Xanhüseyn Kazımlının “möhtəşəm çıxışı”nın – Videosu yayıldı
Prezident İlham Əliyevin hakim komandadakı yaşlı məmurların gənc kadrlarla əvəzlənməsinin zəruriliyinə dair çağırışı 2 həftəyə yaxındır ki, ölkə gündəminin əsas mövzusudur.
Prezidentin bu çağırışından sonra hökumətdə və dövlət aparatında yüksək vəzifə tutan bir sıra şəxslər istefaya getdi. Dövlət başçısı həmin şəxslərlə görüşlərində bir daha gənc kadrlara yer verilmsinin önəminə toxunaraq, çağırışını daha açıq şəkildə təkrarladı. Bu zaman kimlərə istefaya getməyi tövsiyə etdiyini də konkret olaraq bəyan etdi. “Gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır” – deyə Əli Həsənovla görüşündə vurğulayan Prezident, Abutalıbovla görüşündə isə bu zaman kimləri nəzərdə tutduğunu konkret şəkildə bildirdi: “Sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.
Qeyd edək ki, ictimai müzakirələrdə Prezidentin bu çağırışına yanız hökumət və dövlət aparatında yüksək vəzifə tutan yaşı 70-i keçmiş məmurların deyil, hakimiyyətin digər qollarında təmsil olunan şəxslərin, o cümlədən deputatların da qoşulmasının zəruriliyi vurğulanır. Hətta yaşı 70-i, 80-i keçən, 20-25 ildir deputat mandatı daşıyan şəxslərin siyahısı da dərc olunaraq, onların da “yola salınmasının” zamanı çatdığı qeyd olunur. Hakim komandanın üzvü kimi onlar da Prezidentin tövsiyəsinə əməl etməyə dəvət edilir.
İctimaiyyətdən gələn bu çağırışlara yaşlı deputatların reaksiyası isə birmənalı olmadı. Ağacan Abıyev kimi bu çağırışı qəbul edən, növbəti seçkilərdə iştirak etməyəcəyini bəyan edən deputatlarla yanaşı, Arif Rəhimzadə, Hadı Rəcəbli kimi hələ mandatdan əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirənlər də oldu. Hətta bu niyyətlərini absurd şəkildə əsaslandırmağa çalışdılar.
Biri gündə neçə metr üzməsindən, digəri tez-tez mətbuatda görünməsindən bəhs edərək, mandatı xoşluqla təhvil vermək niyyətində olmadığını nümayiş etdirdi. Hətta ABŞ konqresinin, senatının yaşlı üzvləri ilə özlərini müqayisə edənlər də tapıldı.
Bu cür müqayisənin nə qədər qüsurlu və gülünc göründüyünün üzərində geniş dayanmırıq. Heç kəsə sirr deyil ki, bir neçəsini çıxmaq şərtilə, yaşlı deputatlarımızın əksəriyyəti Milli Məclisə “yatmağa” gedir. Danışanda da qanun layihəsi qalır bir tərəfə, nə danışdıqları heç özlərinə belə məlum olmur. Məsələn, bu gün sosial şəbəkələrdə yaşı 70-i keçmiş deputatlardan birinin – 77 yaşlı Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasındakı çıxışından bir parça yayılıb. Tamamlanmayan cümlələrdən, qırıq-qırq işlənən sözlərdən belə güman etmək olar ki, Komitədə növbəti ilin büdcəsinin müzakirələri aparılır.
“Ona görə də, deməli, əgər 15 il sonrakı 15 faizdən artıq olarsa büdcənin… deməli kəsiri dövlət büdcəsinin boşalması onda büdcə kəsiri deməli… əgər dünyada gedən proseslər belədirsə Azərbaycanı niyə qınamaq olur. Azərbaycanın hər yerdə bütün insanlar Azərbaycana gəlməkdən ötəri cəhd göstərir. Ona görə də, bəlkə də 1930-cu ilin əgər 194 yerdən… 194-cü yerdən ABŞ 74-cü yerə düşübsə iqtisadçıların hesablamalarına görə 2020-ci ildə düşübsə deməli bu o deməkdir ki, ABŞ-ı 1930-cu ilin böhranı gözləyirdi…” – deyə Xanhüseyn Kazımlı nəsə izah etməyə çalışır.
Ancaq Azərbaycan Sosial Rifah Partiyasının sədri, dəfələrlə prezidenliyə namizəd olmuş, ən əsası, iqtisad elmləri doktoru, professor olan bir şəxsin nə danışdığını anlamaq mümkün deyil. Ola bilsin, Xanhüseyn müəllimin səhhətində nəsə problem var, yaxud zehni yorğunluq yaranıb.
Bu yaşda insanda bunların olması normaldır. Anormal olan bu yaşda, belə vəziyyətdə bir insanın hələ də deputat mandatı daşıması, gərgin iş tələb edən qanunverici orqanda təmsil olunmasıdır. Nədir bu mandat, vəzifə hərisliyi? Fərqində deyillərmi ki, bu cür vəziyyətdə deputat mandatı daşımaqla yalnız özlərini deyil, bütövlükdə Azərbaycan parlamentini gülüş öbyektinə çevirirlər?
Ümumiyyətlə, “sovet tərbiyəsi” görmüş bu adamların nəyə görə belə vəziyyətə çatana qədər mandat daşımaq, vəzifədə qalmaq istədiyini anlamaq olmur. İqtidar cəbhəsində yüzlərlə, minlərlə layiqli gənc özünü, intellektual bacarığını nümayiş etdirmək, siyasətdə karyera qurmaq üçün illərdir, hətta onillərdir növbə gözləyərkən, X.Kazımlı kimi yorulub əldən düşmüş, artıq nitqini itirmiş adamların kreslolardan qopmaması dəhşətdir.
Ümid edirik ki, növbəti seçkiyədək bu haqda düşünəcəklər: həm özləri, həm də onlara mandat verənlər!…(Azpolitika.info)