ümid verən kirayə evlər layihəsi nədən beşikdəcə məhv edildi? (EKSPERT)
“Kirayə qiymətləri minimum əməkhaqqı civarında təyin edilməlidir ki, aztəminatlı və gənc ailələrin bu mənzillərə çıxış imkanı olsun”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli kirayə mənzil sosial layihəsi ilə bağlı mətbuata açıqlamasında deyib. O, qiymətlərin həddən artıq yüksək və təqdim olunan mənzillərin az olduğunu bildirib:
“Əslində bu, sosial layihə kimi düşünülüb, elan edilmişdi və insanlarda həqiqətən ciddi bir gözləntilər formalaşmışdı ki, aztəminatlı ailələrin, gənc ailələrin bu yolla mənzil sahibi olma şansı yaranacaq. Amma ilkin açıqlanan məlumatlar göstərdi ki, bu mənzillərin faizsiz olacağını öncədən desələr də, faizlər hesablanaraq, qiymətin üzərinə əlavə olunub. Ona görə də indiki bazar qiymətlərindən azı 2 dəfə, 2,5 dəfə çox qiymətlərlə qarşılaşırıq. İkinci məsələ ondan ibarətdir ki, bunun üçün dövlətin əlində olan mənzil fondundan istifadə lazımdır. Yəni, özəl şirkətlərə və mülkiyyətçilərə hansısa formada bunu tətbiq etmək mümkün deyil. Ən azından qarşılıqlı razılıq olmalıdır. Burada dövlətin mənzil fondunda da az mənzil olduğu üzə çıxdı. 300-dən bir az çox mənzil satışa çıxarılıb. Bu da 10 minlərlə tələbatın ödənilməsi üçün kifayət deyil. Üçüncüsü, bu müqavilələrdə fors-major situasiyaların nəzərə alınıb-alınmadığı hələ məlum deyil. Düşünürəm ki, müqavilələr rəsmiləşəndə, inflyasiya rəqəmlərinə və ya devalvasiya ehtimalına görə, sabah manatla bağlı hər hansısa proseslər baş versə, çox güman qiymətlərin növbəti dəfə indeksləşdirilməsi və artırılmasının şahidi olacağıq. Bu da onu deməyə əsas verir ki, bunlar hələ qeyd olunmuş qiymətlər deyil. Bu barədə rəsmi açıqlamalar verilsə, yaxşı olar. Yəni, insanlar bu gün bağladıqları müqavilələrlə 5-10 ildən sonra eyni şərtlərlə ödəniş edəcəklər, yoxsa yox?
Hesab edirəm ki, müqavilələr açıqlanarkən böyük ehtimalla indeksləşmənin yenə vətəndaşın ziyanına olacağını görəcəyik. Ümumi mənzərə onu göstərir ki, çox hazırlıqsız, düşünülməmiş bir kampaniya başladılıb. Nə mütəxəssislərlə müzakirələr olub, nə xarici ölkələrin təcrübəsi öyrənilib. Məsələn, bununla bağlı Türkiyənin çox maraqlı təcrübəsi var. Orda Toplu Konut adlı dövlət idarəsi yaradılıb. Qurum həm özü evlər tikir, həm də daha ucuz qiymətə alıb, sərfəli şərtlərlə vətəndaşlara təqdim edir. Səhv etmirəmsə, Türkiyədə 70 mindən çox ailə bu layihədən yararlanıb. Azərbaycanda həm mənzil azdır, həm dövlətin fondunda mənzil sayının məhdud olması qiymətlərə təsir edir. İlkin ödənişlər, aylıq ödənişlər çox yüksəkdir. Belə yanaşma ilə bunu sosial layihəyə çevirmək mümkün deyil. Çox təəssüf ki, uğursuz start oldu. Ümid edirəm ki, qərar verən şəxslər ictimaiyyət arasında başlayan müzakirələrdən nəticə çıxaracaqlar. Heç olmasa dəyirmi masalar təşkil edilərək, mütəxəssislərin cəlb edilməsi yolu ilə daha optimal və daha yaxşı bir model ortaya çıxarılacaq. Çünki bu çox vacib bir sosial layihə olmalıdır və vətəndaşların doğurdan da mənzil imkanlarının yaxşılaşdırılması yolunda ciddi addıma çevrilməlidir. Burada kompleks yanaşmaya da ehtiyac var. Nədənsə yenə əsas yer olaraq Bakı şəhəri götürülüb. Əhalinin paytaxtdan regionlara könüllü şəkildə köçürülməsi istiqamətində də addımlar atılmalı, regionların iqtisadi cəlbediciliyi artırılmalıdır. Bakını biz yükləyərək tamamilə başqa problemlərə səbəb ola bilərik. Zatən paytaxtda çox ciddi yüklənmə problemi var. Ona görə, kompleks sosial-iqtisadi və siyasi yanaşmaya ehtiyac var”.
