Camal Zeynaloğlu- Vicdanın əsiri
CAMAL ZEYNALOĞLU
VİCDANIN ƏSİRİ
hekayə
“Həmişə öz iradənin ağası və öz vicdanının köləsi ol”.
M.Ebner – Esenbax
Bu gün həyatda itirəcəyim daha bir şeyin qalmadığını anladım. Anladım ki, bəzən həyatda həqiqət və ədalət axtarışında olduğun zaman sənin düşmənlərinin sayı çoxalır və onlar hər tərəfdən səni məngənə kimi sıxmağa başlayırlar, hər gün bədxah və yaramaz insanların hücumlarına məruz qalırsan. Bir daha dərk etdim ki, haqsızlığa qarşı mübarizə aparmaq, ədaləti bərpa etmək və həqiqəti üzə çıxarmaq tarix boyu heç də asan olmayıb. Bu mübarizədə neçə-neçə insan ədalətli cəmiyyətin qurulması uğrunda canından keçmişdir. Amma günü-gündən şərin xeyiri üstələdiyinin şahidi olursan. Hətta sənin yaşadığın cəmiyyətdə haqq-ədalət uğrunda apardığın mübarizəyə ən yaxın dost-tanışlarının sənə dodaq büzdüklərini görəndə, sarsılırsan, dünya başına fırlanır, üzülürsən. Onların sənə guya can yandırıb verdikləri öyüd və nəsihət, etdikləri tövsiyə isə bundan ibarət olur: “Başqalarından sənə nə? Kökündən çirkaba bulaşmış cəmiyyəti sənmi təkbaşına dəyişmək istəyirsən? “Bir gül ilə bahar olmaz” məsəlini bilmirsənmi? Onsuz da tarix boyu haqqı-ədaləti kimsə sona qədər bərpa edə bilməyib. Hər bir cəmiyyətdə haqsızlıq, ədalətsizlik hər zaman olub, var və olacaq da! İndi haqsızlıq bütün dünyanı bürüyüb, ağuşuna alıb. Kimsə bununn qarşısını ala bilmək iqtidarında da deyil. Dünyadakı ən azman dövlətlər belə. Bu, əzəldən belə olub, belə də gedəcək. Atalar yaxşı deyib: “Palaza bürün, el ilə sürün”. Təkbaşına axına qarşı gedə bilməzsən, yoxsa axın səni qarşısına alıb, qayalıqlara çırparaq məhv edər!”
Çoxları həyatı zalım, amansız, mərhəmətsiz – qəddar adlandırır. Mən isə bunlarla qismən razıyam. Məsələn, biz nədənsə həyatdan həmişə daha çox şey istəyirik. İstədiyimizə nail olmadıqda isə dərhal gileylənir və küsürük. Çünki bizim hər birimiz yaşadığımız həyatı eyni anlamda deyil, fərqli şəkildə dərk edirik. Bu gün kimin üçünsə gözəl görünən həyat, ola bilsin ki, sabah ona cansıxıcı, üzücü görünsün. Ona görə bəzən həyat bizi deyil, biz həyatı dəyişməyə cəhd göstəririk. Bəzilərimiz isə nihilistlər kimi həyatı bir puç və heçlik hesab edir. Yəni həyatın sonu olmayan bir boşluq hesab edirik. Bu yerdə Nikolay Ostrovskinin bir fikrini xatırlamalı olursan: “Həyat cansıxıcı, dözülməz olan zaman yaşamağı öyrən və onu faydalı et!” Mənim fikrimcə isə, həyat var olmaq deməkdir, yaşamaq deməkdir, insanları sevmək, onlara dəyər verə bilmək deməkdir. Həyat sevdiyin insanın gözlərinə qorxmadan dik baxmaq deməkdir, həyat kimsənin haqqını yeməmək deməkdir. Həyat eşqdir, sevərək yaşamaqdır. Həyat pisliklərlə mücadilə etmək deməkdir. Əslində, həyat bildiklərimizin və bimədiklərimizin hamısı deməkdir.
Mən bütün başıma gələnlərdən sonra onlara haqq qazandırıram. Sən demə, həyatın biz insanlara qarşı görünməyən sərt, bağışlamayan “daş qəlbi” varmış. Yaşadığım dövrdə mən bunların hamısını öz gözlərimlə gördüm və canlı şahidi oldum. Ona görə də indi özümü ailəm qarşısında çox günahkar hesab edirəm. Çünki vaxtında onların haqlı sözünü eşitmədim. Həmişə vicdanımın səsini dinləyib onun diktəsi ilə hərəkət etdim. Nəticədə də həyatda başıma olmazın müsibətlər gəldi. Bütün olub-keçənləri, başıma gələnlərin bəzilərini sizlərə də çatdırmaq istəyirəm…
Ailənin üçüncü övladı idim. Məndən böyük bir qardaşım və bir bacım vardı. Atam günəmuzd fəhlə işləyirdi, anam isə evdar qadın idi. Qardaşımla bacım institut tələbələriydilər. Mən isə orta məktəbi yaxşı oxumadığıma görə ali məktəbə daxil ola bilməmişdim...
