Azərbaycan xalqı şəhidlərini unutmur,ehtiramla yad edir

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Düz 30 il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə daşnakların çoxdan hazırladıqları məkrli niyyətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənib Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun qoşun birləşmələri hərbi əməliyyatlara başladı. Fövqəladə vəziyyət elan edilmədən Kremlin göstərişi ilə Azərbaycanın ərazisinə daxil olan xüsusi təyinatlı dəstələr Bakı və Sumqayıt şəhərlərinə, habelə bir neçə rayona yeridildi.

Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun xüsusi göstəriş almış bu silahlı dəstələr qəddarlıq, misli görünməmiş vəhşiliklər törətdilər. Ana Vətənin müdafiəsinə qalxan, Moskvanın bu çirkin siyasətinə etiraz edən yüzlərlə dinc insan – uşaq, qadın, qoca və gənc qətlə yetirildi, yaralandı, itkin düşdü. Bir çox inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə böyük zərər vuruldu. Xüsusi təlimat almış daxili qoşunların iri kontingentinin bu çirkin əməliyyatı nəticəsində xalqımıza qarşı qətliam həyata keçirildi.

20 yanvar şəhidlər xiyabanı üçün şəkil nəticəsi

Azərbaycana yeridilən bu ordu hissələrinin tərkibinə Stavropol, Krosnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, hətta erməni hərbi kursantlar da daxil edilmişdi. Xüsusi təlim keçmiş bu hərbçilərə Bakıda guya ciddi silahlı müqavimətlə üzləşəcəkləri, şiddətli atəşə tutulacaqları barədə yalan məlumatlar verilmişdi. Bu cinayətkar aksiya ilə insan hüquqlarına dair bir sıra beynəlxalq sənədlər, habelə BMT-nin “İnsan hüquqları haqqında ümumi bəyannaməsi” və “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktları, həmçinin keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyaları kobudcasına pozuldu. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zaman Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Bu xalqımızın inam və iradəsini qırmaq üçün hərbi güc nümayiş etdirən totalitar kommunist rejimin Azərbaycana qarşı təcavüzü və cinayəti idi.

Bu dəhşətli faciəyə ilk kəskin etiraz ümummilli lider Heydər Əliyevdən gəldi. 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər mətbuata verdiyi bəyanatı ilə bu qanlı faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırdı: “Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəsindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.

Ümummilli liderin bu qətiyyətli mövqeyi və bəyanatı Azərbaycanın informasiya blokadasına alındığı həmin ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Ulu öndər üzləşdiyi təzyiq və hədələrə məhəl qoymadan öz cəsarət və yenilməzliyi ilə doğma Azərbaycana sədaqət və məhəbbətini bir daha nümayiş etdirdi. Ulu öndər o vaxt Arxangelsk televiziyasına verdiyi müsahibədə də bu qətiyyətli mövqeyini təsdiqlədi. 20 Yanvar hadisələrinə ilk hüquqi-siyasi qiymət də 1991-ci il noyabr ayında—ulu öndərin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Ulu öndər Heydər Əliyev 1990-cı ilin iyulunda Naxçıvana qayıtdıqdan və 1991-ci il sentyabr ayının 9-da Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra faciəyə hüquqi-siyasi qiymət vermək imkanı yarandı.

Qanlı Yanvar faciəsi hərtərəfli, əhatəli və dolğun siyasi qiymətini məhz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aldı. Heydər Əliyevin 1994-cü il 5 yanvar tarixli fərmanında faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olundu. Həmin il yanvar ayının 12-də Heydər Əliyevin sədrliyi ilə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclası keçirildi. İclasda çıxış edən Heydər Əliyev hadisəyə tam və hərtərəfli hüquqi-siyasi qiymətin verilməsi vacibliyini önə çəkdi. Dövlət Komissiyasının ciddi fəaliyyəti nəticəsində 1994-cü il mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirildi. Eyni zamanda, 20 Yanvar hadisələri zamanı şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirildi. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu. Şəhidlərin xatirəsinə ucaldılmış xüsusi memorial kompleks də ulu öndərin təşəbbüsü ilə ərsəyə gəldi.

Dövlətimizin başçısı cənab İlham Əliyev bu ənənəyə sadiq qalaraq Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı hər il Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir.

20 Yanvar faciəsindən 30 il keçir. Xalqımız hər il yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur, şəhidlərimizi ehtiramla yad edir. Şəhidlər Xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş soydaşlarımızın məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar. Dövlətimizin başçısı cənab İlham Əliyev deyib: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Bəli, Azərbaycan xalqı şəhidlərini unutmur. Çünki onlar nəsillərə nümunə, örnək olacaq igidlik və cəsarət nümayiş etdirib əbədiyyətə qovuşdu.

 

                                                                                                                                                                          Rəfail Mehralıyev

                                                                                                                                                              Bakı şəhər Mənzil -Kommunal

                                                                                                                                                              Təsərrüfatı Departamentinin sədri

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password