Ötən gün Vaşinqtonda Alman Marşal Fondunda Ermənistanla bağlı keçirilən tədbir uğursuzluqla nəticələnib.
“Ermənistanda məxməri inqilabın vədləri: demokratik islahatların irəli aparılması və ABŞ ilə strateji əməkdaşlığın gücləndirilməsi” adlı konfransda ABŞ-da səfərdə olan Ermənistan parlamenti sədrinin müavini Vahe Enfiajyanın, Lilit Makuntsun (baaş nazir Nikol Paşinyanın “Mənim addımım” alyansının rəhbəri), Edmon Marukyanın və Tatevik Hayrapetyan çıxış ediblər.
Ermənistanın yeni hökumətinin təbliğinə yönələn bu tədbirə bir neçə həftə hazırlığa baxmayaraq, cəmi 13-14 nəfər iştirakçı qatılıb. Bu, bir daha Ermənistanın “islahat” iddialarına ABŞ tərəfindən skeptik yanaşmanı nümayiş etdirib. Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri erməni deputatlarının bu səfərini kölgədə qoyub.
Çıxış edən erməni deputatlar iddia edilən “demokratik islahatların” mahiyyəti məsələsinə aydınlıq gətirməyiblər, iqtisadiyyatın gücləndirilməsi və Ermənistan əhalisinin rifahının yaxşılaşdırılması üzrə N.Paşinyan hakimiyyətinin hansı işlər gördüyü barədə suallara cavab verməyiblər. Erməni parlamentariləri “məxməri inqilab” adlandırdıqları prosesin xarici siyasətdə dəyişikliyə səbəb olmayacağı barədə tezisi təkrarlayıblar. Onlar, ABŞ-la strateji dialoqa başladıqlarını qeyd etsələr də, bu dialoqun hansı məzmuna malik olduğu ilə bağlı sualın cavablandırılmasında çətinlik çəkiblər.
“Ermənistanın sülh səylərinə sadiq olduğu” və “Ermənistan və Azərbaycan ilə yanaşı “Dağlıq Qarabağ” əhalisinə” sərf edən həll yolunun tapılmasına çağırışa” dair N.Paşinyan hakimiyyətinin mövqeyini təkrarlanması qarşılığında Azərbaycan diplomatı tərəfindən verilən sual erməni parlamentarilər arasında çaşqınlıq yaradıb. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərindən 750 mindən yuxarı əhalinin qovulduğu, eləcə də məcburi köçkünlərin geri qayıtması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bölgənin gələcək statusunun müəyyənləşdirilməsi barədə münaqişənin həlli mexanizmi kontekstində “Dağlıq Qarabağ əhalisi” anlamının hansı mənanı ifadə etdiyi, habelə bir qonşu ölkənin ərazisini işğalının, digərinə (Türkiyə) qarşı isə ərazi iddialarının Ermənistanın “demokratik və islahatçı” siyasətinə nə qədər uyğun gəldiyi suallarına cavab verə bilməyiblər.
Tədbirdə bununla yanaşı, Ermənistanın ABŞ-ın maliyyə dəstəyi ilə tikdiyi bioloji laboratoriyalara Rusiyaya girişə icazə verməsinin ABŞ tərəfinə necə izah olunduğu və Ermənistanda Rusiya bazasının saxlanmasının hansı məqsədlərə xidmət etdiyi ilə bağlı Azərbaycan əsilli jurnalist Rafiq Qurbanzadə tərəfindən verilən suallar erməni deputatların narahatlığına səbəb olub. Erməni parlamentarilər bundan əlavə Ermənistanda məhkəmə islahatlarının müddəti, Suriyaya missiya göndərməsinin səbəbləri, ABŞ ilə əməkdaşlığın məzmununun nədən ibarət olduğu kimi digər iştirakçılar tərəfindən verilmiş suallara olduqca səthi cavablar verməklə kifayətləniblər.
Beləliklə, erməni deputtların çıxışı Ermənistanda iddia edilən “islahatlar” ilə bağlı məlumat kasadlığı ilə yanaşı, ünvanlanan suallara əsassız və səthi cavab verməkləri ilə yadda qalıb.