Bu gün müəllimlərin peşə bayramıdır
Bu gün Beynəlxalq Müəllimlər Günüdür.
Aktualinfo.org xəbər verir ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix, həmçinin, BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.
“Müəllimlər günü” hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
Azərbaycanda isə 1993-cü ilin oktyabrın 5-də ilk dəfə “Müəllimlər Günü” qeyd olunub.
Qeyd edək bu gün Təhsil naziri Ceyhun Bayramov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Sözügedən təbrikdə deyilir:
“Əziz müəllimlər!
Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. Gündəlik həyatımızda hər bir uğurun, inkişafın təməlində məhz müəllim dayanır.
Bu gün bütün dünyada qeyd olunan 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü cəmiyyətin memarları olan insanların böyük zəhmətini və dəyərli fəaliyyətini vurğulamaq üçün bir imkandır.
Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub. Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır.
Müəllim daim öyrənməli, yeniliklərə açıq olmalı, bilik və bacarıqlarını təkmilləşdirməlidir. Bu yolda bizi irəli aparan Sizlərə bilikli və milli-mənəvi dəyərlərə sahib olan vətəndaş yetişdirmək kimi şərəfli işinizdə uğurlar arzulayıram!
Peşə bayramınız mübarək!”.