Bu ərzaqlar bahalaşdı – Qiymət artımı daha kəskin ola bilərmi?

Dünəndən Azərbaycanda bəzi məhsulların qiymətində artım müşahidə edilir. Belə ki, “Azərsun Holding” bütün növ yağ, düyü, konserv məhsullarında 7-15 faizdən çox artım edib. Bildirilir ki, sözügedən şirkət öz istehsal müəssisələrində emal və istehsal olunan məhsullarının 80 faizinin qiymətini artırıb. Bəs görəsən, qiymətlərin birdən-birə bu qədər artmasının səbəbi nədir? Qeyri-qida sahəsində də artım gözlənilirmi?

İqtisadçı ekspert Pərviz Heydərov açıqlamasında qiymətlərin bazarın tələblərinə uyğun olaraq dəyişdiyini bildirib:

“Azersun Holding”in qiymət artımı ilə bağlı adı niyə hallanır, bunu bilmirəm. Qiymət artımını şirkət etmir, bazar edir. Daxili bazarda istehlak məhsulları üzrə qiymət artımı var, bəli. Amma buna səbəb əhalinin gəlirləri artdı, buna müvafiq olaraq, bazar adekvat cavab verdi. Süni qiymət artımının baş verməməsi üçün hökümət bazara nəzarət etməyə çalışır.

Bizdə bu dəqiqə ölkənin daxili istehlak bazarında vəziyyət heç də əvvəlki illərdəkı kimi deyil ki, bu və ya digər şirkət bazarda süni qiymət artımına nail olsun. Burada hansısa şirkətin adını çəkməyə ehtiyac yoxdur. Bu, mümkün deyil.

Minimum əmək haqları, minimum pensiyalar artırıldı. Bu nə deməkdir? Bu o deməkdir ki, dövriyyəyə əlavə nəğd pul vəsaiti daxil olur. İqtisadiyyatın da qanunu var ki, dövriyyəyə əlavə nəğd vəsait daxil olanda bazar, xüsusilə, ən zəruri istehlak malları, əgər istehsal zəifdirsə, tələbatı ödəyəcək səviyyədə deyilsə, bu və ya digər subyektiv səbəblərə görə buna dərhal reaksiya verir. Beləliklə, qiymət artımı müşahidə olunur.

Belə götürəndə bazarda süni qiymət artımının olması ilə bağlı tam razılaşa bilmirəm. Çünki hökumət özü də buna nəzarət edir. Yerli istehsalda və idxalda 30 faizdən çox hökümran mövqeyə malik şirkət xüsusən nəzarət altındadır. Onların qiymət artımını tələb və təklif nisbətindən kənarda həyata keçirmək imkanları məhduddur. Bu artıq neçə illərdir ki, belədir. Heç bir şirkətin bunu etmək imkanı yoxdur. Bəli, daxili istehlak bazarında “Azersun Holding” aparıcı mövqeyə sahibdir. Bu faktla razıyam. Bu da uzun illər ərzində formalaşmış tendensiyadır. Heç kəs “Azersun”a geniş imkan yaradaraq və yaxud süni yolla dəstəkləyərək belə bir şərait yaratmayıb. Bazara nəzər yetirsəniz, görərsiniz ki, hətta bir-birinə rəqib ola biləcək yeni-yeni şirkətlər ortaya çıxır”.

“Bəli, qeyri-qida sahələrində də tələbə uyğun olaraq qiymət artımı olacağı realdır. Əhalinin gəlirinin artması və nəğd vəsaitin dövriyyədə çoxalması buna səbəb ola bilər. Ən pis halda, bahalaşma o halda ola bilər ki, ölkədə yanacağın, enerji məhsullarının qiyməti artsın. Bu sahə isə dövlət nəzarəti altında olduğuna görə, belə hal yaşanmır. Düşünürəm ki, heç yaşanmayacaq da. Əgər ki, həmin məhsullarda qiymət artsa, onda bazarda qiymət artımı daha da kəskin şəkildə özünü göstərə bilər”.

Qeyd edək ki,dünəndən bir sıra mətbuat orqanlarında və sosial şəbəkələrdə qiymətlərinin qaldırıldığı söyləninlən ərzaq məhsullarının siyahısını təqdim edirik.

1 kq “Super Sun” (əvvəl 6.30 qəpik – hazırda 6.80 qəpik),

2 kq “Super Sun” (əvvəl 11.50 qəpik – hazırda 12.50 qəpik),

4 kq “Super Sun” (əvvəl 27 manat – hazırda 28.50 qəpik),

1 kq “Ana Bala” ( əvvəl 4 manat – hazırda 4.50 qəpik),

2 kq “Ana Bala” (əvvəl 7.50 qəpik – hazırda 8.20 qəpik),

0.5 litrlik “Final” (əvvəl 1.60 – hazırda 1.70 qəpik),

2 litirlik “Final” (əvvəl 4.80 qəpik – hazırda 5.50 qəpik),

1 litirlik “Möcüzə” (əvvəl 4 manat – hazırda 4.50 qəpik),

“Sultan” düyüsünün 2 kiloqramı (hazırda 8 manat – əvvəl 7.50),

mayanez 400 qramlığı (hazırda 1.80 qəpik – əvvəl 1.50),

100 qramlıq “Beta-Tea” çayı (hazırda 2 manat – əvvəl 1.90 qəp),

250 qramlığı 5 manat (əvvəl 4.50 qəpik),

qreçka və mərcinin qiymətində 0.30 və 50 qəpik arası artım qeydə alınıb.

Qeyd edək ki, “Azərsun Holding” qiymət artımına yeni ildən başlayıb. Qiymət artımı ilə bağlı “Azersun Holding”ictimaiyyətə heç bir məlumat verməyib.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password