Bir tikinti şirkətində fəhlə kimi işə düzəlmişdim. Aylıq maaşım 350-400 manat olacaqdı. Bazar günlərindən başqa bütün günləri işdə olmalıydım. İş ağır idi, amma yaşamaq, dolanmaq üçün zəhmətə qatlaşmalıydım. Bir ay maaşımı doğru-düzgün aldım. İkinci ay maaşımdan 70 manat kəsdilər. Səbəbini bizə pulu verən oğlandan soruşdum. Dedi ki, bu ayda iki dəfə işə gecikmişəm, iki dəfə də nahar fasiləsinin vaxtını uzatmışam. Dediyinə görə, rəhbərliyin şirkətdə gizli adamı var və o, hər şeyə nəzarət edir. Bundan sonra mən “kiçik müdir”ə bir söz demədim. Hər kəs öz yeməyini evdən gətirirdi. Amma digər tikinti şirkətində fəhlələrə nahar yeməyini şirkət özü verirdi. Mən bu məlumatı “kiçik müdir”in nəzərinə çatdırdım. Bizim şirkətdə təhlükəsizlik qaydalarına da ciddi əməl olunmurdu. Fəhlələrin çoxu kaskasız işləyirdi. Mən işçilərə niyə kaska vermədiklərini sordum. “Kiçik müdir” Yaqub mənə “başa saldı” ki, bu cür məsələləri qurdalamayım. Çünki məndən öncə bir fəhlə də iş prosesində öz hüquqlarının qorunmasını rəhbərlikdən tələb edibmiş. Cavabında bir bəhanə tapıb, onu işdən azad ediblər. Bu, o demək idi ki, buradakı qanunsuz hərəkətlərə, fəhlələrə qarşı edilən haqsızlıqlara mən də susmalı, cınqırımı da çıxarmamalıyam.
Bir gün nahar fasiləsinin bitməsinə hələ beş dəqiqə qalmış, məndən bir az kənarda yeməyini bitirməmiş fəhlə yoldaşımın yanına “ kiçik müdir bəy”lə birlikdə tanımadığım bir nəfər yaxınlaşdı və əsəbi halda ucadan fəhlənin üstünə bağırdı:
– Sən hələ yeməyini qurtarmamısan?! Nahar fasiləsi çoxdan bitib! Tez ol dur, iş başına! İş vaxtını öldürməyə hamınız yaman həvəslisiniz. Haydı, iş başına, cəld ol!
Tanımadığım bu adamın iş yoldaşım Vahidin üstünə bu cür bağırması düzü, heysiyyatıma toxundu, vicdanımın səssiz qalmasına dözə bilməyib:
– Siz niyə Vahidin üstünə bu tərzdə qışqırırsınız? Əvvəla, nəzərinizə çatdırım ki, nahar fasiləsinin bitməsinə hələ 5 dəqiqə qalır, ikincisi də, fəhlənin üstünə bu tərzdə qışqırmazlar. Hər şeydən öncə, o bir insandır. Hər bir insanın da öz qüruru, mənliyi, heysiyyatı var. Qısası, o bir şəxsiyyətdir. Şəxsiyyəti isə kimsə təhqir edə bilməz! – dedim.
Bu vaxt “kiçik müdir” mənə yaxınlaşıb “Rəşad, sən neynirsən? O, patronumuzun köməkçisidir. Onunla söz güləşdirmə” dedi. “Nə olsun ki” dedim. Sonra patronun köməkçisi mənim qabağımdan yemədiyimi gördü, mənə bir söz demədən, üzünü “kiçik müdir”ə tutub amiranə tərzdə elan etdi:
– Yaqub, sabahdan bu oğlan işə gəlmir, o, bu gündən işdən qovulur!
Mən də əsəbiləşib dedim:
– Tüpürüm sənə də, işinə də… Camaatı kölə yerinə qoymusunuz… Özünüzü də ağa zənn edirsiniz, əclaflar!..
