Mühacirət – Ermənistanı ermənisiz qoyacaq sosial bəla – ŞƏRH

Əhalisiz dövlət təsəvvür edilmir. Odur ki, doğulanların, ölənlərin sayları, miqrasiya, deportasiya, məcburi köçkünlük və s. bu kimi məsələlər demoqrafiyaya, əhalinin sayına təsir edən başlıca amillərdir.

Ölkədə ciddi siyasi, sosial dəşyikliklər, iqtisadi böhranlar, işğalçı siyasət nəticəsində yaranan hərbi şərait əhalinin öz dövlətində yaşaması üçün problem yaradır. Bu səbəbdən Ermənistanda da əhalinin sayının azalması müşahidə edilir. Ümumiyyətlə, SSRİ dağıldıqdan sonra bu ölkədən köç gücləndi. Bu, təkcə, keçmiş ittifaqın daxilində baş verən hadisələrlə bağlı deyildi. Ermənilər etnik qrup olaraq vətənləri olmadığından daha çox harada onlar üçün xoş keçir, oranı özlərinə vətən sayırlar. Bu, tarixən belə olub. Azından son 200 ildə baş verənlər bunu təsdiqləyir. Çar Rusiyası tərəfindən onların Qafqaza yerləşdirilməsini, ya da bu etnik qrupun vətəni dabanlarında daşımalarına təsdiqləməyə kifayət edər.

Sovetlərin dövründə ermənilərin xaricə başqaları ilə müqayisədə köçü mövcud idi. Son zamanlar Ermənistanda davam edən acınacaqlı sosial-iqtisadi vəziyyət əhalinin davamlı olaraq xarici ölkələrə miqrasiyasına şərait yaratmaqdadır. Bu, xüsusilə kişilərin kütləvi sürətdə ölkəni tərk etməsi ilə xarakterizə olunur. Məqsəd ölkəni tərk edən əmək qabiliyyətli (xüsusilə güclü cinsin) əhalinin ümumi demoqrafik duruma mənfi təsirlərini işıqlandırmaqdır. Bu məsələlərə aid bəzi statistik rəqəmləri və məlumatları diqqətinizə çatıdırmaq istərdik.

BMT-nin Əhali Fondunun Ermənistandakı icraçı nümayəndəsi Sovinar Arutyunyan bildirib ki, Lori vilayəti üzrə ilk dəfə ölüm halları doğum hallarını 90 hadisə üstələyib: “Bunun qarşısı alınmazsa, onda 4-5 ildən sonra Ermənistan üzrə ölənlərin sayı doğulanların sayını üstələyəcək”. Bunun səbəblərindən biri də 1990-cı illərdə Ermənistanda anadan olanların sayının azlığı ilə bağlıdır. Həmin dövrdə ailələrin əksəriyyəti övlad dünyaya gətirə bilmirdi. İndi isə onun yaratdığı problem ölkə üçün əhalinin sayının artması məsələsində problem yaradıb. Bunun başqa səbəbi isə gənc kişilərin ailə qurmaq istəməməsi ilə bağlıdır. Demoqrafik balansın yaranması üçün 60 min kişi çatmır. Sovinar Arutyunyanın fikrincə, mühacirət edən kişilərin 80 faizi reproduktiv fəal yaşdadırlar. Rəsmi statistikaya əsasən, Ermənistanda əhalinin 46,5 faizini kişilər, 53,5 faizini isə kişilər təşkil edir. Bununsa başlıca səbəbi emiqrasiya sayılır.

Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Demoqrafiya bölməsinin rəisi Artak Markosyanın sözlərinə görə, reproduktiv insanların ölkəni tərk etməsinin ağır izləri Ermənistanda qalıb: “1992-2002-ci illərdə doğum 60 faiz azalıb. Bu, keçmiş SSRİ ölkələri arasında ən yüksək göstəricidir. On il ərzində doğum 70 mindən 32 min nəfərə enib. Mühacirət və demoqrafik strategiyanın olmaması 27 ildə acınacaqlı vəziyyəti yaradıb”. Ermənistan Statistika Komitəsinin 2019-cu ilin yanvar ayına olan məlumatına görə, ölkə əhalisinin sayı 2 milyon 965 min nəfər olub. Bu, 2017-ci illə müqayisədə 7 600 nəfər azdır. 2018-ci ildə ölkə üzrə 36 502 uşaq dünyaya gəlib, bu rəqəm 2017-ci ildə 37 700, 2016-cı ildə isə 40 592 nəfər olub.

