“Ermənistanda bunu dilə gətirməyə qorxurlar” – Türkiyə-Rusiya dostluğu Azərbaycana nə vəd edir?
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl daha bir Türkiyə-Rusiya ortaq layihəsinin açılışı olub. Belə ki, İstanbulda “Türk axını” qaz kəməri açılıb. Ümumiyyətlə, son 4 ildə Türkiyə və Rusiya arasında ciddi yaxınlaşma, əməkdşalıq müşahidə olunur. Rusiyanın prezidenti Vladimir Putin də bildirib ki, beynəlxalq oyunçular tərəfindən müdaxilələrə baxmayaraq, Rusiya-Türkiyə əməkdaşlığı bütün sahələrdə inkişaf edir.
Bəs Türkiyə və Rusiyanın bu dərəcədə yaxınlaşması Azərbaycana, Cənubi Qafqaza nə vəd edir? Bu yaxınlaşma Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, iki dövlət arasında hələ ki, Qarabağ münaqişəsi məsələsi ciddi müzakirə edilməyib. Türkiyə lideri Rəcəb Tayib Ərdoğan sözügedən məsələ haqqında bir dəfə Rusiya prezidenti ilə danışsa da, Putin buna maraq göstərməyib:
“Rusiya Azərbaycanın qonşusudur. Bizim dostluq münasibətlərimiz var. İqtisadi-ticarət əlaqələri də getdikcə artır. Azərbaycanın da Rusiya ilə ortaq layihələri var. Buna Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini nümunə kimi göstərmək olar. Eyni zamanda Rusiya bizə qardaş, strateji müttəfiq olan Türkiyə ilə son dövrlər strateji tərəfdaşlıq qurub. Onların hərbi əməkdaşlığı da var, raketlər satır, Türkiyədə atom elektrik stansiyası tikir. Bundan da belə görünür ki, Rusiya Türkiyə arasında əməkdaşlıq daha da artacaq.
Bizim bölgəyə bu yaxınlaşmanın nə təsiri olacaq? İndi Türkiyə və Rusiya Yaxın Şərqdə baş verən prosesləri müzakirə edirlər. Hesab edirəm ki, bir müddət keçəndən sonra Türkiyə liderinin də təşəbbüsü ilə Cənubi Qafqazdakı məsələlər müzakirə edilə bilər. Əsasən də Dağlıq Qarabağ münaqişəsi. Bu məsələ Rusiya və Türkiyə prezidentlərinin nə vaxtsa müzakirə predmetinə çevirilə bilər. Çünki Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Rusiya da tanıyır. Hər iki dövlət istəməz ki, bölgədə müharibə olsun. Yetər ki, Rusiya bu məsələyə maraq göstərsin. Çox təəssüf ki, hələ ki, maraq göstərmir.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu məsələni Rusiya prezidenti qarşısında qaldırıb, amma elə bir maraq görməyib. Lakin gələcəkdə mümkündür ki, bu məsələyə diqqət artsın. Nə vaxt olacağını söyləmək hələ ki, çətindir. Buna baxmyaraq, Türkiyə və Rusiya arasındakı münasibətlərin belə inkişafı Cənubi Qafqazda da müsbət atmosfer yaradır. Təsəvvür edin, bir neçə il əvvəl Türkiyə Rusiyanın təyyarəsini vurduqdan sonra iki ölkə arasında vəziyyət gərginləşdi, bunun bölgəyə də mənfi təsiri oldu. İndi Allaha şükür, münasibətlər yaxşıdır. Bu, Azərbaycanın haradasa təhülkəsizlik maraqlarına cavab verir”.
Politoloq bu yaxınlaşmanın Ermənistanda narahatlıq yaratdığını söyləyib:
“Bilirsiniz, bu yaxınlaşmanın hələ ki, Ermənistana təsirləri yoxdur. Doğrudur, Ermənistanda narahatlıqla izləyirlər ki, Rusiya Türkiyə ilə yaxınlaşır. Ermənistanda bəziləri qorxur ki, bunun Ermənistana mənfi təsirləri ola bilər. Əslində, sülh-barış Ermənistanın özünə xeyirdir, amma bunu anlamaq istəmirlər. Qarabağ münaqişəsi ədalətli həllini tapsa, Ermənistan regional layihələrdən pay, qazanc götürə bilər. Bunu anlayanlar da Ermənistanda bu fikirləri dilə gətirməyə qorxurlar.
Amma yenə təkrar edirəm, hələ ki, Rusiyanın mövqeyində bir dəyişikliki yoxdur. Bölgədə proses o zaman müsbətə doğru dəyişəcək ki, Rusiyanın münaqişəyə baxışı dəyişsin. Bəli, Rusiya sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma əməldə görürük ki, işğalçı Ermənistana dəstək davam edir, orada hərbi bazalarını gücləndirir və Ermənistana təsir etmir ki, həll planı işə düşsün. Nə qədər bu proses davam edəcək, Ermənistan özünü arxayın hiss edəcək”.