Özəl sektora qan udduran nazirlik: Ekspertdən ilginc faktlar
Ölkə gündəmini zəbt edən əsas mövzu başladılan ciddi islahatlardır. Artıq supernazirlik modelinə keçid başlayıb desək yanılmarıq. Vergilər Nazirliyinin, Dövlət Əmlak Komitəsinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ləğv edilərək İqtisadiyyat Nazirliyində birləşdirilməsi bunu deməyə əsas verir.
Yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən Prezident İlham Əliyevin çıxışı islahatların davam edəcəyinin anonsu kimi dəyərləndirilir. Həmin görüşdə Prezident haqsız rəqabətlə bağlı olduqca sərt çıxış etdi. Haqsız rəqabəti “böyük yara” adlandıran ölkə başçısı məmurların öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxardığını və bəzi hallarda hətta şərlədiyini qeyd etdi. Həmçinin sahibkarların məcbur olub ya bizneslərini satdıqlarını ya da sadəcə biznesdən çıxıb getdiklərini vurğulayıb.
Haqsız rəqabətin daha çox olduğu sahələrdən biri telekommunikasiyadır. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapan bir sıra tədbirlərin reallaşdırılmaması, bu istiqamətdə ciddi problemlərin olması zaman-zaman tərəfimizdən gündəmə gətirilib. Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsində 2020-ci ilədək müəyyən edilmiş məqsədlərə çatmaq üçün 3 strateji hədəf və 10 prioritet müəyyən edilib. Strateji Yol Xəritəsində innovasiyaların tətbiqinin genişləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Göründüyü kimi, sənədin reallaşdırılması telekkomunikasiya sahəsində mövcud olan xeyli problemin həlli deməkdir. Lakin bütün bunlar kağız üzərində qalmaqla bərabər, ölkə vətəndaşları elementar sürətli, müdaxiləsiz və fasiləsiz internet imkanlarından belə məhrum olub. Rayonlarda, kəndlərdə internet, qeyri-adi bir məfhuma çevrilib. Nəinki internet, hətta sabit şəbəkə, mənzillərdə telefonun olması nadir hallardandır. Halbuki bir neçə il əvvəl Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin ediləndə ona ümidlər çox idi. Strateji yol xəritəsində nəzərdə tutulan tədbirlər isə bunlar idi: Müstəqil tənzimləyici qurumun yaradılması; Telekommunikasiya bazarının liberallaşdırılması; Mobil infrastruktura investisiya qoyuluşlarının artırılması; Rəqəmsal ödənişlərin genişləndirilməsi; Dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi; Dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi. Bunların hər biri üzrə ayrı-ayrılıqda araşdırma aparsaq saysız-hesabsız problemlərin olduğunu görərik. Təkcə sonuncu bənd – dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi – üzrə gündəlik istifadə etdiyimiz dövlət saytlarında hansı bərbad durumun olduğunu hamımız bilirik. Dövlət informasiya sistemlərində məlumatların əlçatan olmaması, elektron xidmətlərin yarımçıqlığı hər gün rast gəldiyimiz problemlərdəndir.
Mikayıl Cabbarov üçün çətin olacaq – ekspert
Məsələ ilə bağlı açıqlama verən Milli İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, Mikayıl Cabbarovun haqsız rəqabətin qarşısını alması çətin olacaq: “Çünki elə Prezidentin də çıxışından görsənir ki məmurların biznesə müdaxiləsi, məmur-deputat biznesi ifrat həddədir. Hansı məmurun hansı biznes sahəsinə rəhbərlik etməsini hamı bilir. Özəl sektora ciddi maneçilıiklər buradan qaynaqlanır. Ən böyük inhisarçı da elə dövlət qurumlarıdır. Məsələn, Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyi müxtəlif bəhanələrlə bir anda regiondakı bütün özəl provayderləri oradan çıxarda bilir. Artıq elə rayonlar var ki, heç bir özəl provayder orada qalmayıb. Bir anda özəl provayderlərin on minlərlə müştərisi dövlət provayderlərinə keçirilir.
Özəl provayderlər üçün qeyri-bərabər şərait yaradılır, dövlətə məxsus rabitə resurslarından yalnız dövlət provayderlərinə istifadə imkanları yaradılır. Telekommunikasiya sektorunda dövlət operatorlarının üstün mövqeyi və dövlətə məxsus rabitə resurslarından üstün istifadə haqqı özəl provayderlərin addım-addım sıradan çıxarılması ilə nəticələnib.
Bir sıra dövlət qurumlarında, o cümlədən NRYTN-də bir neçə funksiya, kommersiya, tənzimləmə və idarəetmə funksiyaları cəmləşib. Güman ki, digər sektrolarda da bu tip hallar var”.
