Uşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının səbəbləri açıqlanıb
“Hazırda ölkəmizdə epidemiya ilə bağlı hər hansı gərgin vəziyyət mövcud deyil”.
Bunu Respublikanın baş infeksionisti Cəlal İsayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, sadəcə mövsümə uyğun olaraq kəskin respirator virusları yayılıb: “Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn, adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda sadalanan hallar müşahidə edilir. Amma bunu qrip adlandırmaq doğru deyi. Bu il ölkəmizdə qripə yoluxan olmayıb. H1N1, H3N2 və sair – bunlar yayılması ehtimal olunan viruslardır. Bu il respublikada “donuz qripi”, yaxud “quş qripi”nə yoluxma barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdə qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var. Qripin viruslarını adi laboratoriyalarda təyin etmək olmur. Bu diaqnozu qoymaq üçün xüsusi reaktivlər, laboratoriyada şərait lazımdır. Bu isə hər laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır”.
Baş infeksionist bildirib ki, bu xəstəlik xüsusilə körpələrdə, aşağı yaş qrupundan olan uşaqlarda, yaşlılarda, hamilə qadınlarda, xroniki xəstəliyi olan şəxslərdə daha ağır keçir:
“Burada əsas məsələ düzgün müalicədir. Təəssüf ki, bəzən xəstəliyin sağalması üçün yanlış tədbirlərə əl atılır. Məsələn, uşaqda qızdırma müşahidə olunur, bu zaman valideynlər özbaşına, həkim təyinatı olmadan antibiotik istifadə edirlər. Halbuki qripə qarşı konkret müalicə vasitəsi zəif təsirə malikdir. O cümlədən də antibiotik çox az təsir göstərir. Buna görə də xəstə mütləq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstəxana yox, ev şəraitində müalicə olunan hallarda isə həkim çağırmaq lazımdır. Çünki xəstədə ağırlaşma halının olmaması üçün o, ən azı temperaturu olduğu müddətdə həkim nəzarətində qalmalıdır. İnsanlar xəstəliyə yoluxubsa, ictimai yerlərdə çox olmaqdan çəkinməli, maskalardan istifadə etməlidirlər. Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidirlər. Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması digərlərinin də xəstələnməsinə kifayət edir”.
Aktualinfo.org