Bakıda dərsdə cangüdənlə oturan şagirdin kimliyi bəlli oldu
Aktualinfo.org xəbər verir ki, demokrat.az-ın yaydığı məlumata görə, sözügedən məktəbli qız Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ikinci sinfdə təhsil alan nəvəsidir.
O, hazırda təhsil aldığı 134 saylı məktəbə mühafizəçi ilə gedib-gəlir. Azyaşlı şagirdin bu hərəkəti məktəbdə təhsil alan digər şagirdlərin ciddi narahatlığına səbəb olub.
Məzahir Pənahovun nəvəsi olan şagirdin bundan öncə isə 6 saylı məktəbdən intizamsızlığına görə çıxarıldığı deyilir.
Məsələ ilə bağlı 6 və 134 saylı məktəblərin telefon nömrələri ilə əlaqə saxladıq. Lakin qeyri-iş günü olduğu üçün telefon zənglərimizə cavab verən olmadı.
Xatırladaq ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, tanınmış aparıcı Anar Nəcəfli bir neçə gün öncə sosial şəbəkə hesabında “status” yazaraq bildirib ki, onun övladının oxuduğu sinifdə vəzifəli şəxslərdən birinin nəvəsi də oxuyur və sinifdə mühafizə ilə birlikdə oturur.
Tanınmış aparıcının açıqlaması mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunub.
Bu müzakirələrdən sonra Anar Nəcəfli yazdığı “statusu” sosial şəbəkə hesabından silsə də, onun sosial şəbəkə hesabından silinən həmin “statusunu” olduğu kimi təqdim edirik:
“Oğlumun sinifinə təzə bir qız gəlib. Bir vəzifəli şəxsin nəvəsidir. Məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz!! Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimlər isə işdən çıxarılmadan qorxurlar!! Bəs bunu o biri uşaqlar görür axı və bu onların tərbiyəsinə təsir edir axı!! Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə!!”.