BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
Dekabrın 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, şair, tərcüməçi, görkəmli ictimai-siyasi xadim Anarın yaradıcılığına həsr olunmuş “Qələmin əfsunu” adlı tədbir keçirilib.
Bu baradə Aktualinfo.org-a universitetin Mətbuat xidmətindən məlumat verilib. Tədbirdə BSU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti, tələbələr, tanınmış söz-sənət ustaları, elm, təhsil, mədəniyyət, incəsənət xadimləri, xarici ölkələrin səfirliklərinin nümayəndələri, ziyalılar, media təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, bu gün BSU-nun kollektivinin həyatında çox xoş və əlamətdar bir gündür. Biz bu gün Xalq yazıçısı Anarla görüş keçiririk. Anar xalqımızın qüdrətli söz ustadları Rəsul Rzanın və Nigar Rəfibəylinin layiqli yetirməsidir. Böyük həyat məktəbi, zəngin yaradıcılıq yolu keçən Anar Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında və təbliğində əvəzsiz xidmətlər göstərib. Onun yüksək səviyyəli əsərləri xalqımızın mənəviyyatının zənginləşməsində, mədəni inkişafında, milli özünüdərkində və milli özünəqayıdışında mühüm rol oynayıb. Anarın qeyri-adi əsərlərində böyük obrazlar qaleriyası var. Anar həm də istedadlı rejissor və ssenarist kimi tanınır. Vətənpərvər ziyalı olaraq daim xalqımızın milli maraq və mənafelərini müdafiə edib, mürəkkəb və çətin vəziyyətlərdə əsl ziyalı və vətəndaş mövqeyi ortaya qoyub. Anarın xalqımızın taleyüklü problemlərinə həssas, obyektiv və prinsipial münasibət göstərməsi hamımızda böyük razılıq hissi doğurur. O, cəmiyyətimiz üçün əsl ziyalılıq, vətəndaşlıq nümunəsidir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib və böyük maraqla qarşılanıb. Anarın əsərləri bu gün də böyük maraq və həvəslə mütaliə edilir. O, xalqımızın dünya şöhrətli yazıçısıdır. BSU-nun kollektivi Anarın çoxşaxəli bədii yaradıcılığını və ictimai fəaliyyətini yüksək qiymətləndirir. Rektor çıxışının sonunda Anara möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra BSU-nun Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri Tahirə Məmmədin Anarın yaradıcılığı haqqında məruzəsi dinlənilib. Məruzədə Anarın yaradıcılığı hərtərəfli təhlil edilib, onun əsərlərində irəli sürülən mənəvi-əxlaqi məsələlərin qaldırdığı problemlərin müasir dövrümüzlə səsləşdiyi və aktual olduğu xüsusi vurğulanıb.
Tədbirdə BSU tərəfindən Anar haqqında hazırlanmış sənədli film nümayiş etdirilib.
Daha sonra tədbir BSU-nun tələbə-gənclərinin hazırladığı bədii kompozisiya ilə davam edib. Tələbələrin ifasında Anarın şeirləri, onun şeirlərinə həsr olunmuş mahnılar səsləndirilib. BSU-nun əcnəbi tələbələri Anarın “Mahnı həsrəti” şeirini müxtəlif xarici dillərdə ifa ediblər. Bakı Musiqi Akademiyasının magistrantı Orxan Cəlilovun ifasında Anarın “Düşürsən yadıma yağanda yağışlar”, “Əlvida” şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib. Yazıçının “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərindən səhnə BSU-nun tələbələri tərəfindən nümayiş olunub, Rəsul Rzanın “Bir gün mənsiz olacaqsan”, Nigar Rəfibəylinin “Bir son bahar da düşdü ömrünün təqvimindən”, “Как мне быть”! şeirlərindən parçalar səsləndirilib. BSU-nun “Arzu” rəqs ansamblı “Ala gözlüm” rəqsini ifa edib.
Tədbirdə çıxış edən Xalq yazıçısı Anar görüşün təşkilinə görə BSU-nun rəhbərliyinə təşəkkür edib, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirib. O, müasir Azərbaycan və dünya ədəbiyyatının problemlərindən söz açaraq maraqlı mövzulara toxunub, tələbə-gənclərə bədii ədəbiyyat oxumağı tövsiyə edib. Yüksək səviyyədə keçən görüş hamıda xoş əhvali-ruhiyyə yaradıb.
Maraqlı müzakirələrlə yaddaqalan görüşdə Xalq yazıçısı Anar iştirakçıların suallarını cavablandırıb, onlarla xatirə şəkli çəkdirib.
Aktualinfo.org