“ABŞ sürətlə Türkiyəni itirməkdədir…” – Şərh

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib. 

Qanun layihəsi Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə komplekslərinə görə sanksiyalar nəzərdə tutur.

Bu qərar Türkiyədə sərt etiraz doğurub. Qanun layihəsinin qəbulundan bir gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, o zaman İncirlik və Kürəcik bazaları məsələsi gündəmə gələ bilər.

Çavuşoğlu bununla yanaşı bildirib ki, Türkiyə ABŞ-ın təyyarələrin çatdırılmasından imtina edəcəyi halda rus qırıcılarına F-35-lərin alternativi kimi baxır.

Türkiyənin Müdafiə naziri Hülusi Akar da S-400-lərdən imtina etməyəcəklərini bildirib.

ABŞ Senatı bununla kifayətlənməyib. Dekabrın 12-də Senat “erməni soyqırımı” ilə bağlı  qətnamə qəbul edib. Bununla da ABŞ-Türkiyə münasibətlərində gərginlik pik həddə çatıb. Mövzunu Yenisabah.az-a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, artıq ABŞ-la Türkiyənin strateji müttəfiq olduğunu söyləmək olmaz: “ABŞ sürətlə uzun illər strateji müttəfiqi olduğu Türkiyəni itirməkdədir. Vəziyyətin bu həddə çatmasında da şübhəsiz ABŞ-ın təqsiri daha böyükdür. Vaşinqton vaxtında “Patriot” raketlərini Türkiyəyə satmaqdan imtina etməsəydi, o zaman Ankaranın Moskva ilə əməkdaşlığına zərurət yaranmayacaqdı. Lakin ABŞ bunu etmədi.

İndi də F35-ləri satmaq istəmir. Halbuki bu təyyarələrin pulunun yarısı verilib. Digər tərəfdən F35-lərin müəyyən hissələri Tükiyədə istehsal olunur. Şübhəsiz bu halda Türkiyə alternativ kimi yenə də Rusiyanın təyyarələrini nəzərdən keçirə bilər. Hesab edirəm ki, bu məsələdə artıq geri dönüş yoxdur. ABŞ “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməklə vəziyyəti daha da gərginləşdirdi”.

ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin Azərbaycana hansı təsirlərinin olacağına gəlincə Elxan Şahinoğlu deyib: “Azərbaycan Türkiyə ilə qardaş ölkədir. Təbii ki, müəyyən təsirlər olacaq. Xüsusilə “erməni soyqırımı” kimi uydurma bir tarixi rəsmiləşdirən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli ola bilməz”.(yenisabah.az)

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password