Azərbaycanda qeyri-infeksion xəstəliklərin əsas səbəbləri açıqlanıb
“Qeyri-infeksion xəstəliklər tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır”.
Aktualinfo.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda keçirilən II Milli Konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, “Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda keçirilən qeyri-infeksion xəstəliklərin öyrənilməsi: STEPS sorğusu”nun nəticələri insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsinin vacib olduğunu göstərib: “Sorğunun nəticələrini təhlil edəndə görürük ki, məsələn, əgər 2011-ci ildə iştirakçıların yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildiribsə, 2017-ci ildə bu rəqəm artıq 25 faiz idi. Deməli, maarifləndirmə və sağlam həyat tərzi istiqamətində aparılan təbliğat insanların adət etdiyi vərdişləri dəyişməsinə təkan verir”.
O bildirib ki, 2017-ci ilin may ayından 2018-ci ilin mart ayına qədər qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin araşdırılması üzrə STEPS sorğuda 18-69 yaş arasında 2801 nəfər iştirak edib: “Onların arasında siqaret çəkənlər 24 faizdir. Sorğuda istirak edən kişilərin 48.8 faizi, qadınların isə 0.2 faizi siqaret çəkir. 45-69 yaşlı kişilər arasında Alkoqol istehlakı 30 faizə yaxındır. 18-44 yaşlılar arasında isə bu göstərici 27 faizə yaxındır. Alkoqol qəbul edənlərin 27 faizi şəhərdə 28 faizi isə kənd yerlərində yaşayır. Həkim məsləhəti və ya içkinin mənfi təsiri kimi sağlamlıq səbəblərinə görə, alkoqoldan imtina etməli olan köhnə içənlər (son 12 ay ərzində alkoqol qəbul etməyənlər) arasında kişilərin faiz nisbəti 41.2 olub”.
Direktor vurğulayıb ki, ÜST-ə üzv ölkələr qərara alıb ki, duz qəbulunun 30 faiz azaldılması ilə 2025-ci ilə qədər böyüklər, yeniyetmələr və uşaqlarda diabet və piylənmə artımına son qoymağa nail olunacaq: “Duzdan gündə 5 qramdan az qəbul olunması hipertoniya, ürək qan-damar xəstəliklərinin və insultun qarşısını alır. Sorguya əsasən yeməyin dadına baxmamış və ya yeyərkən duz tökənlər 25.7 faiz, həmişə və ya bəzən yüksəkduzlu məhsullardan istifadə edənlər isə 26.6 faiz təşkil edir”.