Şəkidə və Qaxda minlərlə hektar meşə torpağında fındıq əkənlər kimlərdir?

Bir neçə gündür sosial şəbəkələrdə Şəki və Qax bölgəsində iki min hektardan çox meşə ərazisinin qırılaraq şumlanması ilə bağlı videogörüntülər yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 49 illik icarəyə verilən bu torpaqlarda fındıq bağlarının salınması planlaşdırılır.

Meşə torpaqlarının təyinatının dəyişdirilməsi sosial şəbəkələrdə narazılığa səbəb olub. Bildirilir ki, kolluqların qırılaraq fındıq bağlarının salınması təbiətə ciddi zərbə vurmaqla yanaşı, həm də əhalinin örüş torpaqlarının tutulması ilə heyvandarlıq zəifləyəcək. Sakinlər iddia edirlər ki, bu sahələr həmin ərazidəki yaşayış məskənlərini sel və daşqınlardan qoruyurdu. Fındıq bağlarının salınmasından sonra çayın önünə bənd çəkiləcək ki, bununla da sel və daşqınların yaxınlıqdakı kəndləri basmayacağına heç kim təminat vermir.

Artıq Şəki rayonu Cunud və Baş Layısqı, Bideyiz, Köbər Zəyit və Qaxın Qaşqaçay kəndləri yaxınlığındakı meşə fondu torpaqlarının bir neçə yüz hektarının şumlandığı bildirilir. Bu ərazilərdə işlərini həyata keçirən şirkət isə “Monte Ferro Aqroparkı”dır. Adı çəkilən şirkət “AGA Group”un şimal qərb bölgəsindəki təmsilçiliyidir və 2016-ci ildə təsis olunan şirkət Şimal Qərb regionunda ərazilərində geniş sahəni əhatə edən fındıq bağının salınması layihəsini həyata keçirməkdədir.

Şirkətin saytında yerləşdirilən məlumatdan aydın olur ki, təsis olunduğu gündən etibarən fındıqçılıq təsərüfatını yaratmaq məqsədilə 3000 ha torpaq sahələri əldə edilib: “Hal hazırda heç vaxt, heç kim tərəfindən istifadə olunmayan əkinə və bağçılığa yarasız sayılan təqribən 1485 ha sahədə yeni fındıq bağları salınıb və salınmaqda davam edir. 2022 ci ilə kimi fındıq bağların ümumi sahəsi 5000 hektara çatdırılması planlaşdırılır. “Monte Ferro Aqroparkı” 2021-ci ildə müasir standartlara cavab verən fındıq emalı zavodunun tikintisini həyata keçirmək, fındıq yağının və fındıq qabıqlarından breket istehsalını planlaşdırır”, – məlumatda qeyd olunur.

Şirkətin telefon zəngimizə cavab verən əməkdaşı hazırda ərazidə fındıq bağları salındığını təsdiqlədi. Özünü təqdim etmək istəməyən əməkdaşın sözlərinə görə, əvvəllər qeyd olunan ərazilərdə meşə fonduna daxil olan torpaqlar istifadəyə tamamilə yararsız olub: “Həmin torpaqlar istifadəyə yarasız torpaqlar olub və “Monte Ferro Aqroparkı” tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəsmi müqavilə ilə 49 illik icarəyə götürülüb. Bildiyiniz kimi, dövlət başçısı da keçirdiyi müşavirədə fındıqçılığın inkişaf etdirilməli olduğunu bildirmişdi və bununla bağlı tapşırıqlarını vermişdi. Yəqin ki, bizim şirkətlə yanaşı digər şirkətlərlə də icarə müqaviləsi bağlanıb”.

Şirkət nümayəndəsi çayın yatağının dəyişdiriləcəyi ilə bağlı deyilənlərin də həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə,“Monte Ferro Aqroparkı”nın daxil olduğu “AGA GROUP” 25 ildən artıqdır ki fəaliyyət göstərən tanınmış şirkətdir. Belə bir şeydən söhbət gedə bilməz.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə verilən məlumatda qeyd olunur ki, meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə Zaqatala, Qax, Şəki, Oğuz və bir sıra rayonların ərazisində olan açıq meşə sahələri aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilib.

“Bu da meşə örtüyünün artırılması, yeni iş yerlərinin açılması, meyvə bolluğunun təmin olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyır. Yeni salınacaq bağ sahələri müasir damcılı suvarma sistemləri ilə təmin olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşə fondunun açıq sahələrinin bundan sonra da uzunmüddətli icarəyə verilməsi davam etdiriləcək”, – nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirib.(virtualaz.otg)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password