Xarici qoşunları çıxarmaq qərarı hansı təhlükələr yarada bilər? – İraqla bağlı gizlinlər

Xəbər verdiyimiz kimi, yanvarın 5-də İraq parlamenti ölkə ərazisindəki xarici hərbi qüvvələrin fəaliyyətinin dayandırılmasına, ölkənin qanunverici orqanı isə İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə imzalanmış sazişin qüvvədə olma müddətinin dayandırılmasına səs verib. 

Bu qərardan sonra ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İraq hakimiyyətinin tələblərini yerinə yetirərək qoşunlarını bu ölkənin ərazisindən çıxaracağını bildirib. Pentaqon rəhbəri Mark Esper isə əks fikir səsləndirib. O bildirib ki, ABŞ-ın İraqdan qoşun çıxarmaq niyyətində olmadığını açıqlayıb.

Bəs görəsən, bu qərarın icrası nə dərəcədə mümkündür? Ümumiyyətlə, bu qoşunların çıxarılması İraqı hansısa təhlükə, fəlakətlə üz-üzə qoya bilərmi? İŞİD yenidən bu ərazidə güclənə bilərmi?

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu  açıqlamasında bildirib ki, bu qərarın icrası indiki zaman üçün mümkünsüzdür:

“Hazırda Amerikanın 5 min hərbiçisi, qeyri-rəsmi olsa da, İranın hərbi qruplaşması, Türkiyə hərbi qüvvələri var. Məhz ona görə, ABŞ Qasım Süleymanini öldürdü ki, orada İranın qüvvələrini olduğunu isbatlasın. İraq üçün ən problem yaradan cəhət odur ki, orada terrorçular və silahlı qruplar çoxdur. Kürdlərin, şiələrin olduğu qruplaşmalar buna aiddir.

Yəni, Səddam Hüseyn devriləndən sonra İraq poliqona çevirilib və hələ də düzəlməyib. Tam əksinə, vəziyyət pisləşdi, üstəgəl bu yaxınlarda da çeviriliş oldu və 300-dən çox adam öldürüldü.

İraq bu qərarı çıxardıb, amma bu o demək deyil ki, Türkiyə və ya Amerika oradan öz qüvvələrini çıxardacaq. Türkiyə qüvvələrinin orada olmasına səbəb PKK-ya qarşı mübarizə aparmasıdır. Əgər, İraq özü ərazisinə nəzarət etsəydi, başqa ölkələrin qüvvələri orada olmazdı. Nə qədər ki, İraq ərazisindən təhlükə var, xarici qüvvələr, çox təəssüf ki, oradan çıxmayacaq”.

Ekspert bu qərarın İranın narazılığının qarşısının alınması üçün verildiyini söyləyib:

“Bu qərar emosional qərardır, çünki generalın öldürülməsindən sonra verilib. Buna görə də, xarici ölkələr də, elə Amerikanın özü də hərbi qüvvələrini oradan çəkməyəcək. Sadəcə İraq başqa cür hərəkət edə də bilməzdi. Çünki onda İranın narazılığı ilə üzləşərdi. Bir müddət keçəcək, başlar soyuyacaq, ondan sonra məncə, hər şey vəziyyətinə qayıdacaq. Pentaqon açıqlama verdi ki, İraqdan çıxmayacaqlar.

İraq hakimiyyəti ölkəyə nəzarət edə bilmir. İqtisadi vəziyyətin ağırlığı, işsizlik – bütün bu problemlər Səddam Hüseynin devrilməsindən sonra yarandı. Ölkə faktiki olaraq parçalanıb: şimalda kürdlər idarə edir, cənubda şiələrin nüfuzu daha çoxdur. Belə vəziyyətdə hökumətin qərarı tanınmayacaq. Ölkə acınacaqlı vəziyyətdədir.

İraqda vəkalət müharibəsi gedir. Eyni zamanda qoşunların oradan çıxarılmaması o deməkdir ki, İŞİD-lə mübarizə hələ də davam edəcək”.(yenisabah.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password