Beləliklə, tikinti şirkəti ilə işim bu cür sonuclandı. Əsəbi və pərişan halda şirkətə əlvida deyib, avtobus dayanacağına gəldim. Növbəti avtobus gəlib dayandı, bir-biri ilə mübahisə edən iki nəfər avtobusdan düşdü. İki nəfər cavan oğlan da mübahisə edənlərə yaxınlaşdı. Bunu görən birinci oğlan o biri oğlanı qamarlayıb, əl-qolunu tutdu. Həmin iki oğlan da əlləri tutulmuş, çarəsiz halda qalan oğlana yumruq və təpik zərbələri ilişdirməyə başladı. Hamı bu mənzərəni sakitcə seyr edir, kimsə dava-dalaşa müdaxilə etmək istəmirdi Bir nəfərə qarşı üç nəfər… Bu haqsız bir durum idi. Vicdanımın səsi yenə də məni rahat buraxmadı. Dalaşanlara yaxınlaşıb onları sülhə dəvət etmək istədim. Amma onlardan biri: “ Sən qarışma, rədd ol burdan!” – dedi və sinəmdən var gücü ilə məni geri itələdi. Onsuz da əsəbi idim, oğlanın bu hərəkəti məni daha da hövsələdən çıxardı. Arxadan əl atıb oğlanın boyun nahiyəsindən yapışıb, geri, özümə sarı döndərdim və sifətinə güclü bir kəllə vurdum. Oğlan əlləri ilə üzünü tutub yerə oturdu. İkinci oğlan mənə hücum etdi, mənə yumruq atdı, əyildim – yumruğu boşa çıxdı. Özümü toparlayıb qarnına bir yumruq ilişdirdim, ardınca bir təpik də vurdum. O da yerə yıxıldı. Bunu görən üçüncü oğlan əlllərini tutduğu oğlanı buraxdı. Bu dəfə əlləri sərbəst qalmış oğlan öz gücünü göstərdi – sol qolunun dirsəyi ilə onun qarnına güclü bir zərbə endirdi. Güclü zərbə almış oğlan qarnını tutaraq inildədi, bununla kifayətlənməyən oğlan bundan sonra ona daha bir yumruq zərbəsi vurdu. Oğlan zərbəyə tap gətirməyib yerə sərildi. Zərərçəkən oğlan mənə yaxınlaşıb:” Çox sağ ol, qardaş, kömək etdiyiniz üçün sizə təşəkkür edirəm. Gəlin gedək, indi polislər gələr”, – dedi. Hər ikimiz dərhal hadisə yerindən uzaqlaşdıq. Oğlanlar hələ də sərili vəziyyətdə yerdə qalmışdılar. Yolda dava-dalaşın səbəbini soruşdum. Oğlan izah etdi ki, oğlanlardan biri avtobusda qızın çantasına girib, oğurluq etmək istərkən qolundan tutub. Sən demə, onlar üç nəfər imiş. “Qardaş, demək, sən də vicdanının səsinə laqeyd qala bilməmisən” dedim. O da gülümsəyərək başını yırğaladı…
Evdə nə səbəbə işdən qovulduğumu soruşdular. Mən də işdə baş verənləri təfərrüatı ilə evdəkilərə anlatdım. Atam dedi:
– Sən bu xarakterlə heç yerdə işləyə bilməzsən. Səninki işləmək deyil, gəl dalaşaq deməkdir. İnsan bu qədər səbirsiz olmaz. Hər sözə niyə dərhal reaksiya verirsən ki? Bəzən çörəyinin xatirinə udulmayan sözü udmaq məcburiyyətində qalmalı olursan. Camaat necə, sən də elə, başını aşağı salıb işini gör də…
– Ata, elə şeylər var ki, məndən asılı deyil…
– Xeyr, düz demirsən, hər şey insanın özündən asılıdır. Sadəcə sən kəmhövsəlisən – vəssəlam. – deyə atam mənimlə razılaşmadı.
Atamla artıq söz güləşdirmək istəməyib susdum. İyirmi günə kimi işsiz qaldım. Sonra tanışlarımdan biri mənə xarici bir neft şirkətində fəhlə kimi işə düzəlməkdə kömək etdi. Şirkətdə çoxlu əcnəbi vətəndaşlar da işləyirdi. Bir aya yaxın olardı ki, işləyirdim. Bir gün mənə dedilər ki, anbarda bayraqlar var, gedib onları gətirim. Köhnə bayraqları yeni, təzə tikilmiş bayraqlarla əvəz edəcəkdik. Anbara getdim. Bayraqlar stolun üstündəydi. Gördüm ki, bir əcnəbi vətəndaş bizim bayraqla ayaqqabılarını təmizləyir. Bunu görcək, qan beynimə vurdu:
– Adə, əclaf sən kimsən ki, bayrağımızla bu cür rəftar edirsən? Mən sənin var-yoxunu…
– Mən nə edirəm ki? Əski parçasıyla ayaqqabılarımı silirəm də? – deyə əcnəbi vətəndaşı üzümə irişdi.
