Avtonəqliyyat Baş Gömrük İdarəsində mənimsənilmiş milyonlar -İsmayıl Hüseynov istintaqa cəlb olunacaqmı?
Qoşqar Əhmədzadənin də yolu istintaqdan düşə bilər
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən 4 təşkilatda (Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi və Avtonəqliyyat Baş Gömrük İdarəsi, Dövlət Sosial Müdafiə Fondu Zəngilan rayon Şöbəsi və Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbi) apardığı yoxlama nəticəsində 5 milyon 440 min 63 manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilməsini aşkara çıxarıb.
Çox maraqlıdır ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aşkara çıxarılmış faktiki olaraq mənimsəmə olayı kimi qəbul edə biləcəyimiz 5 milyon 440 min 63 manat artıq və əsassız ödəmənin böyük hissəsi Dövlət Gömrük Komitəsinin iki idarəsinin payına düşür. Belə ki, Bakı Baş Gömrük İdarəsində 3 milyon 281 min 270 manatın, Avtonəqliyyat Baş Gömrük İdarəsinində isə 2 milyon 27 min 800 manatın faktiki olaraq mənimsənilməsi üzə çıxarılıb.
Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Vüsal Novruzov istintaqa cəlb edildiyi üçün Bakı Baş Gömrük İdarəsində mənimsənilmiş 3 milyon 281 min 270 manatı son qəpiyinə kimi geri ödənilməsi təmin edilib. Bundan başqa Bakı Baş Gömrük İdarəsinin bir neçə əməkdaşı vəzifələrini itiriblər. Üstəlik, bu işlə bağlı istintaq materallarının məhkəməyə göndərilməsi gözlənilir. Bakı Baş Gömrük İdarəsində baş vermiş milyon 281 min 270 manat mənimsəmə ilə bağlı ilk dəfə olaraq “Yeni Sözçü” qəzeti yazmış, bundan sonra digər media orqanlarının da istinad etməsi ilə tam ictimailəşmişdi. Hətta bəzi media orqanlarının “Yeni Sözçü” qəzetinin araşdırmalarını öz adına çıxmaq cəhdi də olmuşdu. İstisna deyil ki, indi təqdim etdiyimiz araşdırmanı da öz adına çıxan media orqanları olacaq. Bu çox da təəccüblü məsələ deyil. Milyonlarla manat büdcə vəsaitinin mənimsənildiyi, üstəlik bunu edənlərin məsuliyyətdən kənarda qaldığı bir ölkədə “Yeni Sözçü” qəzetinin araşdırmalarının bəzi media orqanları tərəfindən öz adlarına çıxılması niyə təəccüblü olmalıdır ki?
Ancaq buna baxmayaraq biz Avtonəqliyyat Baş Gömrük İdarəsindəki 2 milyon 27 min 800 manatın mənimsənilməsi ilə bağlı araşdırma apardıq. Bizi buna vadar edən əsas məqam isə Bakı Baş Gömrük İdarəsindən fərqli olaraq Avtonəqliyyat Baş Gömrük İdarəsində mənimsənilmiş milyonların geri qaytarılmasının təmin edilməməsidir. Bu isə Avtonəqliyyat Baş Gömrük İdarəsindəki 2 milyon 27 min 800 manat mənimsəmənin arxasında “toxunulmaz şəxslər” dayandığı haqqında ehtimalları meydana çıxarıb.