Ekspert kirayə qiymətlərinin minimum əmək haqqı civarında qoyulmalı olduğunu bildirib:
“Layihənin sosial statusunun qorunub saxlanması üçün elə də ciddi araşdırma aparmağa ehtiyac yoxdur. Təklif edilən kirayə qiymətləri minimum əməkhaqqı civarında olmalıdır ki, insanların bunu sosial layihə kimi qavraması üçün imkan yaransın. Qiymətlər təqribən 250, maksimum 300 manat civarında dəyişə bilər. Belə olduqda aztəminatlı ailələrin və gənc ailələrin bu mənzillərə çıxış imkanı olacaq. 600 manat kirayə haqqı ödəmək üçün gərək bir gənc ailənin azı 1500-1600 manat aylıq qazancı olsun. Biruşaqlı gənc ailə ayı indiki şərtlərlə 900 manatla birtəhər başa vura bilir. Ona görə də bu məsələlər mütləq nəzərə alınmalıdır. Əgər kiminsə qazancı 2000, 2500 manat və daha yuxarıdırsa, o, normal ipoteka yolu ilə də mənzil sahibi ola bilər və kirayə yolu ilə, yaxud sosial layihə adı altında həyata keçirilməsinə cəhd olunan layihədə iştirak etməz. Əgər qiymətlər belə yüksək müəyyən olunursa, deməli, evə ehtiyacı olan gənc ailələr bəri başdan o siyahıdan çıxarılır”.
Natiq Cəfərli sosial layihə adı altında təqdim olunan hər iki addımın uğursuz olduğunu deyib:
“Xatırlayırsınızsa, sosial mənzil layihəsi başlayanda da cəmiyyətdə birmənalı qarşılanmadı. Kifayət qədər mübahisələr, narazılıqlar doğurdu. Bu da təbiidir. Çünki sosial mənzil anlayışı öz-özlüyündə onu ehtiva edir ki, məhz imkansız və daha az imkanlı olan aztəminatlı və gənc ailələrin mənzilə çıxış imkanları təmin olunsun. Bütün bu layihələr onu deməyə əsas verir ki, çox təəssüf ki, qərarverici orqanlarda koordinə edilmiş və düşünülmüş bir sistem, bir mərkəz yoxdur. Bu tip layihələr əvvəlcədən ciddi müzakirələrə çıxarılmalı, bu işə mütəxəssislər, sosioloqlar, psixoloqlar, iqtisadçılar, hətta idarəetmədə təcrübəsi olanlar cəlb olunmalıdır. Ciddi yol xərirəsi hazırlanmalı, iqtisadi-sosial, psixoloji əsaslandırması olmalıdır. Çünki bu gün gənc ailələrin dağılmasına, boşanmalara səbəb olan əsas səbəblərdən biri də mənzil problemidir. Ciddi elmi şəkildə yanaşma olmadığından, həmçinin qərarverici şəxslərin özlərinin belə bir problemləri olmadığından, yəni problemə yaxından bələd olmadıqlarından layihələr də belə uğursuzluqla nəticələnir və cəmiyyət tərəfindən yaxşı qarşılanmır”.(qaynarinfo)