TANAP layihəsi mükafat aldı

2021-ci ildə boru kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr qazın göndərilməsi planlaşdırılır

TANAP boru kəməri layihəsi mükafata layiq görülüb.

TANAP ətraf mühitin qorunması və davamlılıq sahəsində ən müvəffəqiyyətli layihələri qiymətləndirən və mərkəzi ofisi Böyük Britaniyada olan “The Green Organisation” tərəfindən “Dünya lideri” və “Yaşıl dünya səfiri” mükafatlarına layiq görülüb. Mükafatlar Birləşmiş Krallıqda keçirilən mərasimdə TANAP-ın baş direktoru Saltuk Düzyola təqdim edilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-la hazırda Azərbaycan təbii qazı Türkiyəyə nəql edilir. Boru kəməri Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. TANAP Türkiyənin Ardahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

Boru kəmərinin quru hissəsinin diametri 56 və 48 düym, Mərmərə dənizindən keçən hissəsinin diametri isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. TANAP-dan Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük gücü 16 milyard kubmetr qaz təşkil edəcək.

“Enerjinin İpək yolu” adlandırılan TANAP boru kəmərinin birinci fazası keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la bu vaxtadək Türkiyəyə 3,3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı göndərilib. Cari ildə boru kəməri ilə 2 milyard kubmetrədək qaz nəql olunub. İlin sonunadək isə qaz nəqli ümumilikdə 4 milyard kubmetrə çatacaq.

2021-ci ildə isə boru kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr qazın göndərilməsi planlaşdırılır. Türkiyənin Azərbaycanla ilk təbii qaz müqaviləsi ildə 6,6 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. TANAP-ın təmin edəcəyi əlavə 6 milyard kubmetrlik artımla Türkiyənin istehlak edəcəyi Azərbaycan qazının həcmi ildə 12,6 milyard kubmetrə çatacaq.

Boru kəmərinin Avropaya qaz nəqli üçün nəzərdə tutulan ikinci fazasının istismara verilməsi çərçivəsində bu il aprelin 15-dən etibarən sistemə qaz vurulmağa başlanıb. Bu faza boru kəmərinin Əskişəhərin Seyitqazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsini əhatə edir. TANAP bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Boru kəmərinin Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan ikinci fazası noyabrın 30-da istifadəyə verilib.

Layihənin əvvəlində 11,7 milyard dollarlıq investisiya nəzərdə tutulurdu. Lakin bu həcmin 45 faizinə, yəni 5,2 milyard dollara qənaət edilib. Hazırda TANAP üzrə kapital xərcləri 6,5 milyard dollardır və bu vaxtadək layihəyə təqribən 6,3 milyard dollar xərclənib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur. Səhmdarlar layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

Aktualinfo.org

image description

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password