MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.
Iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Qeyd edək ki, Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.
İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcəklər.
Həmçinin, iclasda “Beynəlxalq Ordu Oyunları-2019″un yekunları müzakirə ediləcək, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçiriləcək.
Bundan başqa, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.