Ramiz Zeynalov nə üçün istefaya göndərilməlidir?-ARAŞDIRMA
Əli Şəmiyev məsuliyyətdən yayına biləcəkmi?
Tovuz Rayon Xalq Məhkəməsinin keçmiş sədri Firuddin Ələkbərlinin işadamı Əli Şəmiyev tərəfindən güllələnərək qətlə yetirilməsi ictimai rəydə geniş rezonas doğurdu. Sosial şəbəkədə qətlə yetirilən hüquqşünas Firuddin Ələkbərlinin haqqında çoxsaylı müsbət fikirlər yazılır. Məsələn, politoloq Nəsimi Məmmədli facebook-da məhrum Firuddin Ələkbərlini Tovuz rayonunun təəssübünü ürəkdən çəkən, həmyerlilərinə qarşı çox həssas və qayğıkeş insan kimi xarakterizə edib.
Ancaq müstəqillikləri şübhə doğuran bəzi media orqanları mərhumun cavab vermək imkanın olmadığını fürsət bilərək qətl hadisəsinin kökündə hədə-qorxu ilə pul tələb etmənin dayanması haqqında fikirlər yayıblar. Bu böhtanı isə təkzib edən yalnız politoloq Nəsimi Məmmədlinin mərhum hüquqşünas haqqında müsbət fikiriləri deyil. Məsələ ondan ibarətdir ki, Firuddin Ələkbərli Əli Şəmiyevin Zəyəm çayı üzərindəki nəhəng istirahət mərkəzinin çirkab sularının çaya axadılması ilə bağlı hüquqi müstəvidə mübarizə aparmağa çalışıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər edib və ən nəhəyatdə məhkəmədə bununla bağlı iddia qaldırıb. Çox təəssüf ki, hüquq-mühafizə orqanlarının bu müraciətlərlə bağlı obyektiv araşdırma apardığına inanmaq çox çətindir. Tovuz Rayon Məhkəməsinin Əli Şəmiyevin xeyirinə qərar çıxarması mənzərəni dəyişmir.
Məsələ onadan ibarətdir ki, Əli Şəmiyevin adı keçən və indi bir nəfərin qətlə yetirilməsinə səbəb olan istirahət mərkəzi ilə bağlı bir neçə il əvvəl mətbuatda gedən məlumatlar mərhum hüquqşünasın müraciətlərinin obyektiv araşdırılmadığını ehtimal etməyə əsas verir. Həmin məlumat isə ondan ibarətdir ki, Əli Şəmiyev Tovuz rayonunda ən qüdrətli olan iki ailə ilə yaxın qohumluq əlaqələrinə malikdir. Belə ki, Tovuzda “tuz Əli”, “yanıqlı Əli” ləqəbləri ilə tanınan Əli Məmməd oğlu Şəmiyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Əsgərovla və Tovuz rayon icra hakimiyyətinin sabiq icra başçısı Tofiq Zeynalovla qudadır. Belə ki, onun qızlarından biri Tovuz rayon icra hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) şöbə müdiri olan Qoşqar Zeynalovla ailə həyatı qurub. Bir hüquqşünası amansızcasına qətlə yetirməkdən çəkinməyən iş adamının digər qızı isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun çoxmilyonlu dələduzluq olayında adı hallanan oğlu Elnar Əsgərovla ailə həyatı qurub.
Əli Şəmiyevin qudaları hazırda yüksək vəzifə tutmasalar da, bu onların mövqeyinin zəifləməsi anlamına gəlmir. Belə ki, Tovuz rayon icra hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov qardaşı Ramiz Zeynalov hələ də DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi və ölkənin ən qüdrətli generallarından biridir. Əli Şəmiyevin digər qudası “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun qardaşı Ayaz Əsgərov bu gün də Yardımlı Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu məqamlar isə Əli Şəmiyevin qudalarının vəzifə başında olmasalar da, güclü mövqeyə malik olmalarını təsdiq edir. Buna görə də Firuddin Ələkbərlinin qətli ilə bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə başlanan cinayət işinin kənar təsirlərə məruz qalması ehtimalı çox böyükdür. Məmurların mövqeyinin qanundan üstün tutulduğunu və DİN-in nüfuzlu generallarından biri olan Ramiz Zeynalovla yaxın qohumluq Əli Şəmiyevin cəzadan yayına biləcəyi narahatlıq yaradır. Əgər kimsə, məmurların mövqeyinin qanundan üstün tutulması haqqında fikirimizlə razı deyilsə, Əli Şəmiyevin Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində işləyən kürəkəni Qoşqar Zeynalovun Hüseynov Rahib İsmayıl oğluna 10 faizə 2011-ci ilin noyabr ayında verdiyi 100 min ABŞ dolları, 15 yanvar 2012-ci ildə 500 min ABŞ dolları, 17 fevral 2012-ci ildə 2 milyon 500 min ABŞ dolları, 2012-ci ilin mart ayında 2 milyon ABŞ dolları, 2012-ci ilin aprel ayında 800 min ABŞ dolları və 2012-ci ilin may ayında 1 milyon 750 min manat, ümumilikdə isə 5 milyon 900 min ABŞ dollarını, 1 milyon 750 min manatı haradan qazandığına aydınlıq gətirsin.
