Camal Zeynaloğlu yazır
Camal Zeynaloğlu
Bir gecənin gəlini
hekayə
Sərxanın iki qardaşı – Səmidxanla Alxan narkotik üstündə həbsxanada yatırdı. Anası Zivər üçüncü oğlu Sərxana yalvarıb-yaxarmış, ona dönə-dönə and içdirmişdi ki, barı o, qardaşlarının yolu ilə getməsin, mənə yazığı gəlsin. Onsuz da iki övladın el tənəsi ona kifayət edirdi. Zivər xala övladlarını bu pis bəlaya qurşadanlara həmişə qarğış, nalə-nifrin yağdırırdı.. Atasızlıq öz işini görürdü… Zivər həyat yoldaşını erkən avtomobil qəzasında itirmişdi. Acı tale isə üç oğlan övladını onun öhdəsinə buraxmışdı. Ananın gücü də övladlarına yalnız orta təhsil verməsinə yetmişdi…
Zivər Səmidxanla Alxanı vaxtında üçün çox qız qapısını döymüşdü. Kimsədən “hə” cavabı ala bilməmişdi. Çünki rayonda onun oğlanlarının narkotik ticarəti ilə məşğul olduqlarını hamı bilirdi. Vaxtilə ana ovladlarına çox yalvarıb-yaxarmış, öyüd-nəsihətlər vermiş, onları tutduqları bu yanlış yoldan çəkindirməyi israr etmişdi. Amma nankor övladlar ana məsləhəti və nəsihətlərini qulaqardına vurmuş, çirkin əməllərindən əl çəkə bilməmişlər…
Oğlanları həbs olunandan sonra Zivər son ümidini Sərxana bağlamışdı…
Bir gün ana süfrə arxasında evlənməkdən söz salmışdı:
– Sərxan, oğul, sənin evlənmək yaşın çatıb. Qardaşlarının taleyi onsuz da hamımıza bəllidir. Heç olmasa sən bizim ailənin üstündəki ləkəni təmizləməyə çalış. Bilirəm ki, sən anana verdiyin sözə xilaf çıxmaz, doğru yolla gedəcək, bu bəladan uzaq olacaqsan. Bir də düşünürəm ki, evlənəndən sonra başın öz ailənə qarışacaq, evinə-eşiyinə lazımınca sahib çıxarsan, – deyə Zivər oğlunun ağzını aramışdı.
Sərxan cavabında demişdi:
– Ana, özün bilirsən ki, mən böyük yeri bilənəm. Məndən böyük iki qardaşım qala-qala mən necə evlənə bilərəm?!
– Oğlum, qardaşlarına görə sən də həyatını məhv etməyəcəksən ki? Onların vəziyyəti bəllidir. Gəl, sən daşı tök ətəyindən, anana qulaq as, heç olmasa bu məsələdə sözümü yerə salma, mənə rəhmin gəlsin. Sənə elə öz qohumlarımızdan qız alacağam. Çünki kənar bizə qız vermir. – Zivər oğluna israr etdi.
– Yaxşı, ana, elədirsə özün bilərsən, – deyə Sərxan sanki əlini anasının yaxasından qurtarmaq kimi candərdi razılığını bildirdi.
