Ermənilərin çox qorxduğu qırıcı təyyarələr Azərbaycana gəlir…
Bu təyyarələrin 2020-ci ilin əvvəllərinə ölkəmizə verilməsi nəzərdə tutulur
Ölkəmizin islam aləmi və bütün dünyada əsas müttəfiqlərindən olan Pakistan bu gün hərbi sahədə də öndə gələn dövlətlərdən biri sayılır. Hindistanla məlum münasibətlər üzündən Pakistan hərb sənayesini də davamlı olaraq inkişaf etdirir. “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu AircraftIndustry Corporation” şirkətlərinin birgə layihəsi olan “JF-17 Thunder” qırıcıları da bu fonda daim xüsusi diqqət mərkəzində olub.
8 il əvvəl Çinlə birgə istehsal edilən bu qırıcıları son dövrlərdə Pakistan mütəxəssisləri silah təchizatı baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirib. Məsələn, elə bu günlərdə Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan yeni silahı sınaqdan keçirib. Bu uğurlu sınaqdan sonra “JF-17 Thunder” gecə və gündüz yüksək dəqiqliklə müxtəlif hədəfləri nəzarətdə saxlaya bilir. Yeni silah pakistanlı mütəxəssislər tərəfindən quraşdırılıb. Xatırladaq ki, saatda 2,2 min kilometr sürətə malik olan “JF-17 Thunder” üç min kilometrədək məsafə qət edir. Təyyarə 23 millimetrlik top, idarə olunan və olunmayan raketlər, əlaqələndirilə bilən bombalarla təchiz edilib.
O da məlumdur ki, Azərbaycan müəyyən müddətdir həmin qırıcılara maraq göstərir. Pakistan prezidenti Arif Alvi bu xüsusda bildirib ki, sözügedən təyyarələrin Azərbaycana çatdırılmasında heç bir problem yoxdur. O, Azərbaycanla bütün istiqamətlə üzrə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirir: “Pakistan və Azərbaycan arasındakı əməkdaşlıq iki xalq və ölkə arasındakı sıx dostluq münasibətlərinin mahiyyətini əks etdirir. Biz məhz bu dostluğa əsaslanaraq möhkəm tərəfdaşlıq əlaqələri qurmuşuq. Pakistan və Azərbaycan bir-birinə daim dəstək olur”. İki ölkənin hərbi əməkdaşlığından danışan Prezident Azərbaycana 10 ədəd “Super Muşşak” hərbi təlim təyyarələrinin göndərilməsinə başlandığını diqqətə çatdırıb. “Pakistanın hərbi sənayesi inkişaf edib. Biz hər cür silah növü istehsal edirik. Bizim özünü doğrultmuş JF-17 qırıcı təyyarələrimiz var. Bu da müzakirə mövzusu ola bilər. Biz, həmçinin, hərbçilərin təlimləri məsələlərində də yaxın əməkdaşlıq edə bilərik. Biz terrorizmlə daim mübarizə aparırıq. Pakistan qədər terrora məruz qalan ikinci ölkə yoxdur. Ölkəmizdə 70 min insan terrorun qurbanı olub”. Dağlıq Qarabağ və Kəşmir məsələlərində hər iki ölkənin bir-birini dəstəklədiyini deyən prezident Arif Alvi deyib ki, Pakistan və Azərbaycanın məqsədi sülh və əminamanlığa, BMT qətnamələrinin yerinə yetirilməsinə nail olmaqdır: “Hesab edirəm ki, sülhə alternativ yoxdur. Ölkələrin inkişafı üçün münaqişələri dayandırmaq, sülhə nail olmaq lazımdır”.
Bu açıqlamalardan bir daha aydın görünür ki, Pakistan Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən hərb müstəvisində əməkdaşlığa xüsusi önəm verir. Elə bu fonda “JF-17 Thunder” qırıcı təyyarələrinin ölkəmizə tədarükü də yaxın tezlikdə reallaşa bilər. Pakistanın ingilisdilli “Daily Times” qəzeti də bu günlərdə belə bir məlumat yaymışdı ki, Azərbaycanın bu qırıcıları almasına dair danışıqlar yekunlaşıb və tərəflər müvafiq razılıq əldə edib. Tezliklə həmin təyyarələrin Azərbaycan ordusunun ixtiyarında olacağı da bildirilir.
