Növbəti illərdə də ölkəmiz inkişaf və tərəqqi yolunda böyük zirvələr fəth edəcək

Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə rəsmi Bakının yürütdüyü məqsədyönlü xarici siyasət nəinki keçmiş ittifaq respublikaları, eləcə də, bütün region üçün bir nümunə, model sayıla bilər. Müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu daim artmaqdadır. Son on altı ildə qazanılan nailiyyətlərin uğurlu nəticəsidir ki, Azərbaycan regionun lider dövlətidir.
Ölkəmiz müstəqil, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsinə, Qərbə, Avratlantik strukturlara, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib. Xarici siyasətimizin əsas missiyalarından biri məhz bundan ibarətdir ki, Azərbaycan bu əməkdaşlığı özünün maraqlarının təmin edilməsinə, qarşısına çıxan problemlərin həllinə istiqamələndirir, bununla da öz məqsədlərinə nail olur. Bu, bir daha sübut edir ki, gənc dövlətlər həmişə yalnız güclü dövlət başçısının rəhbərliyi altında öz müstəqilliklərini qoruya, onu daha da möhkəmləndirə bilərlər. Müstəqil Azərbaycan dövlətinin, onun bugünkü möhtəşəm uğurlarının timsalında bu reallıq özünü aydın göstərir. Azərbaycan son illərdə öz sürətli iqtisadi inkişaf tempini saxlamış və yürüdülən düzgün siyasətin məntiqi nəticəsi birmənalı olaraq təsdiqləyir ki, Azərbaycanda Prezident İlham Əliyevə alternativ yoxdur.
Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev prezident seçkisi öncəsi xalqla görüşlərində vəd etdiyi işlərin hamısı reallığa çevrilib. Hazırda qlobal miqyasda yaşanan çətinliklərin – siyasi qarşıdurmaların, müharibələrin, terror hadisələrinin, sosial-iqtisadi tənəzzülün və bu kimi digər kataklizmlərin fonunda Azərbaycandakı vəziyyət ölkə vətəndaşlarında böyük nikbinlik yaradır. Respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir və özünün inamlı inkişafını davam etdirir.
Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub qaz dəhlizi”, TANAP və TAP kimi layihələrin təşəbbüskarı, onun həyata keçirilməsində əsas söz sahibi ölkəmiz olmuşdur. Oktyabrın 30-da isə dünyanın 100 iri layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı ilə Azərbaycan növbəti beynəlxalq əhəmiyyətli layihənin reallaşmasını həyata keçirdi. BTQ iqtisadi layihədir, yəni əsas məqsəd Şərqdən, xüsusən Çindən Avropaya yük və sərnişin daşımaqdır. Lakin bu layihənin həm də mühüm siyasi əhəmiyyəti var. Dünyada tranzit ölkələrin siyasi məsələlərdə böyük dividendlər qazanması məlum həqiqətdir. Bu baxımdan dünyada və regionumuzda baş verən siyasi hadisələr fonunda layihəyə diqqət yetirdikdə onun əhəmiyyəti aydın görünür. Deməli, BTQ Bakı-Tbilisi-Ceyhandan sonra müstəqilliyimizin nailiyyəti olan ikinci böyük layihədir.
Bakı-Tbilisi-Qars dəmir yolu həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli bir layihədir. Bakı-Tbilisi-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq gücünə malikdir. Dəmir yolunun ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var. BTQ layihəsi Qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəkəsinə inteqrasiya olunub. Şərqdə isə Xəzər dənizinin şərq limanları vasitəsilə Çinə qədər uzanacaq.
Ötən on altı ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramı və ayrı-ayrı regionlar üzrə inkişaf proqramları Azərbaycanın simasını büsbütün dəyişdirdi. İndi elə bir gün olmaz ki, hansısa kiçik də olsa bir müəssisə işə düşməsin, yeni iş yerləri yaradılmasın, abadlıq-quruculuq işləri aparılmasın. Yollar, körpülər salınır, içməli və suvarma su problemləri həll edilir, ekoloji problemlər həllini tapır, ərzaq təhlükəsizliyi həyata keçirilir, aqrar sahənin inkişafı üçün dövlət tərəfindən təmənnasız yardımlar edilir. Səhiyyə ocaqları, məktəblər inşa edilir və onlar ən son texnologiyalarla təmin edilir. Azərbaycan tarixində elə bir dövr olmayıb ki, on dörd ildə inşa edilən səhiyyə və təhsil ocaqlarının sayına bərabər olsun.
Təbii ki, ötən on altı ildə görülmüş işləri saymaqla qurtarmaq olmaz. Çünki hər gün ən azı bir-iki belə yeniliklə, sosial-iqtisadi inkişafımızı əks etdirən göstəricilərlə zəngindir. Xalq bunları görür, qiymətləndirir. Odur ki, oktyabrın 9-da bu inkişafa, bu tərəqqiyə, bu rifahlı cəmiyyəti yaradan düzgün siyasətə səs verdi, onu bir daha müdafiə etdi. Güclü və qüdrətli Azərbaycanın gələcəyinə tam təminat verən cənab İlham Əliyevə səs verdi. Çünki bu liderin alternativi yoxdur. Təcrübəli ekspertlər də birmənalı olaraq təsdiqləyirlər ki, Heydər Əliyevin müəyyən etdiyi strategiyanı, siyasi kursu başqa heç kim cənab İlham Əliyev kimi uğurla inkişaf etdirə bilməzdi.
Bu məqamda on altı il əvvəli xatırlayaq. 2003-cü il prezident seçkiləri ərəfəsində ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqına ünvanladığı müraciətində cənab İlham Əliyev haqqında demişdir: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. O zaman xalqımız böyük səs çoxluğu ilə cənab İlham Əliyevin namizədliyini dəstəklədi və andiçmə mərasimində İlham Əliyev dedi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Bəli, ötən on altı il Heydər Əliyev uzaqgörənliyi, İlham Əliyevin realist, praqmatik olduğunu dönə-dönə sübuta yetirdi. Həmçinin, xalq müdrikliyi bir daha təsdiqini tapdı. Və bütün prezident seçkilərində də xalq İlham Əliyevin əməli fəaliyyətini, şəxsi keyfiyyətlərini bir daha təsdiqlədi və bütün dünya yenidən ümummilli liderimiz Heydər Əliyev siyasətinin, işıqlı ideyalarının təntənəsini gördü. İnamla deyə bilərik ki, növbəti illərdə də ölkəmiz inkişaf və tərəqqi yolunda böyük zirvələr fəth edəcək, demokratik prinsiplər möhkəmlənəcək, iqtisadi qüdrətimiz qat-qat artacaqdır.

Rəfail Mehraliyev 

Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin sədri

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password