Xalq artisti: – “Mənim sənətdəki statusum heç də deputatdan aşağı deyil”

Ankarada konsertdə idim. Zəng vurub dedilər ki, mətbuatda mənim deputatlığa namizədliyim haqda məlumatlar yayılıb. Özü də mən, Yeni Azərbaycan Partiyasının (YAP) adından namizədliyimi irəli sürmüşəm.

Cavab olaraq dedim ki, heç bir partiyanın üzvü deyiləm. Bütün partiyalara mənim dərin hörmətim var. YAP isə bizim aparıcı partiyalarımızdan biridir. Amma üzvü olmadığım partiya mənim namizdəliyimi necə irəli sürə bilər? Deputat olmaq istəsəydim, namizədliyimi irəli sürərdim. Bu, mənim haqqımdır. Amma heç vaxt düşünməmişəm.

Bu sözləri Xalq artisti Mənsum İbrahimov Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Xanəndə öz sahəsində işlərinin çox olmasından dolayı, deputat olmaq istəmədiyini açıqlayıb:

“Düşünürəm ki, öz sahəmdə görüləcək işlər yetərincə çoxdur. Bu gün mənim cəmiyyətdə statusum var. Həm muğam professoru kimi, həm də müğənni kimi. Təkcə 2019-cu ildə 14 ölkədə canlı solo konsert proqramı ilə çıxış etmişəm. Bu, adi bir göstərici deyil. Söhbət xarici ölkələrdəki konsertlərin sayından gedir. Eyni zamanda, mən Azərbaycanın bir çox bölgələrində kifayət qədər konsert vermişəm. Paytaxtda da konsertlər olub. İşim həddən artıq çoxdur. Məhz bu səbəbdən başım işlərimə qarışıb”.

“Sosial şəbəkə izləyiciləri incəsənət nümayəndələrinin deputat olmaq istəklərinə sərt reaksiya bildirirlər” şərhinə Xalq artistinin fikirləri birmənalı olmayıb:

“Hər bir Azərbaycan vətəndaşının konstitusiya hüququ var ki, deputatlığa namizədliyini irəli sürsün. Heç kim digərinin haqqını məhdudlaşdıra bilməz. Son sözü təbii ki, xalq deyəcək. Buna normal baxıram. Kim özünü orada görmək istəyirsə, onun haqqıdır. Milli Məclisdə mədəniyyət xadimləri mütləq şəkildə olmalıdır. Amma orada özümü hələ ki, görmürəm. Sənətimlə məşğul olsam, daha çox faydam olar.

İstəyərdim ki, hüquqşünaslarımız, iqtisadçılarımız, tarixçilərimiz, alimlərimiz namizədliyini irəli sürüb fəaliyyətlərini davam etdirsinlər. Oraya ona görə gedirlər ki, tribunadan çıxış edib, söz desinlər. Mənim əlimdə tribuna var. İstədiyim telekanallar, saytlar vasitəsi ilə öz sözümü çatdıra bilirəm. Hansısa hadisəyə də öz fikirlərimi azad şəklində bildirirəm. Mənim statusum heç də deputatdan aşağı deyil. Artıqdır, əskik deyil.

Məni dəstəkləyən insanların sayı çox oldu. Qarabağ bölgəsindən nə qədər telefon zəngləri, mesajlar aldım. Hamı bir ağızdan deputat olmağımı istədikləri ilə bağlı xoş sözlər söylədilər. Amma hələ ki, istəmirəm”.

Xalq artisti Canəli Əkbərovun tez-tez təhqirlərinə tuş gələn M.İbrahimov redaksiyamızın əməkdaşı ilə söhbətində təmkinli açıqlamaları ilə diqqət çəkib:

“Bu inciklik və küsülülük mən tərəfdən olmayıb. Hamı da bilir. Söhbətin mənə aidiyyəti belə yox idi. Amma bütün bunlara rəğmən, öz kiçikliyimi göstərdim. Böyüyün ayağına getdim. Bir də görürsən ki, ata ilə oğul arasında söz-söhbət, dava-dalaş olur. Bu addımı da mən özüm atdım. Bilirsiniz ki, Canəli müəllimin səhhətində ciddi problemlər yaranıb. Gedib onu xəstəxanada ziyarət etdim. Ağsaqqallara hörmət etmək bizim hər birimizin borcudur.

Düşünürəm ki, hamı öz yerini bilməlidir. İstər sənətdə, istər həyatda. İddiası böyük olan insanlar sənətdə problemlərlə üzləşirlər. Hər zaman öz tələbələrimə də bu kimi incəlikləri aşılamağa çalışıram. Bacarıqlarınızdan üstün danışmayın. Belə olduğu halda, problemlərlə üzləşəcəksiniz. Çünki imkanla iddia üst-üstə düşməlidir. Mən də çox şey istəyirəm. Amma gərək sən ona layiq olasan”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password