Dövlət Komitəsində dini ədəbiyyatın rolu mövzusunda konfrans keçirilib
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Övlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” adlı konfrans keçirilib.
Aktualinfo.org xəbər verir ki, konfransda Dövlət Komitəsinin rəhbərliyi, Bakıdakı mərkəzləşmiş kitabxanaların və nəşriyyatların direktorları, elm və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirin keçirilməsi məqsədindən danışıb.
O bildirib ki, sərgidə nümayiş olunan kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanıb: “Bu gün kitabları ictimaiyyətin diqqətinə çatdırmaq üçün sərgi təşkil edilib. Burada müxtəlif dini konfensiyalar tərəfindən də nəşr olunan dinə aid kitablar var. Bunlar son iki il ərzində nəşr olunan kitablardı. Burada mənəvi, islamı dəyərlərimizlə bağlı, eləcə də, siyasi, radikalizmə qarşı olan kitablar da dərc olunub. Burada 122 adda kitab nəşr olunub. Bunların hər biri özündə müxtəlif məsələləri əks etdirir. Azərbaycanda dövlət-din modelinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu modelin əsas mahiyyəti Azərbaycanda dini dəyərləri olduğu kimi insanlara çatdırılmasıdır”.
Konfransda nəşr olunmaq məqsədi ilə dinşünaslıq ekspertizasına təqdim olunan dini məzmunlu ədəbiyyatların ekspertizası, bu sahədə nəşriyyatların üzərinə düşən vəzifələr barədə müzakirələr aparılıb.
Sərgidə milli-mənəvi dəyərlərin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materialları nümayiş olunub.