İlham Əliyev: Bu, hər bir rayon rəhbərliyi üçün siqnal olmalıdır

Bizim əsas vəzifələrimizdən biri vətəndaşları işlə təmin etməkdir və buna nail oluruq.

Aktualinfo.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirədə giriş nitqində deyib.

Dövlət başçısı bildirib: “Beləliklə, dörd il ərzində görülmüş kompleks tədbirlər nəticəsində biz pambıqçılığı dirçəltdik. Bəzi rəqəmləri gətirməklə mən bu sözləri təsdiqləyəcəm. Beləliklə, 2015-ci ildə, – o ildə ki, artıq mən bu sahəni itirdiyimizi gördüm, – 18 min hektardan 35 min ton pambıq tədarük edilmişdir. Hər hektardan məhsuldarlıq 18,8 sentner idi. 2016-cı ildə artıq 51 min hektarda pambıq əkildi və 89 min ton pambıq tədarük edildi. Yəni, 2016-cı il bizim pambıqçılıqla ciddi məşğul olduğumuz birinci ildir, hektardan məhsuldarlıq 17 sentnerdən bir qədər çox idi. 2017-ci ildə biz pambıq əkini sahələrini kəskin artırdıq. Onu da bildirməliyəm ki, sonra biz bəzi torpaqların düzgün seçilmədiyini gördük və o torpaq sahələrini azaltdıq. Ancaq əlbəttə ki, biz hər şeyi bəri başdan görə bilməzdik. Ona görə biz 2017-ci ildə 136 min hektarda pambıq əkdik və 207 min ton məhsul götürdük. Hektardan məhsuldarlıq isə 15,2 sentnerə düşdü, çünki bəzi torpaqlar pambıqçılıq üçün yararsız idi. 2018-ci ildə artıq əkin sahələri azalmağa başlamışdır və 132 min hektarda pambıq əkildi. Ancaq daha çox məhsul götürdük, 233 min ton. Hektardan məhsuldarlıq artdı və 17,6 sentnerə qalxdı. Bu il isə hesab edirəm ki, ən optimal variant təsdiqlənərək, 100 min hektarda pambıq əkildi və 294 min ton məhsul götürüldü. Hektardan məhsuldarlıq 29,4 sentner olmuşdur. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir.

Məndə 1980-ci illərin statistik məlumatları da var. Deyə bilərəm ki, ancaq tarixdə cəmi üç il Azərbaycanda hektardan məhsuldarlıq 30 sentnerdən çox olmuşdur. Bu, 1979-cu ildə 30,8 sentner, 1980-ci ildə 35,4 sentner və 1981-ci ildə 35,9 sentner təşkil etmişdir. Bütün tarix boyu cəmi üç il ərzində hektardan məhsuldarlıq 30 sentnerə yaxın olmuşdur və bu il biz bunu artıq görürük. Əminəm ki, bundan sonra görüləcək tədbirlər nəticəsində məhsuldarlıq daha da artacaq. İndi bu barədə burada məlumat veriləcək. Çünki indi pilot layihələr var. Pilot layihələrdə pambıq müasir texnologiya əsasında əkilir və orada məhsuldarlıq daha çoxdur. Əgər biz indi pilot layihələri ölkə üzrə geniş yaysaq, əlbəttə ki, 100 min hektardan daha çox məhsul götürəcəyik.

Pambıqçılıq çox gəlirli kənd təsərrüfatı sahəsidir. Onu da xatırlayıram ki, mən 2015-ci ildə bu məsələ ilə özüm şəxsən məşğul olmağa başlayanda bəzi hökumət üzvləri hesab edirdilər ki, pambıqçılıq, ümumiyyətlə, Azərbaycandan çıxarılmalıdır. Bu, gəlirsiz sahədir və bunun heç bir perspektivi, gələcəyi yoxdur. Mən, sözün düzü, təəccüb etdim, çünki necə ola bilər ki, əsrlər boyu pambıq yetişdirilib, əsrlər boyu bizim kəndlər bu sahədə fəal olub. Bu, ənənəvi sahədir, böyük təcrübəmiz var, insanlar buna öyrəşiblər. Məgər sovet dövründə bilmirdilər ki, harada pambıq əkilə bilər, harada əkilə bilməz. Sovet dövründə hər şeyi bilirdilər. Dövlət Plan Komitəsi var idi, hər şeyi dəqiqliyi ilə bilirdilər harada nə əkilməlidir, harada nə tikilməlidir. Ona görə yenə də deyirəm, bizim baxışlarımız və çox məqsədyönlü siyasət pambıqçılığı gəlirli sahəyə çevirdi və artıq gəlirlər zənciri də yaradıldı. Bir də ki, pambıq ixracyönümlü məhsuldur. Mahlıcı satmaq üçün bazar axtarmaq lazım deyil, dünya birjalarında satılır. İndi hər bir ölkənin istehsalçıları qarşısında duran əsas məsələlərdən biri də bazara çıxışlardır. Çünki bazarlar da məhdudlaşır. Bir çox ölkələr öz tələbatını daxili imkanlar hesabına ödəməyə başlayıblar. İdxaldan asılılığı azaltmaq təkcə bizim siyasətimiz deyil, bir çox ölkələr bu yolla gedirlər. Bizim ənənəvi bazarlarımızın yerləşdiyi ölkələr əgər gələcəkdə öz tələbatını daxili resurslar hesabına təmin edəcəklərsə, biz haraya mal satacağıq və nəyi satacağıq. Pambıq o məhsullardandır ki, bunun üçün bazar axtarmaq lazım deyil. Birja var və birjada satılır. Özü də biz, – bu barədə də danışacağıq, – əgər yığımdan son məhsula qədər bu zənciri yaratsaq, – biz bunu yaratmalıyıq, – onda hər bir zəncirin sonunda əlavə dəyər formalaşacaq. Beləliklə, bu işlərə cəlb edilən əmək qüvvəsi daha da böyüyəcək və gəlir daha da artacaq.