Amma Sərxan anasına söz versə də, əhdə xilaf çıxdı. Əslində, onu qardaşlarının yolu ilə getməyə məcbur etmişdilər. Belə ki yerli narkobaron Sərxana xəbərdarlıq mənasında bildirmişdi ki, qardaşlarının ona külli miqdarda borcu var. Ona görə də həmin borcu Sərxan ödəməlidir…
Zivər ana arxayınçılıqla oğluna qız axtarışına çıxmışdı. Yaxın qohumlarından birinin qızını bəyənərək Sərxana “hə”sini aldı. Amma zavallı ana Sərxanın qardaşları kimi çirkin işlərə bulaşdığından xəbərsiz idi…
Polis əməliyyatçıları Sərxanın da qardaşları kimi bataqlıqda çapaladığından xəbərdar olduqları üçün xeyli vaxt idi ki, onun üzərində işləyirdilər – onu tilova salmaqdan ötrü məqam axtarırdılar. Ana isə “xeyir işi uzatmazlar”, deyə oğluna təcili toy edib, evə gəlin gətirməyi planlaşdırdmışdı. Nəhayət, toy günü yetişdi. Zivər xalanın gözlərində sevinc və kədər yaşları bir-birinə qarışmışdı. Bunun hansı sevinc, hansı kədər yaşları olduğunu kimsə sezəmməzdi. Amma onu demək olardı ki, ananın sevinc yaşları nəhayət ki Sərxanın xoş gününü görmək, kədər yaşları isə qardaşlarının bu gün onların yanında olmamaları idi…
… Polis əməliyyatçıları Sərxanı toy gecəsi götürməyə qərar vermişdilər. Bu, ən münasib məqam idi. Əməliyyat başlanır. Həmin vaxt işıqlar iki dəqiqəliyə söndürüləcəkdi və bundan istifadə edərək, bəyi götürəcəkdilər. Amma bu ilk plan baş tutmadı. Çünki Sərxanın yaxınları onu üzük qaşı kimi əhatəyə alaraq şıdırğı rəqs etmələri bu planın həyata keçməsinə mane oldu. Növbəti dəfə polislər bəyi ertəsi gün səhər tezdən evindən götürməyə qərar verdilər. Qəfildən evə basqın edən polislər təzə gəlini bərk qorxutmuş və o, dərhal bayılmışdı. Səbinə özünə gələndə, polislər Sərxanı çoxdan aparmışdılar. Zivər isə buna alışan birisi kimi təzə gəlinini sakitləşdirməyə çalışdı:
– Qorxma, qızım, həyəcanlanma. Bunlar ötüb keçəridir, polis idarəsində sorğu-sualdan sonra Sərxanı evə buraxacaqlar. Çünki oğlum məni əmin edib ki, qardaşlarının yoluyla getməyəcək. O, mənə yalan söyləməz. Oğlumu yaxşı tanıyıram.
Amma axşam oldu, Sərxandan xəbər çıxmadı. Ana dözə bilməyib polis idarəsinə getdi. Ona oğlunun qardaşları kimi, narkotik ticarəti ilə məşğul olduğunu söyləyəndə, arvadın matı-qutu qurudu – nitqi tutuldu, deməyə söz tapmadı. Bütün ümidləri alt-üst oldu.
İndi ananı Sərxandan daha çox təzə gəlini narahat edirdi. Yazıq qızcığazın halının bundan sonra necə olacağı barədə düşünən Zivər ana polisdən çıxıb tələsik evə qayıtdı. Səbinə özündə deyildi, o öz otağında əlləri ilə başını tutaraq sayıqlayırdı. Nə dediyi də anlaşılmırdı. Zivər gəlinini götürüb təcili rayon xəstəxanasına apardı. Həkimlər onu hərtərəfli müayinədən keçirdikdən sonra bir şey anlamayaraq anaya məsləhət gördülər ki, ən yaxşısı xəstəni Bakıya aparmaqdır.
Səbinə nə bir qurtum su içir, nə də bir loxma çörək kəsirdi. Təzə gəlinin bütün qohum-əqrəbaları təlaş və həyəcan içində yığışıb Səbinəyə baş çəkməyə gəlmişdilər. Amma o, kimsə ilə dinib-danışmır, özünə qapanaraq, yalnız gözlərini bir nöqtəyə zilləyib dururdu…
Ertəsi gün Zivər gəlini və onun qohumları ilə birlikdə Bakıya yola düşdü. Bakıda da həkimlər Səbinənin dərdinə əlac tapa bilmədilər. Yazıq gəlin günü-gündən geriləyir, şam kimi əriyirdi… Düz bir ayın tamamında yalnız bir gecənin gəlini olmuş Səbinə elə xəstəxanadaca həyatla vidalaşdı. Onun yaxınları, qohumları bu gəncin ömrünün belə erkən sona yetməsinə yanıb-yaxılırdılar…
Beləcə, bəşəri bəla olan ağ ölüm – narkotik ucbatından bir gənc həbsxanaya, digər gənc isə məzara yollandı…