Ən pis göstəricilər bu qurumlara məxsusdur – Nəticələr açıqlandı
“Bakı şəhər İcra Hakimiyyəti ən aşağı göstərici ilə sonuncu yeri tutub”.
Bunlar barədə tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz mətbuata açıqlamasında məlumat verib. O, noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİ) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirməsinin nəticələrini açıqlayıb:
“VXSİ Dövlət Agentliyi “ASAN Xidmət indeksi” üzrə qiymətləndirilən mərkəzi və yerli icra hakimiyyəti orqanların xidmətlərinin keyfiyyət göstəriciləri üzrə Hesabatı və Reytinq Cədvəlini açıqlayıb. Yerli icra qurumları arasında 1-ci yeri Binəqədi Rayon İcra Hakimiyyəyəti (~49%), sonuncu yeri isə Bakı Şəhər İcra Hakimiyhəti (BŞİH) (~1%) qazanıb. Binəqədi İH-nin 21, BŞİH-ın isə cəmi 5 xidməti qiymətləndirilib.
Göstəricilər anlaşıqlı formada onu göstərir ki, BŞİH-ın təklif etdiyi xidmətlər kifayət qədər keyfiyyətsiz təşkil olunub, məlumatlandırma, xidməti əldə etmək, əks əlaqə, elektronlaşma, effektiv ödəniş imkanları yaradılmayıb.
Binəqədi rayon İcra hakimiyyətini təbrik edirəm. Bakı şəhər İcra hakimiyyətinə də nəticə çıxarmağı arzulayıram”.
Tanınmış ekspert həmçinin bildirib ki, qiymətləndirmə nəticəsində xidmət səviyyəsi ən yaxşı və ən pis olan dövlət qurumları da müəyyən olunub:
“Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib. 2018-2019-cu illər ərzində agentlik tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 336 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 617 xidmət qiymətləndirilib.
Qiymətləndirmənin nəticələri əsasında ilk yerləri Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi və Statistika Komitəsi qazanıb.
Ən pis göstəricilər isə Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Diaspora qurumlarında, həmçinin də Dövlət Gömrük Komitəsində olub.
ASAN xidmətdən isə bildirilib ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla, Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin qiymətləndirilməsinin həyata keçirilməsi tapşırığı verilib. Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.