Qeyd edək ki, bu məlumat Qoşqar Zeynalovun Hüseynov Rahib İsmayıl oğlu ilə bağlı DİN-ə etdiyi şikayət ərizəsində əksini tapıb. Nə o zaman, nə də bu gün DİN-in rəhbərliyi Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində işləyən Qoşqar Zeynalovun 5 milyon 900 min ABŞ dollarını və 1 milyon 750 min manatı haradan qazandığına aydınlıq gətirməsində maraqlı olmayıb. 36 yaşlı, Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində işləyən Qoşqar Zeynalovun bu qədər sərvəti haradan və necə əldə etməsi ilə bağlı araşdırma aparılmaması onun qaynatasının qanunun tələblərinə uğun cəzalandırılacağını şübhə altına almağa əsas verir.
Əli Şəmiyevin qanunun tələbləinə uyğun sərt cəzalandırılacağı şübhə doğurduğu bir zamanda avqustun sonuncu günü Bakıda baş vermiş bir qətl hadisəsinə görə günahsız insanların cəzalandırılma ehtimalı var. Söhbət Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində 35 yaşlı Fərid Məmmədovun qətlə yetirilməsi olayından gedir. Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin başlanmasına səbəb Fərid Məmmədovun Həbib Babaverdiyev tərəfindən qətlə yetirilməsidir.
İlkin məlumata görə, Həbib Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü Fərid Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H. Babaverdiyev F.Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. Qətlə yetirilən F.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qaynının oğludur. Çox maraqlıdır ki, Həbib Babaverdiyevlə yanaşı C.Cavadlı və R.Bünyatzadə adlı daha iki şəxs də saxlanılıb. Bu şəxslərin saxlanılmasının isə yalnız bircə səbəbi var. Belə ki, onlar qətl törədən Həbib Babaverdiyevlə bir maşında olublar. Ancaq bu onların da həbsi üçün yetərli hesab edilib.
Ramiz Zeynalovun adının anıldığı bu iki qətl hadisəsi bir-birindən kifayət qədər fərqlənir. Hadisənin biri gənclər arasında çıxan anlaşılmaz zamanı ani olaraq baş verib. Yəni, Həbib Babaverdiyev əvvəlcədən planlaşdıraraq əlinə soyuq silah alıb Fərid Məmmədovun evinə və ya iş yerinə gedərək onu öldürməyib. Əgər bu iki şəxs arasında bir-birinin maşınana yol vermək üçün mübahisə düşməsəydi və bu mübahisə davaya çevrilməsəydi, qətl hadisəsi baş verməzdi. Məhz gənclərin bir-birini anlaya bilməməsi bu qətl hadiəsəsinə gətirib çıxarıb. Bu olaydan fərqli olaraq Tovuzdakı baş vermiş qətl hadisəsi tamamilə fərqlidir. Qətli törədən Əli Şəmiyev üzərində odlu silahla Firuddin Ələkbərlinin iş yerinə gedərək ona əlindəki silahdan bir neçə atəş açıb. Yəni, bu qətl Bakıda baş vermiş qətl hadisəsindən fərqli olaraq planlaşdırılması və şəxsi ədavət müstəvisində baş verdiyi aşikardır.
Bu iki cinayət işinin obyektiv istintaqına çox böyük zərurət var. Ancaq istintaqın kənar təsirlərə məruz qalma ehtimalı çox böyükdür. Buna yol verməmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin təqaüd yaşı çoxdan çatmış 68 yaşlı rəisi Ramiz Zeynalov istefaya göndərilməlidir. Çünki, bu iki qətlin istintaqında onun ailə üzvülərinin maraqları mövcuddur. Bu maraqların istintaqa təsir etməsinin qarşısını almaq üçün isə Ramiz Zeynalovu çoxdan getməli olduğu təqaüdə göndərmək lazımdır. Bu istintaqın obyektivliyinə etimad yarada bilər. Əks halda istintaqın gələ biləcəyi nəticə cəmiyyətdə şübhə ilə qarşılanacaq.(sözçü.info)