Nazirlə Spikerin 250 milyonluq tender oyunu

Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu bildirilən “Arash Medical Company” MMC 9 ildə 250 milyon manatlıq tender udub. 

Aktualinfo/org  xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Arash Medical Company 9 il ərzində 366 tender udub ki, bu satınalmalrın əhəmiyyətli hissəsi Səhiyyə Nazirliyinə məxsudur.

Vergilər Nazirliyinin reyester məlumatlarına görə, “Arash Medical Company” 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Lakin MMC artıq 2010-cu ildən tender müsabiqələrində iştirak etməyə başlayıb.

Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. “Arash Medical Company”nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur. Açıq mənbələrdə Kamran Məmmədovun adına yalnız “Zoominfo” axtarış sistemində rast gəlinir. Burada o “Arash Medical Company”nin direktoru kimi təqdim edilib.

Lakin mediada MMC-nin faktiki sahibinin Cavid Əsədov olması haqda çoxsaylı materiallara rast gəlinir. 2014-cü ildə Cavid Əsədovun adı Elnur adlı şəxsin törətdiyi dələduzluq əməllərində hallandırılırdı.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Elnur yüksək vəzifəli şəxslərə məxsus şirkətlərdən iri məbləğlərdə pul alaraq ölkəni tərk edib. Bu məsələdə deputat Elmira Axundovun oğlu Həbib Axundovla yanaşı Cavid Əsədovun da fiqurant olduğu iddia edilirdi. Sonradan isə hər iki şəxsin əslində zərərçəkən olması barədə məlumatlar yayıldı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password