Balıq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq
Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) balıqçılıq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib.
Bu barədə AQTA məlumat yayıb. Xəbərdarlıqda qeyd edilir ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qida təhlükəsizliyi qeydiyyatına alınır. Qanunvericiliyə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida sahəsində fəaliyyət göstərməsi qadağandır.
Eyni zamanda 12 iyul 2019-cu il tarixində “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər: “Balıq məhsullarının ölkəyə idxalı ilə məşğul olan, həmçinin həmin məhsulları istehsal edən təsərrüfat subyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınması zəruridir. Bununla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinin diqqətə çatdırılması və yeni dəyişikliklər barədə məlumat verilməsi məqsədilə balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüşlər keçirilmiş, onlara rəsmi məktublar göndərilmiş və yeni qaydaların icrası ilə bağlı təlimatlar verilib. Agentlik sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara bir daha müraciət edərək bildirir ki, 1 yanvar 2020-ci il tarixinə qədər ölkəyə idxal olunan balıq və balıq məhsullarının istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatından keçirilməsi təmin edilməlidir. Göstərilən tarixdən etibarən qeydiyyatdan keçməmiş müəssisələrdə istehsal olunmuş balıq və balıq məhsulların ölkəyə idxalına yol verilməyəcək”.
Aktualinfo.org