– Əclaf, o dediyin əski parçası bizim şərəfimiz, qürurumuz, varlığımız və namusumuzdur, – deyə ucadan onun üstünə hücuma keçdim. Sonra da özümü saxlaya bilməyib, sifətinə bir şillə ilişdirdim.
Mənim əcnəbiyə haqlı olaraq vurduğum bir şilləyə görə, aləm dəydi bir-birinə. Həmin əcnəbi məndən dərhal polisə şikayət etdi. Məni əvvəlcə müdiriyyətin otağında sorğu-suala çəkdilər. Mən də baş verən olayı olduğu kimi söylədim. Amma mənə kimsə inanmadı. Əcnəbi vətəndaşı – ingilis də bayrağımızla ayaqqabısını silməyini inkar elədi. Bizimkilər də əcnəbilər qarşısında ağızlarına su alıb dururdular. Polisə də eyni ifadəmi verdim. Onlar da bildirdilər ki, özümü müdafiə etmək üçün bayraq məsələsini özümdən uydururam. Məsələ böyüdü, iş məhkəməyə qədər gedib çıxdı. Bu hadisəni eşidən mətbuat orqanları məndən baş vermiş hadisə barədə müsahibələr götürməyə başladılar. Mən də jurnalistlərə yalnız həqiqəti söylədim. Onlar da mənə qahmar çıxaraq qəzetlərdə leyhimə məqalələr yazdılar. Mətbu orqanlarda “Əcnəbi bayrağımıza tüpürdü”, “Ingilis bayrağımızı əski parçası adlandırdı”, “Əcnəbi bayrağımıza həqarət etdi”, “Cəsur oğlan bayrağımıza sahib çıxdı” və s. başlıqlı xəbər və məqalələr dərc olunurdu. Olay müddətində demək olar ki, qəzetlərdə gündəmi zəbt etmişdim və hamı məndən danışırdı…
Məhkəmə prosesində məni bir neçə vəkil müdafiə etdi. Hakim çıxılmaz durumda qalmışdı. Onluq olsaydı, mənə ağır cəza verərdi. Amma ictimaiyyətin rəyi və vəkillərin ortaya qoyduqları doğru dəlil-sübutlar hakimin əl-qolunu bağlamış, onu çətin vəziyyətdə qoymuşdu. Bütün bunlara baxmayaraq, hakim mənə şərti cəza kəsdi, yenə də işdən qovuldum... Eyni zamanda evdəkilərdən də çoxlu danlaq yedim. Bir neçə gün evdən bayıra çıxmadım.
Şənbə günü idi. “Fəvvarələr meydanı”ndan keçirdim. İşlə bağlı bir dostumla görüşəcəkdim. Bu vaxt bir qrup gənc “Vətən” kinoteatrı tərəfdən bağıra-bağıra, əllərində tutmuş müxtəlif yazılı plakatlarla mənə doğru gəlməyə başladı. Arxamdan isə çoxlu polis məni keçib, onların qarşısını kəsməyə getdi. Durub ayaq saxladım. Düşündüm ki, bir azdan burda qarmaqarışıqlıq baş verəcək. Polislər avtobusla gəlmişdilər. Avtobus “Nizami” muzeyinin yanında dayanmışdı. Gənclər polislərin “dağılışın!”, “evlərinizə gedin!”, “səs-küy salmayın!”, “ictimai əsayişi pozmayın!” deyə icazəsiz aksiya iştirakçılarına xəbərdarlıq edirdilər. Amma kimsə polislərin dediklərinə məhəl qoymadı. Bunu görən polislər aksiya iştirakçılarının üstünə cumdular, vurhavur, tutatut başladı. Gördüm ki, bir polis qızı tutub zorla avtobusa tərərf sürüyürdü. Qız çırpınaraq polisin əlindən çıxmağa çalışırdı. Polis isə daha amansız şəkildə qızı qucaqlayıb avtobusa tərəf aparırdı. Bu mənzərəyə dözə bilməyib, polisə yaxınlaşdım, qızı polisin əlindən aldım və qıza: “qaç, uzaqlaş burdan!” dedim. Qız ilan ağzından qurtulan qurbağa kimi qaçıb bir göz qırpımında aradan çıxdı. Polis qızın əvəzində məni zorla tutub avtobusa mindirib, icazəsiz aksiya iştirakçısı kimi, məni də polis bölməsinə gətirdilər. Dərhal məhkəmə qarşısına çıxarıb mənə 10 sutka həbs cəzası verdilər. “İndi evdəkilərə nə cavab verəcəyəm?” deyə düşündüm…
Beləliklə, həyatımda ilk dəfə idi ki, 10 sutkalıq həbsdə yatmalı oldum. Bu dəfə evdəkilər məni necə deyərlər, itdən alıb, itə verdilər… Həbsdən çıxan kimi, mənə iş tapmaqda yardımçı olan dostumun yanına getdim. O, məni görən kimi soruşdu:
– Ay Rəşad, neçə gündür hardasan? Axı biz görüşəcəkdik.
