“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının alman dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Tarix İnstitutundan mətbuata verilən məlumata görə, “İrəvan xanlığı” kitabı Prezident İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Kitabın elmi redaktoru və layihə rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, tərcüməçisi və redaktoru isə filologiya elmləri doktoru, professor, Aleksandr fon Humboldt Fondunun laureatı Səadət Zeynalovadır. Yaqub Mahmudov kitaba “Ermənilərin XIX əsrdə Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixi həqiqətdir” adlı geniş ön söz yazıb.

Təqdimat mərasimini giriş sözü ilə açan Yaqub Mahmudov yeni nəşrin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib. O, bu kitabın indiyədək bir sıra dillərə – türk, ingilis, rus, rumın, italyan, ərəb və ispan dillərinə tərcümə olunduğunu qeyd edib.

Akademik deyib ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə – XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir.

Alimlər Tofiq Mustafazadə, Kərim Şükürov, Güntəkin Nəcəfli, Hacı Həsənov və Səadət Zeynalova müasir Ermənistan dövlətinin ərazisinin qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Tədbirdə bildirilib ki, “İrəvan xanlığı” kitabı müxtəlif dünya dillərinə tərcümə edilib və nəşrin İtaliyada, Rumıniyada, Misirdə, Küveytdə və digər ölkələrdə təqdimatı keçirilib. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Prezident İlham Əliyev bütün bu uğurlara görə Tarix İnstitutunun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Tədbir çərçivəsində İrəvan xanlığına həsr olunan videoçarx nümayiş etdirilib.

Almandilli oxuculara təqdim olunan kitabda İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, sərhədləri, inzibati bölgüsü, idarəçilik sistemi, mədəniyyəti və xarici siyasətindən, çar Rusiyasının işğalçılıq planlarından, xanlığın çar Rusiyası tərəfindən ələ keçirilməsindən, işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin Qacarlar İranından və Osmanlı imperiyasından kütləvi surətdə köçürülmələrindən, İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsindən bəhs edilir.

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password