O.Gündüzün sözlərinə görə, strateji yol xəritəsində birmənalı olaraq qeyd edilib ki, telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yaradılmalıdır: “Hazırda bu sektorda kommersiya, idarəetmə, tənzimləmə, nəzarət hamısı müvafiq nazirlikdədir. O nazirlik isə daha çox kommersiya ilə məşğul olur, nəinki tənzimləmə ilə. Görünür, elə bu səbəbdən həmin bənd o sənədə salınıb. Yəqin ki, ya nazirlik, ya agentlik olaraq tənzimləmə ilə məşğul olan bir dövlət orqanı yaradılacaq. Həmin müstəqil tənzimləyici qurumun yaradılması ilə bağlı da beynəlxalq təcrübə var. Mən sizə deyim ki, MDB məkanında cəmi bir-iki ölkə qalıb belə bir qurum yaranmayan. Tənzimləyici qurumun üzvləri və rəhbəri prezident tərəfindən təyin edilir. Onun səlahiyyətləri təsdiqlənir və o da telekommunikasiya sektorunda deyək ki, qaydalar müəyyən edir, tariflər müəyyənləşdirir, bu sektorla əlaqəli rəqabətli mühit üçün əlavə şərtlər yaradır, lisenziyalar verir. Bazarın qayda-qanunlarını, inkişafını bu qurum müəyyənləşdirir. İndiki halda NRYTN özünün bir neçə dövlət provayderi üçün üstün şərait yaradıb. Özəl provayderlər üçün bir çox yolları bağlayıb. Onun üçün bazarı tənzimləmək maraqlı deyil, çünki özünün kommersiya marağı var. Amma yeni yaradılan qurum üçün bazarda dövlət də özəl də eyni olacaq”.
Özəl provayderlər məhkəməyə müraciət ediblər
Mütəxəssis onu da bildirdi ki, özəl provayderlər haqsız rəqabətə qarşı öz hüquqlarını müdafiə edirlər. Belə ki, bir neçə özəl provayderin müraciəti əsasında ləğv edilərək İqtisadiyyat Nazirliyinə birləşdirilən və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etdilər, o isə öz növbəsində qərar qəbul etdi ki, NRYTN inhisarçıdır: “İkinci bənddə də yazırdı ki, nazirlik yeraltı rabitə quyularından, kabel kanal sistemindən dövlətlə yanaşı, özəllərə də şərait yaratmalıdır. Amma nazirlik qurumun qərarını icra etmədi. Bundan sonra özəl provayderlərin bir neçəsi məhkəməyə müraciət etdi. Proses səhv etmirəmsə noyabrdan başlamalıdır”.
O.Gündüzün sözlərinə görə, bizim telekommunikasiya-internet bazarının qeyri-adiliyi ondadır ki, burada dominantlıq dövlətdədir: “Pərakəndə internet bazarının 65 faizi dövlət provayderlərinə məxsusdur. O cümlədən dövlətin əlində iki nəhəng telekommunikasiya qurumu var: “Aztelekom” regionlarda, “Baktelekom” isə Bakıda inhisarçıdır. Strateji yol xəritəsində özəlləşdirmə ilə bağlı məsələlərə baxılması da nəzərdə tutulub. Mən hesab edirəm ki, proses sürətləndirilməli, həmin dövlət provayderləri dərhal özəlləşdirilməlidir”.
Xaçmazdakı 7 özəl provayder rayondan niyə çıxarılıb?
Həmsöhbətimiz onu da qeyd etdi ki, strateji yol xəritələri ilə bağlı hesabatlardan aydın olur ki, bu sənəddə nəzərdə tutulanların həyata keçirilməsi ilə bağlı ən pis göstəricilər məhz NRYTN-ə aiddir. Haqqında söhbət gedən sənəddə də sabit şəbəkə arxa planda qalıb. Regionlarda sabit şəbəkə demək olar ki, yox dərəcəsindədir. Bunun səbəbi nədir? O.Gündüzün sözlərinə görə, nazirliyin apardığı siyasət qüsurlu olduğuna görə insanlar sabit telefonu unudublar: “Çünki insanlara mobildən danışmaq sərf edir. Sabitdən mobilə, mobildən sabitə olan tariflərlə bağlı biabırçı vəziyyət var. Sanki nazirlik bunu məqsədyönlü şəkildə edir ki, sabit şəbəkə inkişaf eləməsin. Regionlarda mən baxıram, insanlar telefondan ancaq internetə girmək üçün istifadə edirlər. Mən sizə bir məsələni deyim, ötən il Xaçmazda 7 özəl provayder var idi, məndə olan məlumata görə, bu il onların hamısını çıxarıblar rayondan. Bu, şokedici məlumatdır. Həmin proses Abşeronda, Gəncədə, Sumqayıtda gedir. Onlarda yenə bir-ikisi qalıb, Xaçmazda ümumiyyətlə qalmayıb. Baxın, prezidentin çıxışında vurğuladığı özəl sektorun inkişafı belə əngəllənir. NRYTN-nin bütün fəaliyyəti inhisarçılıqdır”.(Qaynarinfo)