20 yanvar həm də şərəf və ləyaqət tariximizdir
Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən artıq 30 il ötür. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilmədiyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Məlum olduğu kimi, qanlı şənbə günü – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu, erməni quldur dəstələri ilə birgə Bakıya daxil olaraq dinc əhaliyə qarşı terror aktı törətdi. Nəticədə, 137 nəfər müxtəlif ağır işgəncələrlə öldürüldü, 744 nəfər yaralandı. Onlar artıq Milli Azadlıq Hərəkatının simvollarından birinə çevriliblər. Çünki onların fədakarlığı, qorxmazlığı və mərdliyi sayəsində 20 Yanvar hadisəsi tarixi yaddaşımıza, eləcə də Azərbaycan tarixinə fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Azərbaycan xalqı yüzilliyin sonunda əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Azərbaycan bütün dünyaya sübut etdi ki, haqq-ədalətin bərqərar olması və öz milli kimliyini qorumaq naminə hər cür qurbanlar verməyə qadirdir. 20 Yanvar tarixi hadisəsi ilə xalqımız mənən daha da ucaldı və öz qəhrəmanlıq tarixinə yeni şanlı səhifələr yazdı. Bu mənada, 20 Yanvar hadisəsi xalqımızın şərəf, ləyaqət və eyni zamanda, faciə tarixidir. Əslinə varanda bu hadisənin dərin kökləri üzə çıxır. Belə ki, 20 Yanvar faciəsi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hökumətinin 1920-ci ildən 1990-cı ilə qədər apardığı antiazərbaycan, antimilli siyasətinin sonuncu nöqtələri idi.
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın dilinə, dininə, əxlaqına, mədəniyyətinə zidd olan yeni sosial-siyasi proseslər başladı. Xalqın azadlıq istəyinin, hüququnun məhvinə cəhdlər göstərildi. Nəhayət, dolub-daşan ümumi nifrət məhz 1990-cı ildə, yanvarın 19-dan 20-ə keçən gecə partladı. Mixail Qorbaçov və onun əlaltıları Bakıya qoşun yeritməyi qərarlaşdırdılar. Gecəyarı fövqəladə vəziyyət tətbiq olundu. Lakin şəhər sakinləri bundan xəbərsiz idilər, çünki axşam saat 7:30-da televiziya stansiyasının enerji bloku partladılmışdı. Bu təxribatı çox güman ki, xüsusi xidmət orqanları təşkil etmişdilər. Nəticədə, bakılıların əksəriyyəti fövqəladə vəziyyət barədə yalnız səhər saat 5:30-da radio vasitəsilə və vertolyotlardan atılmış vərəqələrdən xəbər tuta bildilər.
Lakin artıq çox gec idi. Gecəyarıdan çox keçməmiş əsgərlər və tanklar hərbi hissədən çıxıb şəhərə tərəf irəlilədilər. Şəhərə cənub tərəfdən daxil olan qoşunların böyük hissəsi yerli qarnizonlardan idi və şəhərə atəş açmadan girə bildilər. Şimaldan gələn qoşunlar şəhərə elə daxil oldular ki, elə bil Bakı düşmən əlində idi. Tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarını basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. Dinc sakinlərlə dolu avtobus gülləbarana tutulurdu, bir çox sərnişinlər qətlə yetirildi. SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə – Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-cı il yanvarın 20-də Azərbaycanı itirdi. Törədilən qırğınlara, soyqırımına rəğmən bu hadisə xalqımızın azadlıq mübarizəsini qıra bilmədi. Nəticədə, ümummilli xalq hərəkatı başlandı və sovet imperiyası param-parça oldu və az keçmədi ki, xalqın birliyi və iradəsi sayəsində Azərbaycan öz müstəqilliyini dünyaya bəyan etdi.
Bir məqamı unutmayaq ki, bütün bu qanlı hadisələrdə 200 ildən artıq müddətdə xristan ağuşuna sığanan ermənilərin rolu böyük olub. Amma nankorların qarşısında xalqımız mübariz dayanıb. Diqqət edin, 1918-ci ilin mart soyqırımı baş verəndən sonra Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 20 Yanvar faciəsi baş verəndən sonra isə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Ona görə də 20 yanvar həm də Azərbaycanın şərəf və ləyaqət tarixidir. Bir təsəllimiz var ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddur. Hər bir vətəndaş bu gün qürurla deyə bilər ki, mən müstəqil Azərbaycanın vətəndaşıyam.
Bu gün xalqımız 20 Yanvar hadisələrini, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtətəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.
Sonda qeyd etmək istərdim ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsi olaraq bütün xidmət sahələrində şəhid ailələrinə, onların yaxınlarına böyük qayğı ilə yanaşılır, onların hər bir probleminə xüsusi diqqət göstərilir.
20 Yanvar günü şəhid olan vətəndaşlarımızın ailələrinə başsağlığı verir və səbr diləyirəm.
Yaşar Allahverdiyev
“Ruzi” MMC-nin sədri,xeyriyyəçi