“Xalqının var-dövlətini talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın”
Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova bibisi barədə açıqlama verib.
Aktrisa bibisinin Amerikaya köçməsi və orada xeyriyyə fondu yaratması barədə yayılan məlumatlara münasibət bildirib:
“Xəbər portallarında yazılıb ki, guya Zeynəb Xanlarova Amerikaya köçüb. Yalandır! Zeynəb Xanlarova vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur. O, çox sevdiyi Azərbaycanda – vətənində yaşayır.
Bilərəkdən Zeynəb xanımın adına Milli Məclisdə heç vaxt demədiyi sözləri, təklifləri yazırlar. Yayılan şayiələrə inanmayın! Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş. Zeynəb Xanlarova az danışan, amma hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır.
Zeynəb xanım hər zaman cəsarətli çıxışları ilə digər həmkarlarından fərqlənib. Zeynəb Xanlarovadan başqa kim Milli Məclisdə Xəzər dənizinin hasarlanaraq xalqın əlindən alınmasından danışıb? Kim işğal altında olan torpaqlarımızın azad edilməsi üçün müharibə etməkdən başqa çıxış yolumuzun olmadığından danışıb? Və uzun illərdir Qarabağın qaytarılması ilə bağlı ATƏT-in Minsk qrupuna qulaq asmağımızın mənasız olduğunu dilə gətirib. Zeynəb Xanlarovadan başqa, kim xalqın maddi durumunun yaxşı olmadığını, Türkiyədə rastlaşdığı hadisəni danışaraq cənab Prezidentə çatdırıb?
Zeynəb Xanlarovanın maliyyə imkanları ilə bağlı yayılan xəbərlərə isə yalnız bunu deyə bilərəm ki, Zeynəb Xanlarova Allah tərəfindən verilən əvəzolunmaz səsinin sayəsində qazandığı ruzini yeyir. Və qazandığı bu ruzini isə kimə, hara xərcləyər onun öz şəxsi məsələsidir. Heç kimə aidiyyatı yoxdur. Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı səhv salmayın. Zeynəb Xanlarova kimi olan dünya ulduzları öz şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyillər.
Zeynəb Xanlarova Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Heç bir təbliğat xalqın Zeynəb Xanlarovaya qarşı olan sevgisini azalda bilməz”.
Xatırladaq ki, son günlər yayılan iddialara görə Zeynəb Xanlarovanın Amerikada xeyriyyəçiliklə məşğul olduğu üzə çıxıb. Xalq artisti hələ 7 il əvvəl Amerikada “Zeynab Khanlarova Foundation”u təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur.(yenisabah.az)