– Danışma, qardaş, bilirəm, başıma gələnləri sənə nəql eləsəm, mənə haqq qazandırarsan, – deyə dostuma hər şeyi anlatdım.
Dostum əvvəlcə xeyli güldü, sonra nəfəsini dərib, “keçmiş olsun”, – dedi. Sonra əsl mətləbə keçdi.
– Səninçün bir iş tapmışam, – dedi. – Zəngin bir ailənin bağ evinin təhlükəsizliyini qoruyacaqsan.
– Hə, bax, bu əsl mən deyən işdir – dərhal sevincək dedim.
Sonra hövlnak soruşdum:
– Bəs bu bağ evi hardadır, sahibi kimdir?
– Rəşad, ancaq bu işdə ilk növbədə lal-kar-kor olmağı bacarmalısan. Bağ evi Zuğulbadadır. Sahibi ilə şəxsi tanış olmaq sənə nəsib olmayacaq, çünki səninlə əlaqəni ancaq onun inandığı şəxs saxlayacaq. Sabah bağ evinə gedib, səni onlara təqdim edəcəyəm. Bax, budur, yenə də deyirəm, üzümü qara eləmə. Çünki onlar məni tanıyırlar. Elə belə adam da deyil, – dostum mənə qabaqcadan xəbərdarlıq edərək təlimatlandırdı.
Ertəsi gün dostum məni həmin bağ evinə apardı və oradakılarla tanış etdi. Bağ evi sahibinin oğlu məni xeyli sorğu-suala tutdu. Ali təhsilimin olmadığını söyləyəndə, hiss etdim ki, razı qalmadı. Amma boy-buxunuma baxanda, dostuma razılıq əlaməti olaraq başını aşağı-yuxarı tərpətdi. Maaşı da məni qane edirdi. Sonra məni işimlə tanış etdilər, bağ evinə kimlərin girə bilməsi qeyd edilən şəxslərin siyahısını mənə verdilər. Həmin gündən işə başladım. Məndən başqa həyətdə səliqə ilə tikilmiş, xudmani evdə orta yaşlı bir kişi ilə bir qadın yaşayırdı. Kişinin vəzifəsi həyətə, bağ-bağçaya, arvadının vəzifəsi isə buraya ev sahibi, qonaqlar gələndə onlara yemək bişirib, xidmət göstərmək idi. Mənzillərin təmizlik işləri də onluq idi. Ev üçmərtəbədən ibarət idi. Mənzillərin sayı isə kifayət qədər idi. Həyətdə böyük bir hovuz da vardı. Hasarın kənarı boyunca əkilmiş müxtəlif rəngli qızılgüllərin ətri həyəti bürümüşdü. Mənim işim əsasən, kömpüter arxasında oturub, evin hər tərəfinə yerləşdirilmiş kameralara nəzarət etmək, gün ərzində bir neçə dəfə hasarın ətrafını gəzib-dolaşmaq idi. Mənə orada qalmaq üçün bir otaq da vermişdilər, gün ərzində üç dəfə yeməyimi və çayımı xidmətçi kişinin arvadı hazırlayıb verirdi. Bir sözlə, bu, bağ evi mənim həm iş, həm də istirahət yerim oldu...
