Prezident İlham Əliyev dekabrın 18-də Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Aktualinfo.org xəbər verir ki, Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə bu yaxınlarda TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin tarixi hadisə olduğu vurğulanıb və bu, Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişi kimi dəyərləndirilib. İki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji sahələrində uğurlu nəticələr verdiyi bildirilib, dövlət başçıları arasında mütəmadi görüşlərin bu əlaqələrin genişləndirilməsi işinə xüsusi töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı ikitərəfli münasibətlərimizin möhkəmlənməsində parlamentlərarası əməkdaşlığın rolu vurğulanıb.
Görüşdə, həmçinin TÜRKPA-nın IX plenar iclasının əhəmiyyətinə toxunulub, Azərbaycanın Türk Şurasına uğurla rəhbərlik etməsinin və təşkilata dünyada marağın getdikcə artmasının önəmi qeyd olunub, bu qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.