Hikmət Hacıyev: Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil

20 Yanvar faciəsi sadəcə yanvarın 19-dan 20-ə keçən gecə baş verən bir hadisə deyildi. 20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən bir proses kimi baxmaq lazımdır.

Aktualinfo.org-un məlumatına görə, bunu bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirilirdi:

“Bu proses Dağlıq Qarabağda da baş verdi. Məhz Heydər Əliyevin Sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı planı hazırlanmışdı. Tank və digər birləşmələrdən istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi”.

H.Hacıyev vurğulayıb ki, bu proses həm də informasiya blokadası şəraitində həyata keçirildi: “Xarici jurnalistlər Moskvada akkreditasiyada idi və Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalist fədakarlıq edərək Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə getdikdən və orada mətbuat konfransı keçirildikdən sonra beynəlxalq aləmdə fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Ancaq oktyabrın 15-də isə Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil. Sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq idi. Ancaq bu mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Müstəqilliyimizi qorumalıyıq. Bu isə çətin vəzifədir. Müstəqilliyimizin qorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password