Prezidentin iradı: Qapısı qıfıllanmış Gənclər Mərkəzləri – Nazirlik nə deyir

Prezident İlham Əliyevin Xaçmaz və Yevlaxa təyin olunan yeni icra başçıları ilə görüşdə qaldırdığı əsas məsələlərdən biri rayonlardakı Gənclər Mərkəzi ilə bağlı idi. Ölkə başçısının sözlərinə görə, bir neçə rayonda açılışdan sonra Gənclər Mərkəzinin qapıları qıfıllanıb.

“Rayonların abadlıq-quruculuq işlərinə diqqət yetirilməlidir, mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir. Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib”, – deyə Prezident iradlarını bildirib.

Məlumat üçün qeyd edək ki, Prezidentin təşəbbüsü və tapşırığı ilə 2007-ci ildən etibarən regionlarda Gənclər Mərkəzlərinin inşasına başlanılıb. Hazırda ölkə üzrə 40 mərkəz istifadəyə verilib.

Maraqlıdır, bu mərkəzlərdən hansılar fəaliyyət göstərir?

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva mətbuata açıqlamasında bildirib ki, mərkəzlərdən 12-i, təxminən 30% -i Balakən, Mingəçevir, Sumqayıt, Gəncə, Tovuz, Şirvan, Saatlı rayonları və Bakının Binəqədi, Qaradağ, Sabunçu, Suraxanı, Xəzər rayonlarında yerləşir. Həmin mərkəzlər Gənclər və İdman Nazirliyinin tabeliyindədir, “Gənclər Evi” sosial xidmət müəssisə kimi rəsmi qeydiyyata alınıb. Digər 27-si isə müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən inşa edilib. Onların fəaliyyəti məxsus olduqları qurum tərəfindən tənzimlənir.

“Müxtəlif illərdə inşa edilən bu 12 müəssisə yarandığı dövrdən könüllülük əsasında işləyib və yalnız 14.06.2016-cı ildə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarından sonra müvafiq qaydada qeydə alınıb, onlara ştat vahidləri və dövlət büdcəsindən fəaliyyətin təmin edilməsi üçün müvafiq büdcə vəsaiti ayrılıb. Yaxın zamanda Masallı və Goranboy rayon Gənclər Evinin də Nazirliyin tabeliyinə rəsmi verilməsi proseduru tamamlanacaq”.

İ.Hacıyeva deyib ki, nazirliyin tabeliyində olan 12 Gənclər evinin hər biri fəaliyyət göstərir, onlardan bəziləri daha yaxşı, digərləri bir qədər zəif işləyirlər.

“Fəaliyyətlərini gücləndirmək və əlaqələndirmək məqsədi ilə Gənclər Evi direktorları üçün təlimlər təşkil olunur, bir qayda olaraq onların iş planı və hesabatları dinlənilir. Hər birinin sosial şəbəkələr vasitəsi ilə apardıqları işləri işıqlandırılır. Seçilmiş Gənclər Evlərində UNİCEF-in rəhbərliyi altında BMT-nin digər agentlikləri ilə birgə 2018-2019-cu ildə pilot layihə həyata keçirilir. Layihənin beynəlxalq qurumlara təqdim edilmiş nəticələri böyük maraqla qarşılanıb və digər ölkələrdə yayılması düşünülür”.

Nazirlik rəsmisi qeyd edib ki, orta hesabla Gənclər Evindən ay ərzində 500-dən 1000 nəfərədək gənc faydalanır.

“Gənclər Evində gənclərə psixoloji və hüquqi xidmətlər göstərilir. Burada gənclərin asudə vaxtının təmin edilməsi üçün geniş sayda maraqlar üzrə dərnəklər, təlimlər keçirilir (xarici dillər, kompüter proqramları, musiqi, rəqs, rəsm, teatr, foto və video çəkiliş dərnəkləri). Kino aylığı, intellektual oyunlar, yaradıcılıq sərgiləri və s. təşkil edilir. Burada sosial layihələr də həyata keçirilir. Bu yay mövsümündə bəzi Gənclər Evində günərzi düşərgə təşkil olunub. Gənclər Evi fəaliyyətini təkcə yerləşdiyi binada deyil, həmçinin kanarda da təşkil edir – gəncləri ekskursiyalara aparır, başqa rayonlarda treninqlər keçirilir və s”.

İ.Hacıyeva bunlarla yanaşı hazırda Prezident tərəfindən göstərilən iradların, nöqsanların aradan qaldırılması ilə bağlı iş aparıldığını vurğulayıb. Onun sözlərinə görə, fəaliyyət proqramları təkmilləşdiriləcək, sosial innovasiyalar daha geniş şəkildə tətbiq ediləcək.(azvision.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password