Qeyd edək ki,Bakı Baş Gömrük İdarəsində 3 milyon 281 min 270 manat mənimsəmə 01.01.2016-cı il tarixlə 27.05.2018-ci il tarixi arasında baş veribsə, Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmə 15.12.2017- 31.12.2017-ci il tarixində, yəni 16 gün ərzində baş verib. Bu olay zamanı isə Avtonəqliyyat Baş Gömrük İdarəsinə hazırda Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini olan İsmayıl Xəlil oğlu Hüseynov rəhbərlik edib. Dövlət Gömrük Komitəsinin sədri və əksər rəhbər şəxsləri kimi əslən Naxçıvandan olan İsmayıl Hüseynov ilk ali təhsilini aldığı Naxçıvan Dövlət Universitetini 1996-cı ildə bitirsə də,gömrük orqanlarında 1995-ci ildən xidmət edir. Ötən 24 il ərzində İsmayıl Hüseynov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa Gömrük İdarəsində Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə qədər yüksələ bilib. Qeyd edək ki, İsmayil Hüseynov 14 il ərzində, yəni 2004-2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisnin müavini və İdarənin rəisi vəzifələrində çalışıb. Ötən ilin may ayının 29-da İsmayıl Hüseynov Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisi vəzifəsindən azad edilərək Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, 26 gün sonra, yəni 25 iyun 2018-ci ildə isə president İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Bu tarixləri ona görə qeyd edirik ki, oxucuya tam aydın olsun ki, Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmə baş verəndə bu idarənin rəisi İsmayıl Hüseynov olub. İsmayıl Hüseynovun bir ayın içərisində əvvəlcə Bakı Baş Gömrük İdarəsinin rəisi, sonra isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi onun çox güclü himayəyə malik olduğunu göstərir. Onun, hətta çox yaxın zamanda Dövlət Gömrük Komitəsinin sədri təyin ediləcəyini də iddia edənlər var. Komitə sədri Səfər Mehdiyevin bu postda müvəqqəti olduğunu siyasi hakimiyyətdə hər kəs bilir.
İsmayıl Hüseynovun rəis olduğu zaman Avtonəqliyyat Baş Gömrük İdarəsində 2 milyon 27 min 800 manat mənimsəmənilməsinə görə cinayət işinin başladılmaması, büdcə vəsaitinin geri qaytarılmasının təmin edilməməsi bu şəxsin toxunulmazlığı ilə bağlı qənaət yaratsa da, bu yanlış qənəat olardı. Birincisi, qanun qarşısında hər kəs bərabərdir və heç kim törətdiyi hüquqa zidd əmələ görə məsuliyyətdən azad edilməyib. İkincisi, Bakı Baş Gömrük İdarəsinində baş vermiş mənimsə ilə bağlı cinayət işinin başlanması artıq president də yaradıb. Buna görə də İsmayıl Hüseynovun himayəçisinin nə qədər güclü mövqe sahibi olmasına baxmayaraq gec-tez istintaqa cəlb olunması gündəmə gələcək. Əks halda belə qənaət yaranacaq ki, İsmayıl Hüseynov qanunlardan üstə dayanır və hüquq-mühafizə orqanlarının bu şəxsə gücü çatmır?
İsmayıl Hüseynovla bərabər Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəməyə görə məsuliyyət daşıyanlardan biri də hazırda Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini vəzifəsini tutan Coşqun Mübariz oğlu Əhmədzadədir. Belə ki, Coşqun Əhmədzadə DGK sədrinin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilənə kimi Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini vəzifəsini tutub. Dövlət başçısının 27 yanvar 2017-ci il tarixli sərəncamı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Çoşqun Əhmədzdənin Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəmə ilə bağlı başlanacaq istintaqa cəlb olunacağı da istisna edilə bilməz. Baxmayaraq ki, onun atası Mübariz Əhmədzadə Zaqatala rayon icra hakimiyyətinin başçısı, əmisi Əhməd Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olsa da, Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəmə ilə bağlı cinayət işi başlanılsa Coşqun Əhmədzadənin də yolu istintaqdan düşəcək.
Avtonəqliyyat Baş Gömrük İdarəsində 15.12.2017- 31.12.2017-ci il tarixində baş vermiş 2 milyon 27 min 800 manat mənimsəmə ilə bağlı bu günə cinayət işinin başlanmamasının səbəblərinə, mənimsənimliş iki milyon manatdan artıq vəsaitin geri ödənməməsinin səbəblərinə növbəti araşdırmamızda aydınlıq gətirəcəyik. Bu araşdırma zamanı isə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin, Dövlət Gömrük Komitəsinin və hüquq-mühafizə orqanlarının mövqeyini öyrənməyə çalışacağıq. Bakı Baş Gömrük İdarəsində baş vermiş 3 milyon 281 min 270 manat mənimsə ilə bağlı apardığımız araşdırma zamanı həqiqətlərin üzə çıxarılmasında yuxarıda adları çəkilən dövlət orqanlarının “Yeni Sözçü” qəzeti ilə əməkdaşlığının Avtonəqliyyat Baş Gömrük İdarəsindəki mənimsəmənin araşdırılması zamanı da davam edəcəyinə ümid edirik.
Mənbə “Yeni Sözçü” qəzetinin araşdırma qrupu