Nizami rayon MKTB-nin “diğər xərcləri” haralara sərf olunur?
Dövlət qurumları arasında fəaliyyətlərindən daha çox narazılıq olunanlar sırasında son zamanlar Bakı şəhərində, Mənzil Kommunal Təsərrüfat Birliklərinin də adı tez-tez hallanır. Üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyən bu birliklərin fəaliyyətlərinin dayandırılması barədə cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir, vətəndaşlar arasında daha çox narazılıqların baş verdiyi bir sistem kimi qiymətləndirilir.
Məlum olduğu kimi Mənzil Kommunal Təsərrüfat Birlikləri ümumilikdə özündə mənzil təsərrüfatını (yaşayış kompleksinin istismarı və xidməti, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması) və kommunal xidmətlər sahələrini (su təchizatı və kanalizasiya xidmətləri, istilik, elektrik və qaz təchizatı, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, lift xidməti, şəhər elektrik nəqliyyatı, hamam, camaşırxana və mehmanxana təsərrüfatı) əhatə edir. Hər bir rayonun ərazisində Birliyə tabe bir neçə Mənzil Kommunal İstismar Sahələri var ki, gün ərzində sakinlərə xidmət göstərməlidir. Göründüyü kimi qurumun səlahiyyətində kifayət qədər görülməli işlər olduğu halda, yaranmış problemləri əksər hallarda vətəndaşlar özləri həll etməli olurlar.
Aktualinfo.org redaksiyasına bu gün Nizami rayonu ərazisində baş verən bir çox problemləri özündə əks etdirən mövzulara bağlı şikayətlər daxil olmaqdadır. Redaksiya sakinlərin haqlı narazılıqlarını bir müddət öncə geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Bu gün Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin rayon ərazisində gördüyü və görməli olduğu işlər sakinləri qane edirmi? Rayon ərazisindəki binaların zirzəmilərinə aylarla baxılmır, küçə və səkilərdə,xüsusilə də,8km bazarı ətrafında natəmizlik dözülməz həddə çatıb. “Neftçilər” Metrostansiyasının ətrafında yol boyu tikilən ticarət obyektləri vətəndaşların gediş-gəlişi məhdudlaşdırılır,ərazidə demək olar hər ay yeni ticarət obyektləri istifadəyə verilir.NZS və UPD deyilən ərazilərdə də baxımsızlıq baş alıb gedir, boş torpaq sahələrində yeni obyektlər tikilir. İcra Hakimiyyətinin başçısı Arif Qasımov isə bu gün sakinlərin problemlərinin həllindən daha çox,şəxsi maraqları üçün çalışır. Bu yöndə ona kömək edənlərin biri,bəlkə də birincisi məhz Ramsin Abdullayevin olduğu bildirilir. Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini icra etmək əvəzinə rayonda abadlıq işlərinin aparılması üçün ayrılmış dövlət vəsaitlərini təyinatından kənarlara yönəltməklə məşguldur.
Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 03.07. 2019-cu ildə,yəni bir gündə idarənin digər xərclərinin satınalması üzrə elan etdiyi beş tenderin qalibi “ELEMENT” MMC olub. Qeyd edək ki, sözügedən MMC 26.11.2018-ci ildə Laçın rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Laçın rayonu, Taxta Körpü (məcburi köçkünlərin məskunlaşdığı yer – red.) qəsəbəsi göstərilir. Nizamnamə Kapitalı 10 manat olan MMC reysterdən son çıxarışı elə yarandığı tarıxə aiddir. Qanuni təmsilçisi isə Namiq Nurani Firudin oglu olan bu MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdur. Qeyd edək ki internet üzərindən verdiyimiz axtarışa görə Namiq Nurani Firudin oğlu 2012-ci ildə Yevlax rayon İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. Hazırda sözügedən vəzifə Yevlax rayon İcra Hakimiyyəti tərəfindən vakansiyaya çıxarılıb.Onun icra Hakimiyyətində tutduğu vəzifədən kənarlaşdırılması özü bir çox suallar ortaya çıxarır. Hansı səbəbdən İcra Hakimiyyətindən xaric edilib? Yevlax rayon İcra Hakimiyyətindən redaksiyamıza onun hansı səbəbdən çıxarıldığ barədə məlumatları olmadıqlarını və hazırda işsiz olduğunu bildirdilər.
Bəs Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevin Yevlax şəhər İcra Hakimiyyəti başçısının Sosial-İqtisadi məsələlər üzrə müavini olmuş və tutduğu vəzifədən kənarlaşdırılmasınin səbəbi bəlli olmayan Nurani Namiq Firudin oğluna məxsus olan “ELEMENT-5” MMC ilə işbirliyi haradan başlayıb? Yevlax şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovun kadrlarından olan Namiq Nuraninin ümumi dəyəri 244000 manatlıq bir dövlət sifarişini həyata keçirmək imkanları nə dərəcədədir?
Qeyd edək ki, ayrı ayrılıqda hər biri 48800 manat qiymətləndirilmiş bu tenderlərdə nə kimi işlərin görüldüyü barədə fikir bildirmək o qədər də asan deyil. Çünki burada idarənin digər xərcləri dedikdə konkret olaraq heç nə göstərilmir. Yəni burada çox şey ola bilər. Sözügedən dövlət vəsaitinin müqabilində nə kimi işlərin görülməsini isə artıq Arif Qasımovla Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Ramsin Abdullayevdən daha yaxşı heç kim bilə bilməz.
Aktualinfo.org