On gün olardı ki, iş başındaydım. İşimdən məmnun idim. Bir gecə, saat 3 radələrində kameradan naməlum, maskalı bir nəfərin hasardan aşıb, bağa girdiyini gördüm. Ev sahibinin oğlu Orxan mənə tapşırmışdı ki, bağa oğru-filan girsə, onu tutandan sonra telefonla mənə bildirərsən. Mən səssizcə evdən çıxıb, həyətdəki böyük bir ağacın arxasında gizləndim. Onu da deməyi unutdum ki, evin girəcəyində böyük bir cins it də zəncirlə bağlanmışdı. İt yad adamın hənirtisini duyduğu üçün hürməyə başladı. İti sakitləşdirməyə çalışdım. Çünki bağban Fərman əmi itin səsinə oyana bilərdi. Mənim səsimi eşitcək, it səsini kəsdi. Həyət işıqlı, gizləndiyim yer isə qaranlıq idi. Bilirdim ki, oğru evə girməyə çalışacaq. Qərara aldım ki, oğrunu otaqda olarkən yaxalayım. Oğru səkə-səkə evə yaxınlaşdı, ətrafa diqqətlə nəzər yetirdi. Kimsənin olmadığını, xidmətçilərin də yatdığına əmin olandan sonra, yavaş-yavaş birinci mərtəbənin bağçaya baxan pəncərəsini bir dəqiqə ərzində səssizcə açdı. Oğrunun bu hərəkətindən bəlli oldu ki, o, bu işdə peşəkardır. Sonra o, açıq pəncərədən otağa girdi. Mən də asta addımlarla səssizcə qapıdan içəri girdim. Gördüm ki, “çağırılmamış qonaq” şkafların siyirmələrini bir-bir açıb yoxlayır, bəlli ki qızıl – zinət əşyaları, pul-para axtarırdı. Başı axtarışa qarışdığından mən cəld arxadan atılıb, onun boyun nahiyəsindən güclü bir yumruq vurdum. Qəfildən vurulan yumruğun zərbəsinə tap gətirməyən oğru yerə sərildi. Tez onun iki qolunu arxaya çevirib, siyirmədəki yaylıqlardan birini götürərək əllərini bağladım. Mənim üçün təhlükəsiz olsun deyə, hər ehtimala qarşı, oğrunun ayaqlarını da iplə sarıdım. Sonra başına maska əvəzinə keçirmiş qadın corabını da çıxardım. O, iyirmi beş-iyirmi altı yaşlarında gənc bir oğlan idi. Mənə çox yalvardı ki, onu buraxım. Amma mən səhərin açılmasını gözlədim…
Səhər tezdən Orxana zəng vurdum. Bir saatdan sonra Orxan iki dostu ilə gəldi.
– Hardadır o it küçüyü? – deyə Orxan əsəbi halda məndən soruşdu.
– Birinci mərtəbədə, otaqdadır – dedim.
– Get gətir onu! – Orxan hirsli-hirsli mənə əmr verdi.
Mən gedib, evdən oğrunun qolundan tutub, Orxanın yanına gətirdim. Çatar-çatmaz Orxan oğlana bir şillə vurdu, sonra da harası gəldi təpikləməyə başladı:
– Alçaq, əclaf, şərəfsiz, de görüm, səni bu evə kim yönəldib? Adını söyləməsən, səni elə buradaca gəbərdəcəyəm, – deyə bu dəfə Orxanın dostlarından biri oğrunun üstünə bağırdı.
Oğlan qorxusundan tir-tir titrəyirdi, üz-gözü qana bulaşmışdı. Bu zaman Orxanın ikinci dostu belindən tapança çıxarıb, oğlanın başına dirəyib:
– Danışacaqsan, ya yox! – deyə bərkdən qışqırdı.
Mən tapançanı görən kimi:
– Bəlkə bu, lazım deyil? – deyə müdaxilə etmək istədim.
Bu zaman Orxanın dostu mənə tərs-tərs baxıb, üzünü turşutdu:
– Sən qarışma, bu iş bizlikdir, – deyə o, sərt cavab verdi.
Fərman və arvadı uzaqda dayanıb, bu mənzərəni ancaq sakitcə seyr edirdi. Mən artıq bir söz söyləmədim.
– Bu küçüyü maşına aparın! Başqa yerdə danışdırarıq, – deyə Orxan dostlarına göstəriş verdi.
Dostlar oğrunu qol-qıç edib, maşına tərəf apardılar. Sonra Orxan əlini cibinə salıb ordan pul çıxardı və cəld mənim cibimə saldı. Bu, elə bir ani oldu ki, mən etiraz etməyə belə vaxt tapmadım.
– Sağ ol, Rəşad. Yaxşı iş başardın. Bu da hələlik sənin kiçik mükafatındır – dedi.
– Orxan müəllim, pul lazım deyildi. Mən vəzifə borcumu yerinə yetirirəm – dedim.
– Yaxşı, salamat qal, – deyə Orxan razılıq əlaməti olaraq sağ əlini çiynimə toxundurdu.
Onlar gedəndən sonra əlimi cibimə salıb, Orxan verdiyi pulu çıxardım. Üç yüz manat idi.
Bu vaxt Fərman əmi mənə yaxınlaşıb dedi:
– Halal olsun sənə, Rəşad. Bu gecə böyük hünər göstərərək, oğrunu tutmusan. Bizim bundan heç xəbərimiz də olmayıb. Rəşad, səndən bir xahişim olacaq. İtin əti qurtarmaq üzrədir, ət almaq lazımdır. Zəhmət olmasa, maşınla get, bir dənə qoyun cəmdəyi al, gətir.
– Bütöv qoyun cəmdəyi?! – deyə təəccüblə soruşdum.
– Əlbəttə, bütöv qoyun cəmdəyi. Özü də erkək olsun, itə dişi qoyun əti vermirik. Həm də təzə kəsilmiş olsun. Bizə belə tapşırıq verilib. Al, bu yüz əlli manat, bu da maşının açarları, ət dükanı uzaqda deyil, bizdən dör yüz-beş yüz metr aralıdadır, – deyə Fərman əmi həm pulu, həm də açarları mənə uzatdı.
