Sözügüdən istixanaların işləməsi milyonlarla dövlət vəsaitinin sərfi hesabına başa gəlir…
“Azərenerji” ASC-nin Xaçmaz rayonunda yerləşən modul elektrik stansiyasında dünyada analoqu olmayan hadisə baş verib. Belə ki, 30 hektar sahəyə malik olan bu strateji dövlət müəssisəsinin ərazisində 10-dan çox istixana quraşdırılıb. Bu ərazilərdə hər hansı bir sahibkarlıq subyektinin fəaliyyət göstərməsi qeyri-mümkün olsa da, artıq bir ildən çoxdur ki, radiaktiv şüalanmaya malik olan həmin istixanalarda pomidor məhsulu yetişdirilir.
Dövlət mülkiyyətində olan bu ərazidə fəaliyyət göstərən istixananın sahibinin kimliyi qaranlıq qalsa da, bir fakt gün kimi aydındır ki, sözügüdən istixanaların işləməsi milyonlarla dövlət vəsaitinin sərfi hesabına başa gəlir. Belə ki, stansiya ərazisində qanunsuz olaraq salınan bu istixananın istilik mənbəyi birbaşa stansiyanın elektrik generatorları vasitəsilə təmin olunur.
Məlumat üçün bildirək ki, stansiyada 10 ədəd enerji istehsal edən generator işləyir. Gecə saatlarında enerji tələbatı azaldığından həmin qurğuların bir neçəsi səhər saatlarına qədər dayandırılır. Qazı elektrik enerjisinə çevirən bu generatorların bir günlük fəaliyyəti külli miqdarda qaz sərfiyyatı hesabına başa gəlir. Enerji təlabatına uyğun olaraq həmin mühərriklər sistemli olaraq fasilələrlə işlədilirdi. Bununla da həm mavi yanacağa, həm də işçilərin əmək saatlarına qənaət edilmiş olurdu. Lakin istixanalar fəaliyyətə başladıqdan sonra bu mühərriklərin fəaliyyətində heç bir fasilə yaranmır. Yəni istixanalara görə bu generatorlar fasiləsiz olaraq gecə-gündüz çalışır. “Azərenerji” ASC isə “Azəriqaz”dan aldığı hər kubmetr qazın pulunu qəpiyinə qədər ödəyir.
Görəsən, belə strateji bir məkanda bu cür imtiyazlarla, dövlət vəsaiti hesabına hər il milyonlarla manat gəlir əldə edən şanslı sahibkar kimdir? Digər tərəfdən stansiyada bu istixanalar salınanda radiaktiv şüalanma riski niyə nəzərə alınmayıb?Məsələ ilə bağlı dəfələrlə “Azərenerji” ASC-nin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı.Qarşı tərəfin fikrini də öyrənməyə hazırıq. (mediapress.az)
P.S. Yeri gəlmişkən, daha bir faktı da qeyd edək. Belə ki, istixanaların fəaliyyətinə qədər həmin stansiyada çalışan əməkdaşlara bayram günlərində 100 manat mükafat verildiyi halda, indi bu məbləğ 50 manata salınıb. Ən gülməlisi də odur ki, qalan 50 manatın əvəzinə hər əməkdaşa 3 kq pomidor “hədiyyə edilir”.(konkret.az)