Pərviz Şahbazov: “TANAP və “Türk axını” bölgənin enerji təhlükəsizliyinə xidmət edəcək”
“TANAP və “Türk axını” təbii qaz kəmərləri bir-birinə rəqib deyil. Əksinə hər iki layihə bölgənin, həm Türkiyənin, həm də Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək”.
Aktualinfo.org xəbər verir ki, bunları İstanbulda “Report”un Türkiyə müxbirinə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov bildirib.
“Türk axını” layihəsinin TANAP-a alternativ olmasından söhbət gedə bilməz. Bu layihələr paralel olaraq həyata keçiriləcək Hər ikisi bölgənin, həm Türkiyənin, həm də Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinə xidmət edəcək”-, nazir qeyd edib
Rusiya qazının TANAP vasitəsilə nəqlinin mümkünlüyünə gəlincə isə o qeyd edib ki, bu variant müəyyən mərhələlərdə mümkün olan ssenarilərdən biridir: “Hazırda bu haqda konkret nəsə demək çətindir. Düşünürəm ki, bütün ölkələrin istəkləri və imkanları olduqda mövcud infrastrukturdan istifadə etmək imkanı olacaq”.
Nazir, həmçinin əlavə edib ki, Rusiya və Türkiyə arasındakı yeni qaz kəməri olan “Türk axını” region üçün önəmli layihədir və Azərbaycan əvvəldən bu layihəyə dəstəyini bildirib: “Biz düşünürük ki, bu layihə həm Rusiya, həm də Türkiyə üçün bir sıra məsələlərin həllində böyük rol oynayır. Bu layihə Türkiyənin enerji təhlükəsizliyini təmin etməyə, Türkiyənin iqtisadi inkişafına öz töhfəsini verir. Layihə Rusiya üçün də önəmlidir”.
Nazir Azərbaycanın Türkiyə və Rusiya ilə əməkdaşlığından da danışaraq bildirib ki, Azərbaycan Türkiyə ilə enerji sahəsində böyük əməkdaşlıq həyata keçirir: “Azərbaycan bu günə qədər qədər Türkiyədə ancaq enerji sektoruna 11,3 mlrd. dollar məbləğində investisiya yatırıb. SOCAR Türkiyədə ən böyük xarici sərmayədardır. Eyni zamanda, Azərbaycan və Türkiyə beynəlxalq əhəmiyyətə malik layihələr həyata keçirib və keçirməkdə davam edir. Türkiyədə “Petkim”, STAR kimi layihələr həyata keçirilir. Bütün bunlar Azərbaycanla Türkiyənin enerji sahəsində əməkdaşlığına böyük töhfə verir. Bundan sonra da bir sıra layihələr həyata keçiriləcək. Azərbaycan Rusiya ilə də yaxın tərəfdaş ölkədir. Beləliklə, Türkiyə ilə Rusiya arasında həyata keçirilən layihələr, eləcə də Azərbaycanla Türkiyə arasında həyata keçirilən layihələr ölkələrin, regionun inkişafına xidmət edir. Düşünürüəm ki, bu layihələr bu üç ölkənin iqtisadi inkişafına böyük töhfə verməkdədir”.