Yeri gəlmişkən, Ermənistanda kişi qıtlığı səbəbindən tənha qadınlar süni mayalanmaya üstünlük verirlər. “Fertility center”in direktoru, ginekoloq-reproduktoloq Eduard Amlbarsumyan bildirib ki, son zamanlar onlara müraciət edən qadınların sayı artıb. Onların süni mayalanma zamanı istifadə etdikləri donor naməlumdur. Bu isə Ermənistanda atasını tanımayacaq minlərlə yeni insan deməkdir. BMT-nin “Əhali və inkişafı” layihəsinin koordinatoru Anna Ohanesyan Ermənistanda qadınların istismar olunduğunu vurğulayaraq bildirib ki, qadınlar həm ev işləri görür, həm də dolanışığı yaxşılaşdırmaq üçün əmək fəaliyyəti ilə məşğul olurlar: “Qadınlar əmək fəaliyyəti ilə məşğul olur və ev yükünü, məişət qayğılarını daşıyırlar”. Bu arada “World Vision Armenia” beynəlxalq ictimai təşkilatı Ermənistanda “Bərabərlik uğrunda qayğılar” layihəsini həyata keçirib. Həmin tədbir zamanı müəyyən edilib ki, ölkədə gənc qadınlar doğmaq istəmirlər. Bunun səbəblərindən biri isə qadınlara bu ölkədə qul, ikinci sort insan kimi yanaşılması göstərilib.

Sosioloq, gender məsələləri üzrə ekspert Asmik Gevorkyan bildirib ki, gender məsələsi Ermənistanın çox vacib problemi sayılır: “Doğru olmayan davranış, tərbiyə insanları gender əlili edir və ölkənin inkişafına mane olur. Bizə “qaynar xətt” ilə zəng edən qadınların 92 faizi gender problemi ilə üzləşdikləri üçün intihara əl atmaq istədiklərini etiraf ediblər”. Onun sözlərinə görə, selektiv abortlar səbəbindən ölkədə kişi cinsinə aid olanlar əhalinin sayı artacaq. Onların mühacirət etdiklərini nəzərə alsaq, onda bu amil ölkə əhalisinin sayının 80 min nəfərədək azalacağına təsir göstərəcək. BMT-nin Əhali Fondunun statistik təhlillərinə əsasən, selektiv abortların davamlı hal alması da yaxın gələcəkdə Ermənistanda gender balansının pozulmasına və “single men” (tənha kişilər) cəmiyyətin yaranmasına səbəb olacaq. Asmik Gevorkyan qeyd edib ki, Ermənistanda qadınların 56,9 faizi ərə getməkdən qorxur, 45,5 faizinin isə uşağı yoxdur. Ermənistanda gender bərabərliyi mediada da təbliğat zamanı pozulur. Kommunikasiya məsələləri üzrə ekspert Anuş Beqloyanın sözlərinə görə, erməni KİV-in yaydığı informasiyaların 86 faizi kişilər, 10 faizi isə qadınlar barədədir. Ekspertlər arasında kişilərin sayı əks cinsin sayından 8 dəfə çoxdur.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, məişət zorakılığı halları artıb. 2018-ci ilin ilk altı ayında 9 qadın məişət zorakılığının qurbanı olub. Həmin il bu cinayət üzrə 519 iş araşdırılıb. 2019-cu ilin may ayında 2 qadın məişət zorakılığı nəticəsində ölüb. Ermənistandan Avropaya mühacirət edən ermənilər özlərini azərbaycanlı kimi təqdim edirlər. Almaniyanın Miqrasiya Xidmətinin əməkdaşları bir müddət əvvəl “Vormser Zeitung” qəzetinə bildiriblər ki, Ermənistan vətəndaşlarının azərbaycanlı soyadı ilə Almaniyadan sığınacaq almağa çalışmalarına dair faktlar aşkarlayıblar.

Ermənistanın üzləşdiyi çoxsaylı sosial, siyasi və iqtisadi, hərbi problemlər səbəbindən vətəndaşları, xüsusilə kişi cinsinə məxsus sakinləri xaricə daha yaxşı yaşamaq üçün üz tuturlar. Buna nail ola bilməyənlər müxtəlif xəstəliklərə yoluxaraq ölkəsinə qayıdır. Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Ermənistan nümayəndəliyinin rəhbəri İlona Terminasyanın sözlərinə görə, ölkəyə sonradan qayıdan şəxslərin QİÇS daşıyıcısı olması halları müşahidə edilir.

2020-ci il oktyabrın 18-dən 27-dək Ermənistanda əhalinin siyahıyaalınması keçiriləcək. Ehtimal etmək olar ki, bu sosial tədbirin nəticələri Ermənistan üçün heç də ürəkaçan olmayacaq. Həmin kampaniyanın yekunu Nikol Paşinyanın “Strategiya 2050”sinin baş tutmayacağını təsdiqləyəcək.

Əhali dövlətin əsas atributlarındandır. Miqrasiya problemini həll edə bilməyən Ermənistan ordusunun perspektivdə əsgər, hərbçi qıtlığı problemi ilə də üzləşəcəyi istisna edilmir. Monoetnik respublikaya çevrilən Ermənistan kimin olacaq? Qadınları hansı etnosun nümayəndələri ilə ailə quracaq? İşğalçılıq, təcavüzkarlıq, etnik təmizləmə Ermənistana ucuz başa gəlməyəcək. İndi bu problemin işartıları görünməkdədir. Hazırda Türkiyə və İranla dövlət sərhədlərini mühafizə etməyə gücü çatmayan bu dövlətin sərhədləri hansı qüvvə ilə qorunacaq? 2050-ci ilə Ermənistan çıxa bilər, ancaq bu ölkədə ermənilərin sayının üstün olacağı ehtimalı çox azdır. (report.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password