– Yaxşı, indi gedərəm, – deyə mən pulu və maşının açarlarını Fərman əmidən alıb, “07”– yə tərəf getdim.
– Sən buralardan nigaran qalma, – deyə Fərman əmi arxadan mənə səsləndi.
Mən yaxınlıqdakı ət dükanından bir erkək qoyun cəmdəyi alıb, geri qayıtdım. Qayıdarkən: “Həyatda əksər insanlar aylarla ət üzünə həsrət olduqları halda, bəziləri də itlərinə erkək qoyun əti yedizdirir. Təzada bir bax də…” deyə öz-özümə düşündüm.
Qoyun cəmdəyini maşının yük yerindən götürüb, Fərman əmiyə verərkən soruşdum:
– Fərman əmi, bu it ayda neçə qoyun cəmdəyi yeyir?
– Ayda üç cəmdək yeyir. Nədir ki? – Fərman əmi sakit tərzdə dilləndi.
– Heç, elə belə, maraq üçün soruşdum. – dedim. Sonra: “Deməli, bəzən itlərin qədrini insanlardan üstün bilirlər…” deyə öz-özümə gileyləndim.
Bir gün gördüm ki, Fərman əminin həyat yoldaşı Çimnaz yaman hay-həşirdədir, ora qaçır-bura qaçır, əl-ayaqdadır, yemək hazırlığı görür. Ondan bu hazırlığın səbəbini soruşdum.
– Bu gün Orxan müəllim qonaqları ilə gələcəklər – dedi.
Axşamtərəfi Orxan dostları və yanlarında üç qızla bağa gəldilər. Hava isti olduğundan təmtəraqlı stol “besedka”da açılmışdı. Fərman əminin dediyinə görə, Orxanın qonaqları olanda həyətdə kimsə gözə görünməməlidir. Bu qaydaya əməl edərək, mən də kömpüter otağında əyləşib öz işimlə məşğul idim. Bir az keçəndən sonra qızların qəh-qəhəsi həyəti başına götürdü.
Beş-on dəqiqədən sonra mənim otağımın pəncərəsi arxasında iki qızın mübahisəli söhbətini eşitdim. Qızlardan biri deyirdi:
– Nazilə, bəs deyirdin ki, rəfiqənin ad gününə gedirik? Sən məni hara gətirmisən? Tez ol, məni burdan apar. Mən burda qala bilmərəm. Əgər evdəkilər mənim harda olduğumu bilsələr, hər kəsdən öncə qardaşım məni sağ qoymaz.
– Aytac, gör bir sənə nə deyirəm. Heç bilirsən mən səni kiminlə tanış etmişəm? Respublikanın ən zəngin, ən varlı-karlı adamın oğludur Orxan. Hələ sənin minnətin olsun ki, belə bir oğlanla tanış olmusan. Qızlar Orxanla tanış olmaqdan ötrü əldən-ayaqdan gedirlər. Sənsə şaddığına şitlik edirsən. Gəldiyimizə məni peşman etmə, sən Allah! – Nazilə rəfiqəsini yola gətirmək üçün dil tökürdü.
– Yox, yox, mən bundan sonra bir dəqiqə belə burada qala bilmərəm. İndi evdəkilər də harada olduğumu bilmədikləri üçün narahatdırlar. Çünki qardaşıma sizdə olacağımı söyləmişdim. İndi məni sizdən çoxdan soruşmuş olar. Ona görə də mən təcili evə getməliyəm, – deyə Aytac rəfiqəsinə israr edirdi.
– Daha burdan sənin getməyinə mən deyil, Orxan qərar verə bilər. Orxana qalsa, çətin ki istədiyini səndən almayınca, elə belə buraxsın. Ağıllı ol, kefimizi qaçırma! Dur gedək məclisə. Nə sözün varsa, özün Orxana söyləyərsən. Məndən sənə bu qədər. – Nazilə Aytacın qolundan tutub, məclisə tərəf apardı.
Məni fikir-xəyal götürdü. “Demək, bu gün məsum bir qızın namusu ləkələnəcək. Allahım, indi mən neyniyim?! Bu rəzilliyə necə biganə qala bilərəm? Axı bunu mən qulaqlarımla eşidib, şahid oldum. Əgər bu işə müdaxilə etməsəm, mən də günahkar olaram” , deyə düşündüm.
