Parlamentin buraxılmasını zəruri edən nədir?

Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Siyasi Şura sözügedən qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib. 

Dünən YAP üzvü olan millət vəkilləri parlamentin buraxılması ilə bağlı Milli Məclisə müraciət ünvanlamaq barədə qərar qəbul ediblər.

Son vaxtlar ölkə başçısı tərəfindən Azərbaycanda kadr və struktur islahatları gücləndirilib. Dövlət rəhbəri hesab edir ki, yeniləşən dünyada ölkəmizin mövqelərinin daha da güclənməsi baxımından qarşıda yeni və böyük vəzifələr dayanır. Bu sırada Azərbaycanın post-neft dövrünə səmərəli və sürətli keçidinin təmin edilməsi xüsusi vurğulanmalıdır.

Hazırda həyata keçirilən islahatların bir neçə mühüm istiqaməti var. Məsələn, dövlət idarəçiliyi sistemi çeviklik və effektivlilik baxımından yeni mərhələyə qədəm qoyur. Biz bunu Prezident Administrasiyası, Nazirlər Kabineti və icra hakimiyyəti başçıları səviyyəsində həyata keçirilən kadr dəyişikliklərinin, struktur yenilənmələrinin fonunda müşahidə edirik. Bir yandan yüksək vəzifələrə gənc, müasir təhsilli, enerjili kadrlar təyin edilir, digər yandan iqtisadi sahədə (vergilər, gömrük orqanları və s.) müxtəlif nazirlik və ya dövlət komitələri ya birləşdirilərək, ya da ləğv olunaraq idarəetmədə təkrarçılığın və paralelliyin aradan qaldırılması, büdcədən maliyyələşdirilən mərkəzi icra orqanlarının sayının azaldılması, oxşar profilli idarəetmə orqanlarının birləşdirilməsi, çoxpilləli idarəetmə quruluşunun ləğv edilməsi, inzibati xərclərin azaldılması, bu sahədə dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədi ilə dövlət büdcəsi xərclərinin tərkibində idarəetmə xərclərinin xüsusi çəkisinin azaldılması prinsipi ön plana çıxır.

İslahat dalğası bir tərəfdən sosial sahədə maaşların, pensiyaların, müavinətlərin və s. artırılması ilə müşayiət olunursa digər tərəfdən məhkəmə hüquq sistemindəki reformlarla diqqəti cəlb edir.

Bütün bu pozitiv dəyişikliklərin fonunda Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclis bu ümumdövlət əhəmiyyətli prosesi, şübhəsiz ki, maksimum dərəcədə dəstəkləməlidir.

Düzdür, bir çoxları hesab edir ki, hakim partiyanın addımı – parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü gözlənilməzdir. Lakin hələ bir müddət əvvəldən bir çox siyasi ekspertlər belə bir qərarın verilə biləcəyini istisna etmirdilər. Bunun da sadə səbəbi var. Məsələ burasındadır ki, genişmiqyaslı islahatlara artıq bir müddətdir start verilib və bu islahatların həyata keçirilməsində ən dəyərli resurs zamandır. Odur ki, vaxtdan mümkün qədər səmərəli istifadə etmək və heç bir qərarda, yaxud təşəbbüsdə gecikməmək lazımdır.

“Qaynar” Analitik Mərkəzi hesab edir ki, məsələyə məhz bu kontekstdən yanaşdıqda növbəti parlament seçkilərinin əvvəlcədən proqnozlaşdırılmış vaxtda keçirilməsini gözləmək nə məntiqə, nə də məqsədə uyğun görünmür.

Ölkədə gedən siyasi proseslərə razılaşdırılmamış aksiyalarla deyil, qanuni formada qoşulmaq istəyənlər seçkilərdə əvvəldən axıradək, bütün mərhələlərdə fəal iştirak etməli, öz töhvələrini verməlidirlər.

Odur ki, Prezident tərəfindən aparılan islahatların dinamikasının dəstəklənməsi baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü kifayət qədər anlaşılan addımdır.  Digər idarəetmə strukturları kimi, Milli Məclisdə də müəyyən dəyişikliklər, təkmilləşdirmə aparılmalıdır. Xüsusilə ali qanunverici orqanın aparılan islahatlar çərçivəsində xalqdan növbəti etimad mandatı alması dövlət idarəetmə sistemindəki yeniləşmə və dəyişikliklərin daha güclü, etibarlı şəkildə davam etdirilməsinə gətirib çıxaracaq. Eyni zamanda növbədənkənar parlament seçkisi seçicilərə, deməli, xalqımıza onu düşündürən aktual məsələlər barədə fikirlərini ifadə etmək, eyni zamanda həyata keçirilən islahatlara dair mövqeyini bildirmək imkanı verəcəkdir.

Bir sözlə, növbədənkənar parlament seçkiləri təşəbbüsü həyata keçirilən hərtərəfli islahatların fonunda tarixi zərurət, eyni zamanda tarixi fürsət kimi qiymətləndirilməlidir: Azərbaycan dövləti və cəmiyyəti yeniləşən dünyada ölkəmizin demokratik mövqelərinin güclənməsi və dəstəklənməsi baxımından öz potensialını bir daha nümayiş etdirmək, həmçinin  qədəm qoyduğumuz yeni mərhələdə daha sağlam addımlarla irəliləmək imkanları qazanacaqdır.

Bu yerdə mühüm bir nüansı da diqqətdən qaçırmamaq lazımdır: dövlət, şübhəsiz ki, vətəndaşların qarşıdakı seçkidə maksimum iştirakında maraqlıdır. Ölkədə gedən siyasi proseslərə razılaşdırılmamış aksiyalarla deyil, qanuni formada qoşulmaq istəyənlər seçkilərdə əvvəldən axıradək, bütün mərhələlərdə fəal iştirak etməli, öz töhvələrini verməlidirlər. Bu zaman isə siyasi mədəniyyətin və cəmiyyətdə vətəndaş məsuliyyətinin səviyyəsini artırmaq hər kəsin ümdə məqsədlərindən biri olmalıdır. (Qaynarinfo)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password