Digər tərəfdən məsələ ilə bağlı daha birmaraqlı məqam Azərbaycanın Türkiyədən “hava-yer” tipli SOM-B1 qanadlı raket almasıdır. Həmin raketlər ilk dəfə ötənilki paradda nümayiş olunub. Qeyd edək ki, Azərbaycanın SOM-B1 qanadlı raketləri ilə silahlanması ona Qarabağda erməni qüvvələrinin infrastrukturuna yüzlərlə kilometr məsafədən dəqiq zərbə endirməyə imkan verir. Özü də bu raketlərə qarşı mübarizə aparmaq praktiki olaraq mümkün deyil. Çünki mürəkkəb trayektoriya ilə hərəkət edən qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün hava hücumundan müdafiə sistemlərinin çoxpilləli radarlar şəbəkəsi qurulmalıdır. Üstəlik, belə raketləri izləmək və neytrallaşdırmaq üçün raket əleyhinə müasir silahlar, yüksək peşəkarlığa malik heyət olmalıdır. Ermənistan isə bütün bunlardan məhrumdur. Qeyd edilən qanadlı raketlərin çəkisi 600 kiloqrama yaxın, atəş mənzili 250 kilometrdir. Hazırda Türkiyənin Hərbi Hava Qüvvələri həmin raketləri özünün F-16C və F-4 qırıcılarında yerləşdirib. Bu vaxta qədər ehtimal edilirdi ki, Azərbaycan Hərbi Hava Qüvvələri SOM raketlərini mövcud aviaplatformalarında, xüsusən modernləşdirilmiş MiQ-29 qırıcısında quraşdıracaq. Amma Pakistanın “The Quwa Defence News & Analysis Group” hərbi analiz qrupu bildirir ki, bu raketlər Azərbaycanda məhz JF-17 qırıcılarına quraşdırıla bilər. Mərkəzin analitiklərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri üçün təkcə bu raketi daşımaqdan ötrü yeni qırıcı platformasına investisiya qoymaq az əhəmiyyət daşıyır. Bu durumda SOM raketlərinin JF-17 qırıcılarına inteqrasiya edilməsi vəziyyətdən ən yaxşı çıxış yoludur.
Yayılan başqa bir məlumata görə isə, əslində, Pakistan artıq Azərbaycan üçün “JF-17 Thunder” qırıcı təyyarələrinin “Block III” konfiqurasiyasını hazırlayıb. Təyyarəyə AESA radarı seçilib və bu radarla sınaqları da keçrilib. Həmin konfiqurasiyalı təyyarələrin 2020-ci ilin əvvəllərinə ölkəmizə verilməsi nəzərdə tutulur. Xatırladaq ki, erməni tərəfi bundan əvvəl həmin qırıcıların Azərbaycana gəlişini Ermənistan üçün böyük təhdid olaraq qiymətləndirmişdi. Rusiyanın “Voennoe obozrenie” nəşri isə bu fonda yazır ki, yeni təyyarələr almağı planlaşdıran Azərbaycan həm də regionda ən müasir hava hücumundan müdafiə sisteminə malikdir. Rusiya nəşri Azərbaycanın son illər Hava Hücumundan Müdafiə qüvvələrini də təkmilləşdirdiyini, müxtəlif tipli çoxsaylı hava hücumundan müdafiə vasitələri əldə etdiyini və ya sovet ordusundan miras qalan texnikanı modernləşdirdiyini yazır. Bildirilir ki, Azərbaycanın hava hücumundan müdafiə vasitələri nəinki ölkə ərzisində, eləcə də qonşu ölkələrin üzərində uçan hava hədəflərini vurmaq imkanındadır. Bildirilir ki, Azərbaycan regionda ən güclü radar sistemlərinə malik ölkələrdən biridir. Son illər Azərbaycan Ukrayna və Belarusla yanaşı, İsraildən üçkoordinatlı ELM-2288 AD-STAR və ELM-2106NG radilokatorlarını əldə edib. Bu radiolokatorlar zenit-raket komplekslərinin hərəkətini idarə etməklə yanaşı, qırıcıları da yönləndirir, hava trafikini nizamlaya bilir.(baki-xeber.com)