Bu işi dinc yolla həll etmək üçün bir plan düşündüm. Orxan Aytacı otağa aparanda, mən guya təsadüfən bayıra çıxacağam və onlarla qarşılaşacağam. Sonra isə…
Plan düşündüyüm kimi baş tutdu. Orxan Aytacı guya evdəki otaqlarla tanış etmək bəhanəsi ilə yuxarı mərtəbəyə qaldırmaq istərkən otaqdan çıxdım. Aytacı görcək təəccüb içində soruşdum:
– Aytac, sən burda nə gəzirsən? Bir az bundan öncə qardaşın mənə zəng eləmişdi. Soruşdu ki, Rəşad, Aytac sizdə deyil ki? Səndən ötrü evdəkilər yaman narahatdılar, – Orxan hiss etməsin deyə, qaşımı yuxarı qaldırmaqla qıza işarə etdim.
Orxan sərxoş olduğundan mənim qıza gizlicə işarə etdiyimi hiss etmədi. Qız isə işarəmi başa düşdü. Orxan təəccüblə mənə baxdı:
– Rəşad, bu qızı tanıyırsan? – deyə soruşdu.
– Bəli, tanıyıram, Orxan müəllim. Dostumun bacısıdır. Düzü, onu burda görəndə, mən də təəccüb etdim, – deyə tez cavab verdim.
– Rəşad, iş heç də sən gördüyün kimi deyil. Sən Allah, mənim burda olduğumu Validə söyləməzsən. Mən sənə hər şeyi anladacağam. Nazilə məni rəfiqəsinin ad günü adı ilə buraya gətirib. Qurban olum, Rəşad, məni burdan tez evə apar, çatdır – deyə Aytac da rolunu çox gözəl oynadı.
Orxanın gördüyü mənzərədən dilxor olduğu aydınca sezilirdi. O, sağ əli ilə alnını ovuşdurduqdan sonra, üzünü mənə tutub dedi:
– Yaxşı, Rəşad, Aytac xanımı evə apar, sonra da geri qayıdıb gəl!
– Baş üstə, Orxan müəllim. Mən dediyinizi həmən yerinə yetirəcəyəm. – dedim. – Aytac, gəl səni evə aparım, yoxsa evdəkilər indi çox narahatdılar.
Qurduğum ssenari işə yarıdı. Yolboyu Aytac mənə çoxlu dualar etdi. Onu evlərinə gətirdim. Aytac xanım mənə minnətdarlığını bildirdi. O, maşından düşərkən dedim:
– Aytac xanım, bundan sonra kiminlə dostluq etdiyinə diqqət yetir. Çalış ki, aldanmayasan, yoxsa həyatınız alt-üst olar. Bundan sonra sizi insanlara deyil, Allaha əmanət edirəm. Salamat olun!
– Mən sizin bu yaxşılığınızı heç bir zaman unutmayacağam. Bu gün siz məni sanki yenidən həyata qaytardınız. Çox sağ olun. Sizi hər zaman xatırlayacağam, – deyə Aytacın gözləri doldu.
Mən dərindən köks ötürdüm. Qız evlərinə getdikdən sonra, bir müddət başımı maşının sükanına söykəyib, eləcə fikrə getdim. Sonra bağ evinə qayıtdım. Həyətə çatanda, qonaqlar artıq getmişdilər.
Maşını saxlayıb yerə düşdüm. Fərman əmi sir-sifəti tutqun halda mənə yaxınlaşdı. O, utanırmış kimi, başını aşağı dikib dedi:
– Rəşad, sən cəsarətli, vicdanlı, qeyrətli, namuslu oğlansan. Amma Orxan müəllim səni bu gündən işdən azad etdi. Bu da sənin bugünəqədərki maaşın.
Mən Fərman əminin mənə uzatdığı pulu alıb saydım. Altı yüz manat idi. Güldüm. Bunu görən Fərman soruşdu:
– Rəşad, xeyir ola, nəyə gülürsın?
– Zəmanəyə gülürəm, Fərman əmi, zəmanəyə. Görünür, Orxan müəllimin kefinə soğan doğramışam. Nə etmək olar, ağa deyir get, mən də getməyib, nə edəsiyəm ki? Haqqınızı halal edin, Fərman əmi. Salamat qalın! – dedim.
– Yolun açıq olsun, Rəşad. Allah-təala nə arzun-muradın varsa, yerinə yetirsin. Sənə yaman isinişmişdik. Daim Tanrının nəzərində olasan, – deyə Fərman əmi də bulud kimi doldu.
– Hər şey üçün siz də sağ olun, – dedim.
Şahid olduğunuz kimi, həyatda daim vicdanın səsini dinləyib, ona itaət etmək, onun əsirinə çevrilmək heç də mənə başucalığı gətirmədi, əksinə, bunun müqabilində həmişə mənəvi sarsıntılara düçar oldum. Mən onu da bir daha anladım ki, həyatda vicdanla yaşamaq insana əzab və iztirab verirmiş…