Biz hazırda bu işin ilkin mərhələsindəyik. Ancaq buna baxmayaraq, deyə bilərəm ki, bu ilin doqquz ayında pambıqçılıq fermerlərə və şirkətlərə, ümumiyyətlə, Azərbaycana 111 milyon dollar gəlir gətiribdir. Yəni, 111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda, pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur. Bu rəqəmlər onu göstərir ki, biz hazırda mahlıc ixrac edirik. Ancaq əsas vəzifə nəinki pambıq ipliyi, – bu, birinci hədəfdir, – əsas məsələ son məhsul ixrac etməkdir. Bunun üçün də bizim aidiyyəti qurumlar, hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi pambıqçılığın sənaye sahəsinə təkan verə biləcək müəssisələri yaratmaq üçün gərək fəal işləsinlər, investorları cəlb etsinlər və güzəştli kreditlər versinlər.

Qeyd etdiyim kimi, bu il məhsuldarlıq çox yüksək olubdur – rekord həddə. Ancaq bunu bütün rayonlara aid etmək mümkün deyil. Ona görə indi gətirəcəyim rəqəmlər hər bir rayon rəhbərliyi üçün siqnal olmalıdır. Çünki bu gün bu müşavirədə Prezident Administrasiyasının, mərkəzi icra orqanlarının nümayəndələri, iyirmi rayonun icra başçıları və şirkətlərin nümayəndələri iştirak edirlər. Beləliklə, bu il yeddi rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olubdur. Bunlar ardıcıllıqla aşağıdakı rayonlardır: Tərtər – 34,8 sentner, Bərdə – 33,7 sentner, Salyan – 33,2 sentner, Neftçala – 31,6 sentner, Ağcabədi – 30,7 sentner, Saatlı – 30,4 sentner və Beyləqan – 30,3 sentner. Bu, onu göstərir ki, həm fermerlər, həm şirkətlər, həm də rayon rəhbərliyi bu işlərə çox məsuliyyətlə yanaşıblar və belə gözəl nəticələr əldə edilibdir. Üç rayonda məhsuldarlıq 30 sentnerə yaxındır – Biləsuvar rayonu – 29,5 sentner, Sabirabad rayonu – 29,2 sentner və Ağdam rayonu- 28,2 sentner. Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən çoxdur və bu rayonlar nəticə çıxarmalıdır. Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar – 19,3 sentner, Hacıqabul – 14,4 sentner, Ağsu – 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir.

Mən artıq qeyd etdim ki, pambıqçılıq çox əməktutumlu sahədir. Bizim əsas vəzifələrimizdən biri vətəndaşları işlə təmin etməkdir və buna nail oluruq. Eyni zamanda, bildirməliyəm ki, bu il sosial sahədə görülmüş tədbirlər, aparılan islahatlar doğrudan da vətəndaşların maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdırdı. Bu, bir daha onu göstərir ki, bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Bu il təşkil edilən və həyata keçirilən çox geniş sosial paket 4,2 milyon əhalini əhatə edib. Problemli kreditlər öz həllini tapıbdır, özü də problemli kreditlərlə bağlı olan məsələlər təkcə bizdə mövcud deyil. Demək olar ki, postsovet məkanında bir çox ölkələrdə eyni problemlər mövcuddur. Ancaq biz bunu vətəndaşlar üçün ən səmərəli şəkildə və ən məqbul formada ədalətli həll etdik. Devalvasiyadan sonra ağır vəziyyətə düşən vətəndaşların problemlərini biz həll etdik.

Müavinətlər artırıldı – bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırıldı. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında birinci yerdədir. Bu, statistikadır. Əlbəttə, mən bunu demişəm, bir daha demək istəyirəm, çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın. Ancaq buna nail olmaq üçün gərək bizim iqtisadi imkanlarımız da genişlənsin. İqtisadi imkanlar, o cümlədən hər bir sahədə işin səmərəli şəkildə qurulmasından asılıdır. Misal üçün, kənd təsərrüfatının bir çox sahələri var və vaxtilə o qədər də böyük fikir verilməyən sahələr indi dirçəlir. Sənaye istehsalı sahəsində. Bu il qeyri-neft sənayemiz 14 faiz artıbdır. Şəffaflıq sayəsində bu il büdcəyə vergi və gömrük orqanları tərəfindən plandan əlavə 1 milyard manat vəsait daxil olub. Ona görə bütün bu tədbirlər, islahatlar imkan verdi ki, biz bu böyük paketi həll edək. Bu, bir neçə milyard manata başa gəldi. Ancaq biz bunu etməliyik və edirik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password